Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları

Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır.

 

Heydər ƏLIYEV

Ümummilli lider

 

 

Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında böyük dövlət xadimi Heydər Əliyevin rolu və xidmətləri ölçüyəgəlməzdir. Ümummilli lider bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisa­di və mənəvi dayaqlar sistemini yaratmışdır. Bu böyük şəxsiyyət bütöv bir tarixi mərhələnin ya­radıcısı və nadir ictimai-siyasi fenomen idi.

 

Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yadda­şına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunmuşdur.

Təəssüflə qeyd etmək lazımdır ki, zəngin təbii sərvətlərinə, elmi-texniki potensialına baxmayaraq, ittifaq hökumətinin ögey münasibəti üzündən Azərbaycan ötən əsrin 60-cı illərində sosial-iqtisadi inkişaf parametrlərinə görə müttəfiq respub­likalar arasında sonuncu yerlərdən birini tuturdu. Ölkənin sosial-iqtisadi tənəzzülü xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi. Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün komp­leks proqramların həyata keçirilməsi günün əsas tələbinə çevrilmişdi.

1969 – 1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlmiş, böyük nailiyyətlər qazanılmışdır. O illərdə elmi-texniki tərəqqi sahəsində ciddi irəliləyiş baş vermiş, yeni və müasir isteh­sal sahələri yaradılmış, əhalinin sosial-rifahının yaxşılaşdırılması istiqamətində önəmli tədbirlər həyata keçirilmişdir.

Ulu öndərin fədakar əməyi və xüsusi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan iqtisadi inki­şaf dinamikasına görə digər müttəfiq respublikaları ötərək ön sıraya keçmişdir. Heydər Əliyev Kremldəki yüksək nüfuzundan istifadə edərək respublikanın xalq təsərrüfatının inkişafını təmin etmək üçün Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin beş birgə qərarının qəbul edilməsinə nail olmuşdu:

–“Azərbaycan SSR-in xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” 23 iyul 1970-ci il tarixli qərar;

–“Azərbaycan SSR-in xalq təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında” 25 iyul 1970-ci il tarixli qərar;

–“Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqın­da” 9 iyul 1975-ci il tarixli qərar;

–“1976 – 1980-ci illərdə respub­lika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP Mərkəzi Komitəsinin təkliflərinin nəzərdən keçirilməsinin nəticələri barədə” 27 iyul 1976-cı il tarixli qərar;

–“Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisas­laşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” 22 fevral 1979-cu il tarixli qərar.

Təqdirəlayiq haldır ki, bu qərarların yerinə yetirilməsini təmin etmək məqsədilə ittifaq büdcəsindən Azərbaycana böyük həcmdə maliyyə vəsaiti ayrılmışdı. Nəticədə, respub­lika iqtisadiyyatında o vaxta qədər yığılıb qalmış problemlər həll olundu, nöqsanlar aradan qaldırıldı, intensiv və dinamik inkişaf prosesi gücləndi, 635 min yeni iş yeri yaradıldı.

Tərəqqi yolunda maneəyə çevrilmiş neqativ hallara qarşı sistemli mübarizə, əsaslı struktur və keyfiyyət dəyişiklikləri tezliklə öz bəhrəsini verdi. 1969 –1982-ci illərdə respublikada yüzlərlə zavod, fabrik, yeni istehsal sahələri yaradıldı, 213 iri sənaye müəssisəsi istifadəyə verildi. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Respub­likada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,7 dəfə, xalq istehlakı mallarının isteh­salı 3 dəfə artmışdı.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan ittifaqın elektrotexnika sənayesinin aparıcı mərkəzlərindən birinə çevrilmişdi. Bakı Məişət Kondisionerləri Zavodu, “Azon”, “Ulduz” cihazqayırma zavodları, Sumqayıt kompressor zavodu kimi iri müəssisələrin işə salınması və digər tədbirlərin reallaşdırılması sayəsində respublikanın əsas sənaye fondları 70 faiz yeniləşdirildi. Ötən əsrin ikinci yarısında Xəzər dənizinin dərinliklərində zəngin neft yataq­larının aşkarlanmasından sonra onların işlənməsi üçün dərin özüllü platformalar və nəhəng qurğular hazırlayacaq zavodun tikintisinə ehtiyac yaranmışdı. Bakı şəriksiz olaraq SSRİ-də neft sənayesinin mərkəzi olsa da, yeni zavodun tikintisinə iki şəhərin – Bakı və Həştərxanın namizədliyi irəli sürül­müşdü. Azərbaycana qarşı qısqanc münasibət fonunda Bakı ikinci plana keçmişdi. Lakin böyük dövlət xadimi Heydər Əliyev mərkəzi hökumətin müqavimətini qıraraq bu zavodun Bakıda inşa edilməsinə nail oldu.

Dünyada analoqu olmayan Dərin Dəniz Özülləri Zavodunun tikintisi üçün 450 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdı. O dövr üçün bu astronomik vəsait Heydər Əliyevin prinsipial mübarizədə qələbəsinin parlaq ifadəsidir. 1978-ci ildə təməli qoyulan bu zavod ulu öndərin ciddi nəzarəti altında Fran­sanın ETMP şirkəti tərəfindən inşa edilərək 1984-cü ildə işə salındı. Zavodun əsas texnoloji avadanlıq və yükqaldırma mexanizmləri ilə təchiz olunmasını Qərbi Almaniyanın “Demaq” firması həyata keçirmişdi. 1985-ci ildə dərin özüllü platfor­ma üçün birinci dayaq bloku suya buraxılaraq quraşdırma nöqtəsinə göndərilmişdi. “Əsrin müqaviləsi” imzalanana qədər Dərin Özüllər Zavodunda 100-153 metr dərinlik üçün nəzərdə tutulmuş onlarla stasionar dəniz platforması quraşdı­rılaraq suya buraxılmışdır. 1994-cü ildən sonra ulu öndərin rəhbərliyi altında neft sənayesi müəssisələri, o cümlədən Dərin Özüllər Zavodu mü­asir beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirildi.

Tarix öz yaddaşında hakimiyyət əldə etmək, fərdi ambisiyalarına yetmək üçün çalışanları deyil, xalqın azadlığı, dövlətin müstəqilliyi, ölkənin tərəqqisi uğrunda mübarizə aparan siyasi xadimləri saxlayır. Ulu öndər Heydər Əliyev də öz xalqı­nın, Vətəninin müqəddəratının həll olunduğu çox çətin mübarizələrdən, ağır sınaqlardan şərəflə çıxmış, öz adını Corc Vaşinqton, Mustafa Kamal Atatürk, general Şar de Qoll, Konrad Adenauer kimi dünya tarixinə qızıl hərflərlə həkk etmişdir. Geniş dünyagörüşü, unikal təfəkkür, dəmir məntiq, böyük əməksevərlik, obyek­tivlik, xalqına sonsuz məhəbbət onun fenomenal şəxsiyyətini xarakterizə edən əsas keyfiyyətlər idi. Yaşa­dığı dövrdə baş verən hadisələrin, proseslərin zaman keçdikcə nə ilə nəticələnəcəyini yaxşı dərk edən Heydər Əliyev gələcək müstəqil dövlətin iqtisadi, sosial bazasının, kadr potensialının yaradılmasına da uzaqgörənliklə qayğı göstərir, əlverişli zəmin formalaşdırırdı. Xalqı­mızın böyük oğlu istisnasız olaraq öz həyatını Azərbaycana həsr etmişdi. Böyük bir inamla deyə bilərik ki, Azərbaycanın müstəqil dövlət quru­culuğuna hesablanmış şərəfli yol ulu öndərin ölkəmizə birinci rəhbərliyi dövründən başlamışdır.

Bu həqiqəti biz 1991-ci ildən sonra daha aydın dərk etməyə başladıq. SSRİ dağılandan sonra Azərbaycana həmin dövrdən böyük bir infrastruktur miras qalmışdı. Baş­qa sözlə, Azərbaycan keçmiş ittifaq­da özünü müstəqil olaraq dolandıra biləcək üç respublikadan biri idi.

Azərbaycan öz müstəqilliyini 1991-ci il oktyabrın 18-də elan etsə də, o vaxtlar ölkədə hakimiyyətdə olan Mütəllibov güruhunun, daha sonra AXC-Müsavat cütlüyünün fərasətsiz idarəçiliyi üzündən yaranmış dərin siyasi, iqtisa­di və hərbi böhran nəticəsində Azərbaycan dövlətçiliyi itirilmək təhlükəsi ilə üzləşmişdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbləri ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev mürəkkəb və ziddiyyətlərlə dolu olan tarixi prosesləri düzgün qiymətləndirərək, geosiyasi dəyişikliklərin gedişi­ni xalqın maraqları çərçivəsinə yönəltdi, praqmatik və rasional tədbirlər həyata keçirdi. Qısa müddətdə ölkədə sabitlik bərpa olundu, cəbhədə Ermənistanın hərbi təcavüzünün qarşısı alındı, atəşkəs əldə edildi, irimiqyaslı islahatlara başlanıldı, milli və etnik zəmində qarşıdurma aradan qaldırıldı.

1993-cü ilin oktyabrında Azərbaycanda ilk demokratik, azad və ədalətli prezident seçkiləri keçi­rildi. Bu seçkinin keçirilməsi üçün tam demokratik şərait yaradılması, seçicilərin böyük mütəşəkkillik və fəallıqla səsvermə prosesində iştirak etməsi ölkədə sabitliyin davamlı xarakter almasına müsbət təsir göstərdi.

1994-cü il mayın 12-də Ermənistanla atəşkəs haqqında razılaşma imzalanması düşmənin və onun xarici havadarlarının planlarını alt-üst etdi. Böyük dövlət xadimi Heydər Əliyev atəşkəsə nail olmaqla müharibənin Azərbaycana gətirəcəyi faciələrin, məhrumiyyətlərin, təxribatların, ağır itkilərin, sosial-psixoloji gərginliyin qarşısını aldı və ölkənin gələcək inkişafı üçün zaman qazandı.

İctimai-siyasi müstəvidə sabitləşmə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə demok­ratik, hüquqi dövlət quruculuğunun genişləndirilməsi üçün real zəmin yaratdı. Ulu öndər ölkənin milli inki­şaf strategiyasını müəyyənləşdirərək demokratik, hüquqi dövlət qurucu­luğu istiqamətində mühüm və zəruri addımlar atmağa başladı.

Ümummilli Heydər Əliyev Azərbaycanda hüquqi dövlət qurucu­luğunun etibarlı qanunvericilik baza­sının yaradılmasına xüsusi önəm ve­rirdi. Lakin totalitar sovet rejimindən miras qalan hüquq sistemi insan hüquq və azadlıqlarının müdafiəsinə, qanunun aliliyinin təmin olunma­sına, demokratik, azad vətəndaş cəmiyyətinin qurulmasına imkan vermirdi. Bu səbəbdən də mütərəqqi və demokratik dəyərlərə əsaslanan yeni qanunvericilik bazasının yara­dılması, müasir dünya standartlarına cavab verən hüquq və məhkəmə sis­teminin qurulması zəruri idi. Ölkənin siyasi həyatında hər bir fərdin iştira­kını təmin etmək üçün demokratiya, humanizm, insan hüquqları, siyasi və iqtisadi azadlıqlar kimi fundamen­tal bəşəri dəyərlərə geniş meydan verilməsi mühüm vəzifəyə çevril­mişdi. Demokratik cəmiyyətlərdə olduğu kimi hakimiyyətin obyektləri və subyektləri xalqın simasında cəmləşməli idi.

Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, 1995-ci il noyabrın 12-də referendum yolu ilə demok­ratik dəyərləri özündə ehtiva edən Azərbaycan Konstitusiyası qəbul olundu. Heydər Əliyevin sədrliyi ilə Dövlət Konstitusiya Komissiyası tərəfindən hazırlanmış Əsas Qanun Azərbaycanda hüquqi dövlət və azad vətəndaş cəmiyyəti qurucu­luğu, hakimiyyətin demokratik me­yarlar əsasında bölgüsü, qanunun aliliyinin, insan hüquqlarının qorun­ması, söz, fikir, mətbuat azadlığının, siyasi plüralizm və çoxpartiyalılığın, demokratik seçki və bazar iqtisadiy­yatı prinsiplərinin bərqərar olması üçün real şərait yaratdı. Ulu öndər Konstitusiyanın qəbulunun dövlət quruculuğu baxımından əhəmiyyətini çox yüksək dəyərləndirərək demiş­dir: “Əminəm ki, Azərbaycanın ilk demokratik Konstitusiyası xalqı­mızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokra­tiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövləti miras qoyacağıq”.

Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsil olunma­sına, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu faydalı əməkdaşlıq əlaqələri, tərəfdaşlıq münasibətləri qurulmasına xüsusi önəm verən Heydər Əliyev enerji amilini xarici siyasətin mühüm təsir mexanizminə çevirməklə ölkəmizin təhlükəsizliyini dünyanın təhlükəsizlik sistemi ilə qırılmaz tellərlə əlaqələndirirdi. Çünki ölkənin müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyü­nü təmin etmək, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə inteqrasi­yasına nail olmaq üçün, hər şeydən əvvəl, Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində yerini müəyyənləşdirmək və bütün mövcud imkanlardan istifadə etməklə mövqe­yimizi möhkəmləndirmək lazım idi.

Bizim neft strategiyamızda zəngin neft və qaz ehtiyatlarının genişmiqyaslı istismarına xarici in­vestisiyaların cəlb edilməsi, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay böl­güsü haqqında xarici neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imza­lanmış bu müqavilədən sonra həyata keçirilməyə başlayan neft strategi­yası sayəsində dünya dövlətlərinin Azərbaycana marağı daha da artdı, ölkəmizin beynəlxalq mövqeləri möhkəmləndi, iqtisadi əlaqələrimiz genişləndi. Neft strategiyasının real­laşdırıldığı ilk illərdə Bakı – Novoros­siysk, Bakı – Supsa boru kəmərləri yenidən quruldu, daha sonra yeni neft və qaz ixrac kəmərləri inşa olundu. Bakı – Tbilisi – Ceyhan neft və Bakı – Tbilisi – Ərzurum qaz ixrac boru kəmərlərinin istifadəyə verilməsi sayəsində neftin və qazın ixracının artması Azərbaycanın yeni neft strategiyasının böyük uğuru və qələbəsi kimi dəyərləndirilməlidir.

Azərbaycana daxil olan bö­yük neft gəlirlərinin toplanması və şəffaflıq şəraitində səmərəli istifadəsinin təmin edilməsi məqsədilə ulu öndər Heydər Əliyevin fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Bununla da neft sərvətlərinin nəsillər ara­sında ədalətli bölgüsünə, ölkədə mühüm investisiya, o cümlədən infrastruktur və regional layihələrin maliyyələşdirilməsinə əlverişli şərait və aşkarlıq mühiti yarandı.

İlkin hesablamalara görə, “Azəri – Çıraq – Günəşli” yataqlar blokun­dan çıxarılan neft ehtiyatları 511 mil­yon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə, bu rəqəm 1 milyard 72 mil­yon tona yüksəlmişdir. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Bu müqavilə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanmasına yol açdı.

“Əsrin müqaviləsi” karbohid­rogen ehtiyatlarının miqdarına və qoyulan sərmayələrin həcminə görə dünya miqyasında ən iri sazişlər siyahısına daxildir. Bu müqavilənin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ümummilli lider Heydər Əliyev demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq bir ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suve­ren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil oldu­ğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradı­rıq... Biz bu müqaviləni imzalamaq­la xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.

Sonrakı hadisələr Heydər Əliyevin nə qədər uzaqgörən şəxsiyyət və müdrik dövlət xadimi ol­duğunu bir daha təsdiqlədi. İmzalan­mış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafına 64 milyard ABŞ dolları həcmində sərmayə qoyuldu. Bu sərmayənin 57,6 milyard dolları dəniz yataqları­nın mənimsənilməsinə və perspek­tivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına sərf olundu. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlandı. 1999-cu ildə isə Azərbaycanın mənfəət nefti ilə dol­durulmuş ilk tanker dünya bazarları­na yola salındı.

Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, beynəlxalq neft-qaz ba­zarlarının qloballaşması ilə inkişaf və uğur transmilli keyfiyyət kəsb edir. Bu konseptual müstəvidə Azərbaycan dünya bazarında artıq təkcə neftin və qazın ixracatçısı kimi deyil, həm də neft və neft-kimya sənayesi məhsullarının istehsalçısı kimi layiqli yer tutur. Bu məhsulların istehsalına ötən əsrin 70 – 80-ci illərində ulu öndərin rəhbərliyi və təşkilatçılığı ilə yaradılmış mövcud emal və neft-kimya müəssisələri imkan yaratmışdır.

“Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi-siyasi mənzərəsini, reallıqlarını incəliklərinə qədər bilən, bu prosesdə fəal iştirak edən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan cənab İlham Əliyev bu müqavilənin ölkəmizin həyatında rolunu və önəmini yüksək dəyərləndirmişdir: “Əsrin müqaviləsi”nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat, demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz, demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq bö­yük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. “Əsrin müqaviləsi”nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.

2017-ci il sentyabrın 14-də Bakı­da “Azəri”, “Çıraq”, “Günəşli” yataq­larının dərinlikdə yerləşən hissəsinin işlənməsi və hasilatın pay bölgüsü haqqında yenidən tərtib olunmuş Saziş imzalandı və yataqların işlənməsi müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni sazişdə Azərbaycana çatacaq mənfəət neftinin həcmi 75 faiz nəzərdə tutulur.

Ümummilli lider Heydər Əliyev böyük dövlətlərin, müxtəlif qrup­laşmaların təsir və təzyiqlərinə baxmadan müstəqil və ardıcıl siyasət yeritməkdə Azərbaycanın geosiyasi müstəvidə strateji ma­raqlarının təmin olunmasına çalışır, eyni zamanda, tarixi şəraitə uyğun olaraq xarici siyasət kursunu dəyişən geosiyasi mühitdə gələcək strateji müttəfiqləri müəyyənləşdirirdi. Xarici siyasətin ardıcıl və sistemli aparıl­ması Azərbaycan diplomatiyasının uğurlarını getdikcə artırır, çoxtərəfli və ikitərəfli formatda əməkdaşlıq imkanlarını genişləndirirdi.

Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, müasir dünyada demokratikləşmə xəttini müdafiə etməyən, yaxud insan və vətəndaş hüquq və azadlıqlarına dəyər verməyən dövlətin ciddi nüfuz qazanmasından, geniş coğrafi məkanda cərəyan edən hadisələrə, proseslərə təsiretmə imkanlarından bəhs etmək mümkün deyildir. Bu səbəbdən də Azərbaycan dünyanın fövqəlgüc mərkəzlərinin regionda­kı maraqlarını optimal çərçivədə uzlaşdırmaqla ayrı-ayrı dövlətlərlə bərabərhüquqlu tərəfdaşa çevrilmək yolunu tutur, beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələri qurur, milli mənafelərimizi yüksək səviyyədə müdafiə edirdi.

Ümummilli lider bu reallıqdan çıxış edərək BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İKT, MDB, GUAM, QİƏT, İƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə böyük diqqət yetirir, əzmkarlıq nüma­yiş etdirirdi.

Dünyanın aparıcı dövlətlərinin təcrübəsi göstərir ki, müasir dövrdə beynəlxalq birliyə inteqrasiya etmədən, dünya ölkələri arasında layiqli yer tutmadan milli maraq­ların təmin olunması qeyri-müm­kündür. Buna görə də ulu öndər Azərbaycanın etibarlı tərəfdaş imici qazanmasına böyük səy göstərir, strateji tərəfdaşlarımızın sayının art­masına çalışır, qlobal güc mərkəzləri ilə əlaqələrin genişləndirilməsini mühüm vəzifə kimi ön plana çəkirdi. Ölkəmizin geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşməsi dünya nizamını müəyyənləşdirən böyük dövlətlərin Azərbaycandakı maraqlarının məharətlə tarazlaşdırıl­masını tələb edirdi. Sürətlə dəyişən qlobal proseslər nəzərə alınmadan hadisələrin dərin qatlarına nüfuz etmək, düşüncəni nəticələrdən səbəblərin dərk olunmasına istiqamətləndirmək müşkül işə çevrilərdi. Müstəqillik qazanmış gənc ölkədə tarixin sınağına çəkiləcək dövlətçiliyin möhkəmləndirilməsi, onun müasir dünyada tüğyan edən siyasi təlatümlərdən qorunması, radikal transformasiyalar fonunda respublikanın sosial-iqtisadi qüdrət sahibi olmasını təmin etmək vəzifəsi Heydər Əliyevin liderlik missiyasının əzəmətini daha da artırırdı.

Tarixi dönüş məqamında xalqın çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər müxtəlif istiqamətlərdən daxili və xarici təzyiqlərlə, işğal və müharibə faktorları ilə üzləşsə də, ruhdan düşmür, insani qüvvə xaricində olan bir fədakarlıqla mübarizə aparırdı.

Heydər Əliyevi realist, praqmatik lider kimi səciyyələndirən mənəvi-siyasi, elmi-intellektual keyfiyyətlərin zənginliyi ona ağılın və intellektin gücü ilə taleyüklü məqamlarda istisnasız olaraq düzgün qərar qəbul etmək qabiliyyəti vermişdi. Ulu öndərin möhtəşəm tarixi qayıdışını zəruri edən nəzəri-ideoloji əsaslar da məhz güclü şəxsiyyət, həqiqi lider imicinə dayaqlanırdı.

Cənubi Qafqaz regionunda sabitləşdirici rol oynayan, demok­ratik dəyərlərin həyatın bütün sahələrində bərqərar olmasına xüsusi önəm verən Azərbaycan dövləti Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi layihələrin təşəbbüsçüsü və təşkilatçısı kimi artıq böyük uğurlar qazanıb. Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən qlobal məsələlərin həllinə təsir gücünə malik olan böyük dövlətlərin diqqətini cəlb etmək, onlarla stra­teji tərəfdaşlıq əlaqələri yaratmaq xarici siyasətimizin ciddi uğuru kimi dəyərləndirilməlidir. ABŞ və Avropa dövlətlərinin Cənubi Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya ilə bağlı çox mühüm layihələrində Azərbaycan əlaqələndirici, etibarlı tərəfdaş imici qazanıb.

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratik institutların inkişafı­na dəstək, iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi kimi proseslərdə çərçivə bazası rolunu oynadı.

Şərq Tərəfdaşlığı və Avro­pa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəhbərlərinin, Avropa Parlamentinin, Aİ-nin digər struktur­larının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçirilən Riqa Zirvə görüşündən sonra Avropa İttifa­qı – Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Azərbaycan dövlətinin israrlı mövqeyi nəticəsində Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək yeni ikitərəfli sazişin hazırlanmasına razılıq verildi və bununla da Avro­pa İttifaqı ilə Azərbaycan arasında bərabərhüquqlu əməkdaşlığın möhkəm təməli qoyuldu.

Azərbaycan xalqı xoşbəxtdir ki, böyük öndərin əsasını qoyduğu müstəqil dövlətə bu gün onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərlik edir, onun ideyalarını qətiyyətlə, ya­radıcılıqla həyata keçirir. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk deyirdi ki, tarix yaz­maq, tarix yaratmaq kimi çətin və məsuliyyətli vəzifədir. Xoşbəxtik ki, Uca Tanrı bizə ideya və əməlləri ilə təkcə dünənin, bugünün deyil, həm də sabahın tarixini yazan, yaradan iki böyük siyasi lider bəxş edib. On­ların ən böyük güc mənbəyi mənsub olduqları xalqın dəstəyi, ən güclü silahları zəka və intellektdir.

Heydər Əliyev və İlham Əliyev yeni tipli dövlət xadimi obrazının parlaq rəmzləri kimi xalqın passionar enerjisini, ölkənin bütün potensialını rasional idarəetmə yolu ilə vahid məcraya yönəldərək milli dövlətçilik maraqlarımızı, arzularımızı gerçəkləşdirdilər, həm tarix yazdılar, həm də tarix yaratdılar. Çağdaş ta­riximizin böyük bir mərhələsi zaman və məkan hüdudlarına sığmayan bu nəhəng siyasi liderlərin, feno­men şəxsiyyətlərin – Ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır.

Dünyanın siyasi elitasının cəmləşdiyi nüfuzlu forumlarda, siyasi diskussiyalarda onların məntiqinə, siyasi düşüncəsinə, yüksək intellektinə, qeyri-adi yaddaşına, müdrikliyinə həmişə heyran qal­mışlar. Bütün bunlar tarixə çevrilən həqiqətlərdir.

Prezident İlham Əliyevin fəaliyyətinin təhlili göstərir ki, o, ulu öndərin ideyalarını XXI əsrin çağırış­larına, baş verən qlobal proseslərin, zamanın ruhuna uyğun olaraq yaradıcılıqla inkişaf etdirən böyük dövlət xadimidir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, torpaqlarımızın işğal­dan azad olunması istiqamətində göstərdiyi rəşadət və əzmkarlıq ona böyük xalq məhəbbəti qazandırmış­dır.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlayan Vətən müharibəsi noyab­rın 10-da Qələbə ilə başa çatdı. Qəhrəman Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun məğlubedilməzliyi haqqında mifləri darmadağın etdi, döyüş cəbhəsində böyük zəfərə imza atdı. Düşmənin ağ bayraq qaldırmaqdan, kapitulya­siya aktına imza atmaqdan başqa yolu qalmadı. Ermənistanın müdafiə naziri David Tonoyanın Qələbəmizin möhtəşəmliyinə dəlalət edən etirafı­na diqqət yetirək: “Biz çox böyük bir qüvvəyə – super silahlı Azərbaycan Ordusuna qarşı vuruşmuşuq. Məndən “siz niyə silahlanmadı­nız?” – deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması haqqında Bəyanat imzaladılar. Bəyanat imzalandıq­dan sonra Prezident İlham Əliyev xalqımıza müraciət etdi: “Biz qalib gəldik. Azərbaycanın ərazi bütöv­lüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır”.

BMT-nin, nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinin kağız üzərində qalmasına, havadarlarının işğalçı Ermənistanı daim silahlan­dırmasına, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə və imitasiyalarına baxmayaraq geosiyasi mübarizə prosesində zaman Azərbaycanın xeyrinə işləyirdi. Diplomatik-siyasi mübarizə müstəvisində reallı­ğı təhlil edən ulu öndər Heydər Əliyev deyirdi ki, diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm göstərməklə istədiklərinə nail olurlar. Müdrik kəlamdır. Zaman yetişdi və Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin polad iradəsi, sarsılmaz qətiyyəti, müzəffər Ordumuzun qüdrəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın monolit birliyi sayəsində Azərbaycan misilsiz bir Zəfər qazandı.

 

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru

Əməkdar jurnalist,

YAP Təftiş Komissiyasının üzvü

9 May 2021 00:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə