Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avropanın ən böyük futbol turnirinin bir neçə görüşünə evsahibliyi edəcək

 

 Oyunlardan qabaq AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

 

 

 İnkişaf çoxşaxəli məfhumdur. Bir ölkənin inkişafından danışarkən, hansısa istiqamətin tərəqqisindən bəhs edib, digər sahələri unutmaq olmaz. Əlbəttə, ölkənin inkişaf planı hazırlanarkən, bu məsələ dövlət səviyyəsində də ən önəmli nüanslardan biri olmalıdır. Bu fikrə əsaslanaraq əminliklə söyləmək olar ki, Azərbaycan bu gün bütün istiqamətlərdə sürətlə inkişaf edən ölkədir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sferasın­da da davamlı inkişaf gedir. Bu inkişafın əsas göstəricilərindən biri kimi ölkəmizdə, xüsusən, paytaxt Bakıda keçirilən nüfuzlu beynəlxalq idman yarışlarını da qeyd etmək olar.

 

İdman hələ qədim dövrlərdən birləşdirici qüvvə kimi, dövlətlər və xalqlar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün ən mühüm amillərdən biri olmuşdur. İdman həm də sülh deməkdir və ölkəmizdə beynəlxalq id­man yarışlarının keçirilməsi də Azərbaycanın bu mənada dünyada qazandığı addan xəbər verir. Ölkəmiz regionda, eləcə də dünyada sülh və əmin-amanlıq ölkəsi kimi tanınır. İkinci bir yanaşma isə belədir ki, idman ya­rışlarının Azərbaycanda keçirilməsi həm də respublikamızın dünyada tanınması baxımın­dan mühüm önəmə sahibdir. Belə ki, bu tərz nüfuzlu beynəlxalq yarışlar bütün dünyada kütləvi şəkildə izlənilir. Və əlbəttə, belə olan halda yarışın keçirildiyi ölkənin nüfuzu daha da artır.

Bununla yanaşı, məlum məsələdir ki, bu yarışların dünya səviyyəsində keçirilməsi üçün həm də beynəlxalq standartlara cavab verən idman qurğuları, eləcə də münasib şərait ya­radılmalıdır. Son dövrlərdə ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarına nəzər saldıqda məlum olur ki, Azərbaycanda idman sahəsinin inkişafı naminə yetərincə işlər görülüb. XXI əsrin əvvəlindən etibarən daha da geniş vüsət alan inkişaf çərçivəsində ölkəmizdə beynəlxalq əhəmiyyətli turnirlər, mühüm yarışlar keçirilir. 2003-cü ildə müstəqil Azərbaycanda həyata keçirilən yeniyetmə cüdoçular arasında Avropa çempionatı həm də ölkəmizin evsahibliyi etdiyi beynəlxalq yarışların ilki idi.

 

 

Qeyd etmək yerinə düşər ki, bu yarışda 30 ölkənin 300-ə yaxın idmançısı iştirak edirdi. Növbəti il, Bədii Gimnastika üzrə 22 ölkənin qatıldığı dünya kuboku da Azərbaycanda keçirildi. 2004-cü ildə ölkəmizdə keçirilən daha bir mötəbər yarış isə taekvando üzrə Olimpiya lisenziya turniri idi.

2005-ci ildə bədii gimnastika üzrə 27-ci dünya çempionatı, 2007-ci ildə sərbəst və yunan-Roma və qadın güləşi üzrə dünya çempionatı da Bakıda keçirilən nüfuzlu idman yarışlarındandır. 2007-ci ildə baş tutan güləş üzrə dünya çempionatı zamanı paytaxt Bakı 2500-dən çox idmançıya evsahibliyi etmişdir.

Müxtəlif illərdə Azərbaycanda bədii gim­nastika üzrə 25-ci Avropa çempionatı, qılıncoy­natma üzrə gənclər arasında dünya birinciliyi, bodibildinq üzrə 64-cü dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, cüdo üzrə “World Masters” beynəlxalq turniri, həmçinin cüdo üzrə dünya kuboku, boks üzrə XVI dünya çempionatı keçirilib.

2012-ci ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlərə yeni bir platforma daxil oldu. Belə ki, həmin il oktyabr ayının 26-28-də paytaxt Bakıda “GT3 və Klassik Formula 1” keçirililib. Həmçinin, ilk dəfə keçirilən “City Challenge” ya­rışlarının avtoparadı paytaxtımızda təşkil olunub. Dünyanın ən nüfuzlu, məşhur avtomobil yarışı olan “Formula 1” yarışlarının Bakı mərhələsi 120 ölkədə 300 milyondan çox insan tərəfindən izlənilib. Əlbəttə, bu rəqəmin böyüklüyünü düşünəndə Azərbaycanın nə qədər mötəbər bir yarışa evsahibliyi etdiyini başa düşmək olur.

2015-ci ildə keçirilən Avropa Oyunları isə ölkəmiz üçün xüsusi əhəmiyyətə malik beynəlxalq tədbir idi. Belə ki, Avropa Oyunla­rının ilk dəfə olaraq məhz Bakıda keçirilməsi Azərbaycanın idman sahəsi ilə yanaşı, iqtisadi və sosial cəhətdən də yüksək inkişaf etdiyini göstərirdi. Avropa Olimpiya Oyunlarında 50 ölkədən 10 mindən çox idmançı iştirak etmişdir. Otuz idman növündə keçirilməsi nəzərdə tutulan yarışlar beynəlxalq standartlarda yüksək səviyyədə baş tutdu. İki il sonra 2017-ci ildə Ba­kıda növbəti genişmiqyaslı mötəbər beynəlxalq turnir olan İslam Həmrəyliyi Oyunları keçirildi.

Və nəhayət futbol. Futbol idman növlərinin şahıdır. Dünyada ən çox izləyicisi olan idman növü də məhz futboldur. Bütün dünyada olduğu kimi, ölkəmizdə də kifayət qədər futbol həvəskarı var. Azərbaycanda futbol üzrə də beynəlxalq idman turnirləri keçirilir. Bu mənada, 2012-ci ildə ölkəmizdə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. Bu turnir Azərbaycanda keçirilən “FİFA” miqyaslı ilk futbol yarışı idi.

Daha sonra 2019-cu il mayın 29-da futbol üzrə UEFA Avropa Liqasının final görüşü ke­çirildi. UEFA Avropa Liqasının Bakı Olimpiya stadionunda keçirilən final qarşılaşmasında Lon­donun iki nəhəng klubu — “Çelsi” və “Arsenal” mübarizə aparmışdı.

2021-ci ildə isə Azərbaycanda ötən ildən təxirə salınan Avropa kubokunun final mərhələsinin 3 qarşılaşması keçiriləcək. Yarışlar iyunun 13, 17 və 21-də baş tutacaq. Uels-İsveçrə, Türkiyə-Uels, və İsveçrə-Türkiyə matç­ları Avropa Kubokunun A qrupu çərçivəsində keçiriləcək. Daha sonra, 1/4 final mərhələsinin də bir qarşılaşması Bakı Olimpiya stadionunda baş tutacaq.

AVRO 2020-nin kuboku evsahibi kimi artıq Azərbaycana gətirilib. Üç gün Bakıda nüma­yiş etdirilən kubok Prezident İlham Əliyevə təqdim olunub. Daha sonra ölkə turuna çıxarılan AVRO 2020-nin kuboku Azərbaycanın tarixi yerlərinə aparılıb. Burada müxtəlif abidələrin önündə fotolar çəkilib. Əlbəttə, daha sonra geniş futbol ictimaiyyətinə təqdim edilən materi­allar ölkəmizin beynəlxalq arenada daha çox tanınmasına səbəb olacaq. Bildirilmişdir ki, azərbaycanlı futbol azarkeşlərinin böyük mara­ğına səbəb olan tədbir mayın 9-da tamamlanır. Qeyd edək ki, AVRO 2020 bu il iyunun 11-də start götürəcək, turnirin final oyununun isə iyulun 11-də keçirilməsi planlaşdırılıb.

 

İmran ƏLİYEV, “Xalq qəzeti”

9 May 2021 00:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə