Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İkinci Dünya müharibəsi, eləcə də Vətən müharibəsi zamanı həlak olan azərbaycanlıların xatirəsi Fransada anılıb

Azərbaycanın Fransadakı səfirliyi tərəfindən 29 ildən sonra ilk dəfə olaraq mayın 8-də İkinci Dünya müharibəsi zamanı, eləcə də torpaqlarımızı azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda 44 günlük Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərimizin xatirəsi anılıb.

Bu gün dünya alman faşizmi üzərində qələbəsini qeyd edirsə, Azərbaycan iki faşizm üzərində Zəfərini qeyd edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun erməni faşizmi üzərində Qələbəsi, doğma Şuşamızın azad edilməsi sayəsində bu il 8 may tarixi dünyanın hər yerində fərqli ab-havada qeyd olunur.

Azərbaycan xalqının qəhrəman oğulları digər ölkələrin faşizmə qarşı mübarizəsində də fədakarlıq göstəriblər. Xüsusilə Fransa Müqavimət Hərəkatında və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında Azərbaycanın cəsarətli oğulları qəhrəmanlıqları ilə fərqləniblər.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Fransa Müqavimət Hərəkatında və Kabertat Partizan Hərəkatında döyüşmüş azərbaycanlı əsgərlərin, eləcə də 44 günlük Vətən müharibəsində həlak olan əsgərlərimizin xatirəsi hörmətlə anılıb. Kabertat Partizan Hərəkatı döyüşçülərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyulub, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fransanın Veysak şəhərində yerləşən Müqavimət Hərəkatı döyüşçülərinin xatirəsinə ucaldılmış abidə qarşısında keçirilən anım tədbirində səfirliyin siyasi məsələlər üzrə müşaviri Vaqif Ağayev çıxış edərək, Azərbaycan xalqının faşizm üzərində qələbəyə böyük töhfələr verməsindən söz açıb. Bildirib ki, 600 mindən çox azərbaycanlı İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə qəhrəmanlıqla vuruşub. Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına göstərdiyi qayğı və diqqət bu gün Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən davam etdirilir, veteranlara xüsusi diqqət göstərilir.

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbəyə Bakının böyük töhfələrindən danışan müşavir Fransa Müqavimət Hərəkatında qəhrəmanlığı ilə fərqlənmiş Əhmədiyyə Cəbrayılovdan da söz açıb. Bildirib ki, onun oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni faşistlərinə qarşı mübarizədə qəhrəmanlıqla həlak olub.

Qeyd edək ki, anım mərasimində Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev, səfirliyin konsulu Vüqar Əliyev, Veysak şəhərinin meri, onun müavinləri və meriyanın nümayəndələri, Kabertat Partizan Hərəkatı Dostları Assosiasiyasının üzvləri iştirak ediblər.

Sonra səfirliyin diplomatları Rodez şəhərində faşistlərə qarşı mübarizə aparan azərbaycanlı Mikayıl Hüseynovun xatirəsini anıblar. Rodez şəhər merinin müavini və səfirliyin siyasi məsələlər üzrə müşaviri Vaqif Ağayev Mikayıl Hüseynovun qəbri və Fransa uğrunda həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar.

8 May 2021 19:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə