Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu”

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkil etdiyi “Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda tədbir və BDU-nun dosenti Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilmişdir.

 

Milli Kitabxanada keçirilən tədbirdə çıxış edən professor Kərim Tahirov, bildirmişdir ki, mayın 10-u dünyanın görkəmli və dahi şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin doğum günüdür. Ümummilli lider Heydər Əliyev kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə mühüm diqqətverirdi. Bunun nəticəsidir ki, ümummilli liderimiz milli mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitabxana işinin inkişafı sahəsində xeyli işlər görmüşdür. Kitab və kitabxana işinə yüksək qiymət verən, onu Azərbaycan mədəniyyətinin aparıcı sahəsi kimi dəyərləndirən ulu öndər kitabxana işinin inkişafına xüsusi yanaşırdı. Bu dahi şəxsiyyətin ölkəyə rəhbərliyi illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublikada kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

O, qeyd etmişdir ki, 1995-1997-ci illərdə ulu öndər Milli Kitabxanada dörd dəfə olmuş və ilk gəlişində bu kitab­xanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etmişdir. Kitabxanada yaradılmış “Heydər Əliyev guşəsi”ndə ulu öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Ki­tabxanada olarkən çəkilən foto- şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani- Kərim”, habelə kitabxanadakı çıxışlarının lent yazıları nümayiş olunur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bildirmişdir ki, bir neçə gün sonra Azərbaycan xalqı öz ümummilli liderinin doğum günü­nü qeyd edəcəkdir. Heydər Əliyev 80 illik həyatında çox mənalı bir ömür yaşayıb. Onun istər Sovet hakimiyyəti illərində, eləcə də müstəqillik dövründə Azərbaycan dövləti qarşısında mi­silsiz xidmətləri olmuşdur. Bu gün Azərbaycanın müstəqil və qüdrətli bir ölkəyə çevrilməsinin bünövrəsini də məhz Heydər Əliyev qoymuşdur. Heydər Əliyev daim Vətənini, onun gələcəyini düşünürdü. Bir neçə ay öncə hörmətli Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza qazandırdığı möhtəşəm tarixi qələbə də ulu öndərin ideyalarının təntənəsi, onun arzularının həyata keçməsi deməkdir.

Sonra YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıye­vin, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcidin ümummilli lider Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu haq­qında çıxışları dinlənilmişdir.

Tədbirdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” monoqrafiyasının təqdimatı da keçi­rilmişdir. Kitabın müəllifi, dosent Rasim Süleymanov çıxış edərək demişdir ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucu­su Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Bu kitabda ulu öndərin həyatımızın bütün sahələrini əhatə edən zəngin elmi-nəzəri irsinin araşdırılmasına, öyrənilməsinə geniş yer ayrılmış və bu məsələlər ardıcıllıqla təhlil olunmuşdur. Respublikamızda və dünyada görkəmli ictimai-siyasi, dövlət və elm xadimlərinin Heydər Əliyevə və onun zəngin irsinə həsr etdikləri fundamental nəşrlərin və elmi əsərlərin gələcək nəsillərə çatdırılması məsələləri də burada ümumiləşdirilmişdir.

Məlumat üçün bildirək ki, ulu öndərin doğum günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “10 may – ümummilli lider Heydər Əliyevin doğum günü” adlı virtual sərgi də hazırlanmışdır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

9 May 2021 00:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə