Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası

Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir... Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Hər yazı keçmiş, bu gün və gələcək qarşısında böyük məsuliyyət deməkdir. Çünki onun sonunda qoyulmuş bir imzan var. Əgər bu yazı müasiri olduğun tarixi şəxsiyyətlər haqqında düşüncələrini əks etdirirsə, o zaman məsuliyyətin ikiqat artır. Yazdıqların əslində öz fərdi ömrünün, yaşadıqlarının, müşahidələrinin ayrı-ayrı anları olsa da, fərqindəsən ki, bu anlarda həm də çox zəngin tarix var. Bu anlara tarixi dəyər gətirənsə nurlu obrazı həmin dövrün əhatəsindən boylanan böyük şəxsiyyətlərdir. Ona görə də gərək düşüncələrini elə qələmə alasan ki, yazdıqların o dəyərin ucalığına layiq olsun.

Tale mənə Azərbaycan xalqının həyatında, milli dövlətçilik ənənələrinin inkişaf etdirilərək möhkəmlənməsində əzəmətli yeri olan ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin rəhbərliyi altında çalışmaq, mütəmadi ünsiyyətdə olmaq, qarşıya qoyduğu vəzifə və tapşırıq­ları yerinə yetirmək xoşbəxtliyi nəsib edib. Ona görə yaddaşım hər biri Heydər Əliyev irsinin bugünkü və gələcək tədqiqatçıları üçün mühüm əhəmiyyət kəsb edən maraqlı xatirələrlə zəngindir. Bu xatirələr təkcə tarixşünaslıq sarıdan maraq doğurmur. Ümummilli liderlə hər ünsiyyət, onun hər sözü, irəli sürdüyü fikir, hansısa fakta münasibəti, hətta iradları belə böyük bir məktəb idi.

 

Heydər Əliyevin siyasi taleyi

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinə rəhbərliyi dövründə xalqın böyük bir nəslini milli-dövlətçilik ruhunda yetişdir­miş liderdir. Azərbaycan tarixi­nin iki son dərəcə mürəkkəb və keşməkeşli mərhələsində respub­likaya rəhbərlik edərək ölkənin sosial-iqtisadi yüksəlişinə nail olan dövlət adamıdır. Azərbaycanın real müstəqilliyini təmin edən siyasətçidir. Vətənin hər abadlıq nişanəsində möhtəşəm izləri olan dövlətçilik memarıdır.

Heydər Əliyev çox maraqlı siyasi taleyi olan liderlərdəndir. O, iki dəfə Azərbaycana rəhbərlik edib. Hər dəfə də ulu öndərin hakimiyyət rəhbərliyinə gəlişini dövr, zəmanə, yaranmış tari­xi zərurət özü aktuallaşdırıb. Bu mənada, Heydər Əliyev zəmanənin özünün yetirdiyi liderdir. “Siyasi taleyi maraqlı olan lider” ifadəsini isə ona görə qeyd etdim ki, bu dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəldiyi iki dövrün heç birində öz sələflərindən qurulu bir dövləti, abad ölkəni, uğurlu iqtisadiyyatı, ürəkaçan sosial-iqtisadi şəraiti təhvil almayıb. Əksinə, özündən əvvəlkilər onun öhdəsinə saysız-hesabsız problemlər, tənəzzülə uğrayan iqtisadiyyat, cəmiyyətdə ruh düşkünlüyü, mənəvi aşın­ma, gələcəyə inamsızlıq qoyub gediblər.

Müəyyən problemləri olan irili-xırdalı hər hansı quruma rəhbər vəzifəsinə təyin edilən və qarşı­sında bu problemlərin həlli vəzifəsi qoyulan hər kəsə belə durumlar yaxşı tanışdır. Haradan, nədən başlayacağını, məsələləri necə yoluna qoyacağını, hansı qərarları verəcəyini və bu qərarların necə nəticələnəcəyini müəyyən etmək çətindir. Bəzən insan özü də ətrafındakı problemlərin girda­bında qərq olduğunu, heç cür çıxış yolu tapa bilmədiyini və vəziyyətə təslim olmaq həddinə çatdığını hiss edir, inamsızlığa qapılır. İndi gəl gör ki, böyük bir ölkəni üzləşdiyi ağır çətinliklərdən çıxarmaq üçün nə qədər çalışıb qüvvə sərf etməlisən. Üstəlik də sənə inanıb güvənən mil­yonlarla insan qısa zamanda fəaliyyətindən nəzərəçarpacaq nəticələr gözləyir. Bu gözləntiləri ancaq Heydər Əliyev kimi güclü xarakterə, tükənməz enerjiyə, xalqı səfərbəretmə və inandırma gücünə malik iradə sahibləri doğ­rulda bilərdi.

O, Azərbaycana rəhbərliyinin hər iki dövründə bunu bacardı!

Xalqın adamı

Hələ sovet dövründə ümummilli lider Heydər Əliyev iqtisadiyyatı böhran dövrünü yaşayan, bir sıra göstəricilərinə görə keçmiş ittifaq respublikalarından geridə qalan bir ölkənin rəhbərliyinə gəlmişdi. Həmin dövrdə Azərbaycanın mərkəzi şəhərlərindəki kosmopolit ruh tüğyan edir, xalqın milli-mənəvi dəyərləri sıxışdırılıb sıradan çıxarılır, idarəçilik aparatında ziyanlı meyllər artır, əhali, xüsusilə əməkçi kənd sakinləri çox kasıb vəziyyətdə dolanırdı. Ölkənin yaşadığı bu sosial-iqtisadi, mənəvi böhranı hər kəs gündəlik həyatında hiss edirdi. Onu da görürdük ki, ölkəyə rəhbərlik edənlər, müxtəlif strukturlarda dövlət vəzifələrini həyata keçirənlər getdikcə xalqdan necə uzaq düşməkdədirlər. Yad meyillər, ünsiyyət dili, mədəniyyət və maraqlar fərqi, həyat tərzləri arasında balansın getdikcə daha da pozulması, sadə insanlara yuxarıdan aşağı münasibət dövlət təsisatları və məmurlarla xalq arasında böyük uçurum yaratmağa başlayırdı. İlk baxışdan, guya, hər şey qaydasında görünürdü. Partiya, vahid sovet sistemi hər şeyi tənzimləyirdi. Hamının bərabərliyini, hər kəsə ədalətli münasibəti, guya, təmin edirdi. Amma bir qədər mahiyyətinə varan kimi anlayırdın ki, çox şeylər öz yerində deyil, üstəlik durum getdikcə daha da acınacaqlı miqyas almaqdadır.

1969-cu ildə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi vəziyyəti kökündən dəyişməyə başladı.

Uzun illər xüsusi xidmət or­qanlarında çalışdığından haq­qında məlumatlar o qədər geniş olmasa da, ölkəyə rəhbərliyinin ilk günlərindən barəsində forma­laşan qənaətlər bundan ibarət idi ki, Heydər Əliyev böyük zəka sahibidir. Sadə, zəhmətkeş xalqın arasından çıxaraq gərgin əməyi, zəkasının gücü, peşəkarlığı, ən mühümü isə dürüstlüyü ilə vəzifə pillələrində addım-addım irəliləmiş bir dövlət xadimidir. Onunla bağlı el arasında dolaşan söhbətlər bu qənaətləri hər an təsdiqləyirdi. O, ilk vaxtlardan xalq malını dağıdan­lara, rüşvətxorlara, ziyankarlara qarşı kəskin mübarizəyə başladı.

Milli qüdrət simvolu

Heydər Əliyevin ilk günlərdən ölkə ictimaiyyəti qarşısında bütün çıxışlarını Azərbaycan dilində etməsi və sadə insanların gün-güzəranı, problemləri ilə bağlı toxunduğu məsələlər onun xalqın adamı olması barədə düşüncələrin öz təsdiqini tapması demək idi. Bunu Heydər Əliyev haqqında əvvəlki yazılarımda da qeyd etmişəm. Bir daha vurğulayıram ki, biz adətən, ölkənin rəhbər şəxsləri qismində əsasən qeyri-azərbaycanlı soyadlarını eşitməyə öyrəşmişdik. Televiziyada, radioda rəhbərlərin nitqlərini başqa dillərdə dinləməyə adət etmişdik. İlk dəfə idi ki, Azərbaycan rəhbərliyində rəsmi çıxışlarını ana dilimizdə və həm də bu qədər mükəmməl səviyyədə edən, milli ruha bağ­lılığını hər vəchlə büruzə verən lider görürdük. Ona görə də Heydər Əliyev adı və soyadı bizə, hər şeydən əvvəl, hakimiyyət zirvəsindəki milli qüdrət simvolu kimi görünürdü. Bu hiss ruhumu­zun oyanışına təkan verirdi.

Heydər Əliyevin böyüklüyü onda idi ki, o, bu inama, ümidə heç zaman zərrə qədər də olsun xələl gətirmədi. İnsanların gözündə heç vaxt dəyişmədi. Sadə adamlar daim onu haqqın-ədalətin təminatçısı kimi gördülər. Özlərinə doğma sandılar. Bir çətinliklə üzləşəndə, hansısa səlahiyyət sahibinin ədalətsizliyi ilə qarşılaşanda ona üz tutdular. Hər zaman sidq-ürəkdən inandılar ki, Heydər Əliyev vəziyyətin belə qalmasına, kiminsə haqsızlıq etməsinə, insanların hüquqlarını pozmasına, özünü qanunlardan üstün tutmasına imkan verməz. Və ulu öndər həqiqətən buna im­kan vermədi. Özünü xalqdan ayrı salanların, müştəbehliyə qapılan­ların, vətəndaşların narazılığına səbəb olanların, pis əməllərə uza­nan əllərin tənbehini gecikdirmədi.

Böyük dövlət xadimi Heydər Əliyev hakimiyyət olimpinə xalqın arzularından gəlmiş adam idi. O, sovet Azərbaycanına da, müstəqil dövlətimizə də rəhbərliyi dövründə bu saf arzuya, xalqın ona münasibətinə daim sadiq qaldı.

Ulu öndərin missiyası geniş və çoxşaxəli idi. O, qısa zaman­da Azərbaycan iqtisadiyyatını tənəzzüldən çıxardı. Azərbaycanı 60-cı illərin sonlarına qədər müvafiq göstəricilərinə görə digər keçmiş ittifaq respublikalarının ardınca sürünən aqrar ölkədən inkişaf etmiş öncül sənaye ölkəsinə çevirdi. Azərbaycan əldə etdiyi nəticələrə görə ilk sıralarda qərarlaşmağa başla­dı. Heydər Əliyev böyük milli hədəflər müəyyənləşdirdi. Xalqı bu hədəflərə doğru səfərbər etdi. Azərbaycan qısa zaman­da özü boyda tikinti, abadlıq meydanına çevrildi. İnsanların həyatı müsbətə doğru dəyişməyə başladı. Sadə zəhmət adamları əməyinin bəhrəsini gördü. Rifahı yüksəldi. Mədəni inkişafa qovuş­du. Arzuladığı həyatı qurmağa başladı. Heydər Əliyevin tikdirdiyi böyük zavodlarda, fabriklərdə on minlərlə Azərbaycan gənci özünə layiqli iş yeri tapdı. Onun Bakı da daxil olmaqla bütün mərkəzi şəhərlərimizdə inşa etdirdiyi geniş yaşayış massivlərində gənc ailələr ev-eşik sahibi oldular. Heydər Əliyevin o illərdə saldırdığı şəhər tipli qəsəbələr, abad kəndlər, ucaltdığı memarlıq inciləri bu gün də həmin illərin inkişaf simvolu kimi göz oxşayır, ulu öndərin fədakar əməyinə minnətdarlıq duyğusunun ifadəsinə çevrilir.

Əslində bu, həm də xalqını qəlbən sevən rəhbərin cəsarət nümunəsi idi...

Heydər Əliyev bu nümunəni tarixin başqa anlarında da təkrar-təkrar nümayiş etdirdi. Milli ruhun daşıyıcısı olan ziya­lılarımızı təzyiq və təqiblərdən qoruyanda da, bu ruhu əks etdirən əsərlərə himayədarlıq edib onlara həyat qazandıranda da, keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə Azərbaycan və ümumilikdə digər respublikalarla bağlı göstərdiyi təəssübkeşlikdə, prinsipiallıqda da.

Bir sözlə, ulu öndərin sovet siyasi arenasında rəhbərliyə gəlişi bütün maneələri dəf edərək илк növbədə müstəqil düşəncəyə yol açmışdır. Ümummılli lider dövlətçiliklə bağlı çıxışlarında həmişə deyirdi: “Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır… Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşün­sün...”. Heydər Əliyev fenomeninin böyüklüyü isə məhz xalq qarşı­sında daim yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə çalışması ilə xarakterizə olunmuşdur .

Hər kəs üçün təhsil

Ümummıllı lider Heydər Əliyevin qarşıya qoyduğu ən bö­yük milli hədəf isə xalqın mənəvi inkişafı, maariflənməsi, dünyanın ən inkişaf etmiş xalqları sırasında öz yerini tutması idi. Bu böyük dövlət adamı belə bir hədəfə çatmaqda təhsilin müstəsna rolunu aydın qiymətləndirirdi. Ona görə də yüksək təhsilin hər kəsə əlçatan olmasından ötrü tarixi addımlar atırdı. Heydər Əliyev ucqar kəndlərdəki tarlalarda, şəhər və qəsəbələrdəki zavod və fabriklərdə gənclərlə görüşəndə onlara verdiyi əsas suallardan biri də məhz bu əli qabarlı gənclərin təhsil planı ilə bağlı olurdu. Heydər Əliyev onlara bütün şəraitlərdə təhsil imkanı yarada bilməkdən ötrü mühüm işlər görürdü.

Məhz ulu öndər on minlərlə gəncin əlçatmaz arzusu olan ali məktəblərin qapılarını həmin o əməkçi gənclərin üzünə açdı. Sadə zəhmət adamlarının övlad­larının müəyyən güzəştli qəbul şərtləri ilə nüfuzlu ali məktəblərdə təhsil ala bilməsinə imkan yarat­dı. Ali məktəblərə qəbul zamanı xoşagəlməz meyilləri, ədalətsizlik hallarını aradan qaldırdı. Biliyi əsas meyara çevirdi!

Ümummilli lider Heydər Əliyevlə həyatda ilk ünsiyyətimiz də o gözəl illərə, 1975-ci ilin yayına təsadüf edir. Bu, əslində gözlənilməz bir görüş idi. Onda Azərbaycan Dövlət Universitetində riyaziyyat müəllimi işləyirdim. Yay imtahanı vaxtı idi. Qəfil xəbər yayıldı ki, sabah Heydər Əliyev universitetə gəlir. Əvvəlcə dəhlizdə onu müşayiət edənlər, bir azdan isə Heydər Əliyev özü göründü. O, bizim olduğu­muz auditoriyaya gəlib, təhsil sistemindəki müxtəlif problemlər, ali məktəblərdə mövcud vəziyyət, imtahanlar, aspirantura haqqında söhbətlər etdi. Müəyyən tələblərini diqqətə çatdırdı. Universitet müəllimlərinin fikirlərini dinlədi, müəyyən problemlərin həllinə kömək göstərdi. Onun həmin illərdə demək olar ki, bütün ali və orta ixtias təhsili müəssisələrinə vaxtaşırı baş çəkməsi, pedaqoji kollektivi dinləməsi, təhsil sistemi­mizin inkişafı üçün həllər axtar­ması, qarşıda mühüm vəzifələr müəyyənləşdirməsi ulu öndərin bu sahəyə nə qədər böyük önəm verdiyini göstərirdi.

Yeni əsrə hazırlıq

Heydər Əliyevin atdığı addım­lar sayəsində regionlarımızda ali təhsilli adamların sayı artdı. Onlar yaşayıb çalışdıqları yerlərdə ziyalı mühiti formalaşdırmağa başladılar. Böyük rəhbərin inkişaf yönüm­lü addımları isə təkcə bununla məhdudlaşmırdı. O dövrdə dünya yeni çağırışlarla üz-üzə idi. Elmi-texniki tərəqqi böyük möcüzələr yaradırdı. Dövrün innovasiyaları həyatımızda çox şeyləri dəyişirdi. Yeni texnologiyalara bələd olan kadrlara tələbat gün keçdikcə daha da artırdı. Həmin illərdə Heydər Əliyev hər il minlərlə azərbaycanlı gənci ölkəmiz üçün, xüsusilə əhəmiyyətli ixtisaslar üzrə təhsil almaqdan ötrü keç­miş ittifaqın ali məktəblərinə göndərməyə başladı. Ulu öndərin ölkə rəhbərliyinə gəlişinə qədər rayon mərkəzindəki kiçik bir texnikumun xəyalı ilə yaşayan, hətta bu arzusu da əlçatmaz görünən yeniyetmələrin səsi-sorağı artıq Moskvanın, Kiyevin, Sankt-Peterburqun, Kazanın və başqa böyük şəhərlərin ən nüfuzlu universitetlərindən gəlirdi. Bu proses Azərbaycan Dövlət Univer­sitetinin müəllimi kimi gözlərimin önündə baş verirdi. Təhsil na­ziri vəzifəsinə təyin olunandan sonra isə bu işin təfərrüatlarını daha dərindən öyrənmək imka­nım yarandı. Heydər Əliyevin fədakarlığına, uzaqgörənliyinə, xalqın gələcəyi üçün çəkdiyi zəhmətə sözün əsl mənasında heyran qaldım.

Təhsil naziri işlədiyim vaxtlarda bir gün Azərbaycanın keçmiş ali və orta ixtisas təhsili naziri Qurban Əliyevlə görüşdük. O, bu xüsusda maraqlı bir məqamı yada saldı: “Nazir vəzifəsində işlədiyim vaxt hər il avqustun ikinci yarısında Heydər Əliyev məni Moskvaya– SSRİ-nin ali təhsil naziri Yelyutinin yanına göndərirdi. Deyirdi ki, Yelyutinlə özüm danışmışam, əgər ali məktəblərdə başqa respub­likalar üçün nəzərdə tutulmuş yerlərdən boş qalanları varsa, o, həmin yerləri Azərbaycana verəcək. Get, onunla bu məsələləri müzakirə et”.

Onu da qeyd edək ki, 1970-ci ildə ölkədən kənarda ali təhsil alanların cəmi 40 fa­izi azərbaycanlı idisə, Heydər Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində 1976-cı ildə bu rəqəm 85 faizə, 1980-ci illərin əvvəlində isə 97,6 faizə yüksəlmişdi.

Onu da yaxşı xatırlayıram ki, məni təhsil naziri vəzifəsinə təyin edərkən, ulu öndər vaxtilə SSRİ-nin ali məkəblərinə təhsil almağa göndərdiyi gənclərlə xüsusi maraqlandı. Dərs ilinin əvvəlində onlarla görüşünü təşkil etməyimizi tapşırdı. 1998-ci ilin 31 avqustunda indi ulu öndərin adını daşıyan sarayda həmin tarixi görüşü keçirdik. Heydər Əliyevin o görüşdəki dərin məzmunlu çıxışı heç zaman yadımdan çıxmaz... Ulu öndər özünəməxsus qətiyyətlə deyirdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq, Azərbaycanın XXI əsri haqqında düşünürəm.

O, gələcəyi görürdü

Həqiqətən Heydər Əliyev dahi strateq, müdrik lider kimi yaşadığı­mız hər dövrdən bir neçə il sonra­nı görə bilirdi. Yürütdüyü siyasət, atdığı addımlar da gələcəyə hesablanırdı. Ulu öndər müstəqil Azərbaycan dövlətinə rəhbərlik missiyasını üzərinə götürəndə də sosial-iqtisadi problemlər məngənəsində boğulan, vətəndaş müharibəsi, parçalanma təhlükəsinin bircə addımlığına gəlib çatmış, insanlarının sabaha heç bir ümidi qalmamış, müharibə şəraitində yaşayan və mənfur Ermənistan tərəfindən torpaqları­nın xeyli hissəsi işğal olunmuş bir ölkəni təhvil almışdı. Belə çətin və həlledici dövrdə ölkənin və xalqın gələcəyinə görə məsuliyyəti üzərinə götürmək bir dövlət xadimi üçün həddən artıq riskli qərar idi. Amma Heydər Əliyev bunu etməyə bilməzdi. Çünki onu xalq çağırırdı. Azərbaycanın üzləşdiyi bəlalardan qurtuluşu üçün yeganə xilas yolunu onun qətiyyətində, siyasi təcrübəsində, idarəçilik bacarığında görürdü. Heydər Əliyev Azərbaycanın taleyi naminə bu missiyanı üzərinə götürdü və xalqın dəstəyinin verdiyi güclə ölkəni qısa müddətdə ağır sınaq­lardan çıxararaq inkişaf yoluna yönləndirdi.

Ulu öndər Azərbaycanı dərin uçurumdan sovuşdurdu, vətəndaş müharibəsinin, ölkənin parçalanmasına gətirib çıxara biləcək separatçı meyillərin, fitnəkar əməllərin qarşısını aldı. Cəmiyyətdə milli birliyi təmin etdi. Hüquqi dövlət qu­ruculuğu proseslərinin əsasını qoydu. Böyük qonşularla pozul­muş münasibətləri nizamladı. Azərbaycanın milli maraqlarına uyğun balanslaşdırılmış xari­ci siyasət kursu müəyyən etdi. Heydər Əliyev apardığı davamlı islahatlarla Azərbaycanı müasir dünyanın çağırışlarına uyğun­laşdırdı. Ölkənin əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bazar iqtisadiyyatı prinsipləri bərqərar olundu. Özəlləşdirmə, torpaq islahatı kimi mühüm məsələlərlə bağlı bir sıra suallara cavab tapıldı. Azərbaycan bütün bu sahələrdə atdığı məqsədyönlü addımlarla postsovet məkanında parlaq örnəklər yaratdı. Ümummilli liderin həyata keçirdiyi islahatlar sayəsində Azərbaycanda inkişafın əsas hərəkətverici qüvvələrindən olan orta təbəqə, o cümlədən sahibkarlar sinfi formalaşmağa başladı. Ölkə iqtisadiyyatında özəl sektorun mövqeyi tədricən genişləndi.

Ulu öndər ordu qurucu­luğu sahəsinə xüsusi diqqət ayırırdı. Cəbhə bölgəsində əldə olunan atəşkəs əsas re­sursları ölkənin sosial-iqtisadi inkişafına yönəltməyə imkan verdi. Bu inkişafın nəticələrindən bəhrələnərək Azərbaycanda ni­zami ordu quruldu, zaman-zaman gücləndirildi, modernləşdirildi, ordumuzun hərbi qüdrəti yüksəldi.

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində ulu öndərin bu sahədəki xidmətlərini xüsusi vurğulayaraq demişdir: “Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da ulu öndərin uzaqgörənliyini göstərir. Çünki o vaxt azərbaycanlılar sovet ordu­sunda az təmsil olunurdu. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq. Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin”.

Transmilli korporasiyalarla bağlanan “Əsrin müqaviləsi”, həyata keçirilən beynəlxalq layihələr Azərbaycanı regionun əsas inkişaf mərkəzinə çevirdi. Cənubi Qafqaz bölgəsinin nəbzi məhz burada döyünməyə baş­ladı. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Ölkə hüdudlarından kənarda səsimiz, sözümüz eşidilməyə başladı.

Vətəndaş tərbiyəsi

Böyük rəhbərin yerinə yetirdiyi əsas missiyalardan biri yeni vətəndaş tərbiyəsi idi. O, hər zaman olduğu kimi yenə bu məsələdə təhsilin, elmin, mədəniyyətin gücünə əsaslanırdı. Bütün bunların fövqəladə qüdrəti sayəsində müstəqil Azərbaycan dövləti üçün layiqli vətəndaşların yetişdiriləcəyinə, insanların sosial rifahının ən yüksək səviyyədə təmin olunacağına, cəmiyyətdəki bir sıra problemlərin öz həllini tapacağına inanırdı. Ona görə də Heydər Əliyev təhsil ocaq­larının fəaliyyətinə son dərəcə önəm verirdi. Tez-tez müxtəlif təhsil müəssisələrinə baş çəkirdi. Vəziyyətlə yaxından maraqlanır­dı. Bu sahədə baş verən bütün proseslərin ən xırda detalları­na qədər ulu öndərin birbaşa nəzarətində olduğunu təhsil naziri işlədiyim illərdə hər gün hiss edir­dim.

Ulu öndər Heydər Əliyevi təhsillə bağlı hər bir məqam maraqlandırırdı: təhsil ocaqların­dakı vəziyyət, müəllimlərin əhval-ruhiyyəsi, ali məktəblərdə şəxsən tanıdığı alimlərimizin fəaliyyəti. O illərdə çox ciddi sıxıntılar yaşayırdıq. Universitet auditori­yaları təmirsizlikdən pis vəziyyətə düşmüşdü. Yaxın-uzaq xarici ölkələrin universitetlərində yüksək potensiallı alimlərimizə böyük tələb vardı. Onlar yüksək məvacib təklifi alaraq kütləvi surətdə işdən çıxıb xaricə gedirdilər. Heydər Əliyevin əsas tapşırığı isə o idi ki, bu cür alimlərimizi mümkün qədər qoruyub ölkədə saxlamaq, beyin axınının qarşısını almaq lazımdır. O, alimlərimizin, pedaqoqlarımı­zın dolanışığını yaxşılaşdırmaq, sıxıntılarını aradan qaldırmaq üçün həmin illərin şərtləri, maddi imkanları çərçivəsində ardıcıl addımlar atırdı.

 

Heydər Əliyev özü idarəçi, rəhbər kimi mükəmməllik nümunəsi idi və tabeliyində olanlardan da vəzifələrin icrasında maksimum mükəmməllik tələb edirdi. Onun yadından heç nə çıxmazdı. Ən xırda detal belə nəzərindən kənarda qalmazdı. Ulu öndər yol verilən nöq­sanlara, səhlənkarlığa qarşı sərt olduğu qədər yaxşı işi də təqdir etməyi bacaran, yüksək motivasiya yaradan rəhbər idi. Ona görə də Heydər Əliyevin etimadına layiq olmaqdan, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirməkdən böyük şərəf və məmnuniyyət duyurdun.

Nazir vəzifəsinə təyin edərkən qəbulunda olduğum gün o, mənə bir çox tapşırıqlar vermişdi. Ali təhsil sistemindəki qeyri-qənaətbəxş vəziyyət, xaotik durum və bu durumdan istifadə etməyə çalışanların xoşagəlməz fəaliyyəti ulu öndəri ciddi narahat edirdi. O, milli təhsil sistemimizdə yüksək keyfiyyət görmək istəyirdi. O zamankı durumda isə belə bir keyfiyyəti təmin etmək çətin idi. Qısa müddətdən sonra Heydər Əliyev özəl ali məktəblərə lisenziya verən komissiya­nı – Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasını ləğv etdi. Tezliklə, Azərbaycan Respublikasında Təhsil İslahatları üzrə komissiya yaradıldı və bu komissiyanın sədri təyin olundum. Komissiya bir il ərzində Azərbaycanda məktəbəqədər tərbiyədən ali təhsilə qədər bütün istiqamətlər üzrə islahatlar proqramı hazırladı. Heydər Əliyev iki dəfə Prezident Administrasiyasında bu proqram üzrə müzakirə keçirdi. Dünya Bankını da prosesə cəlb etdi. Proqram 1999-cu ilin 15 iyununda Milli Qurtuluş Günü təsdiqləndi. Hər zaman düşünürəm ki, bu simvolik məqamın özü də dahi İnsanın təhsilə qayğısının təzahürü idi.

Elm və təhsilin, mədəniyyətin hamisi

1993-cü ildən başlayaraq büdcədən təhsil üçün nəzərdə tutulan vəsaitin həcmi ildən-ilə artırılırdı. Heydər Əliyevin hakimiyyəti dövründə dövlət ali məktəblərində pulsuz təhsillə yanaşı, ödənişli təhsilin də tətbiqi onların mad­di problemlərinin həllinə böyük kömək göstərirdi. Bu, dövlət ali məktəblərinin qismən maliyyə müstəqilliyi qazanması­na, gəlir əldə etməsinə və həmin gəlirlər hesabına pedaqoji heyətin əmək haqla­rının artırılmasına, bir sıra maddi-texniki problemlərin həllinə böyük kömək oldu. 1994-cü ildən ali məktəblərə ödənişli təhsildən vəsait daxil olmağa başla­dı, sonra müəllimlərin əməkhaqlarına əlavələr edildi, onların xaricə axını da­yandı. Bunu hər zaman demişəm, bu gün də tam məsuliyyətimlə bildirirəm ki, əgər ulu öndərin bu qərarı olmasaydı, bir çox dövlət universitetləri fəaliyyətlərini sadəcə dayandırmaq məcburiyyətində qalacaqdı.

Ən böyük nailiyyətlərimizdən biri də dərsliklərin şagirdlərə pulsuz verilməsi ilə bağlı idi. Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtlarda Heydər Əliyev birinci sinifdən onuncu sinfə qədər bütün şagirdlərə dərsliklərin pulsuz verilməsi barədə sərəncam imzalamışdı. Amma AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə bu qayda ləğv edildi, hər il övladlarına xeyli sayda dərsliklər almaq valideynlər üçün ciddi xərcə çevrilmişdi. Amma ölkə rəhbərliyinə yenidən qayıdışın­dan sonra Heydər Əliyev çətinliklə də olsa imkan taparaq bu məsələni yoluna qoydu. Dərsliklər şagirdlərə Azərbaycan dövlətinin hədiyyəsi kimi yenidən pulsuz verildi.

Ulu öndər Azərbaycan dilində dərsliklərin yüksək keyfiyyətlə tərtibinə, Azərbaycan dili və tarixinin ən yüksək səviyyədə tədrisinə hər zaman ciddi önəm verirdi. Bu məsələdə ən xırda nöqsan haqqında belə sərt münasibətini bildirər, güzəştsiz davranardı. Ana dilimizdə dərsliklərin hazırlanmasına ölkənin aparıcı alimlərinin, peşəkar mütəxəssislərinin cəlb olunması onun əsas tələblərindən idi.

Heydər Əliyev qəlbən, ruhən elmə-təhsilə, müəllim sənətinə bağlı bir insan idi. Çünki onun özünün fitrətində ziyalılıq vardı. Bu sənətin sahiblərini özünə necə doğma saydığını, onların mühitində özü­nü necə rahat, gümrah, enerji dolu hiss etdiyini duymaq çətin deyildi. Heç yadım­dan çıxmaz: 1998-ci ilin 25 sentyabrında müstəqil Azərbaycan müəllimlərinin bi­rinci qurultayını keçirirdik. Heydər Əliyev ağsaqqal müəllimlər, ölkəmizin hörmətli ziyalıları sırasında əyləşmişdi. Qurultay­dakı çıxışım bir saata yaxın çəkdi, apa­rıcı fasilə elan edəndə Heydər Əliyevə yaxınlaşıb həyəcanla onun reaksiyasını gözlədim. Prezident əlimi sıxdı:

– Çox sağ ol, məruzən xoşuma gəldi, indi planınızda nə var?

Bildirdim ki, foyedə sərgi açılıb, bax­maq istərdinizmi?

– Əlbəttə. Mütləq.

Sərgiyə tərəf getdik. Foyedə izdiham toplaşmışdı. Mühafizəçilər sədd yaratmış­dılar ki, kütlə Prezidentin eksponatlara baxmasına mane olmasın. Heydər Əliyev bunu görüb şəxsi mühafizə rəisini yanına çağırıb etiraz etdi:

– Sən niyə müəllimlərlə aramda sədd yaradırsan? Məni müəllimlərdən qorumaq lazım deyil.

Pedaqoqlar bir anda Heydər Əliyevi əhatəyə aldılar. Onlarla ünsiyyət Heydər Əliyevə çox xoş idi. Hamılıqla sərgiyə baxıb yenidən zala qayıtdıq.

Xalq müəllimi

Həmin qurultayda ulu öndərin "Azərbaycanın xalq müəllimi" fəxri adı ilə təltif edilməsi barədə qərar oxundu. Açığı, bu qərarı, özü ilə qabaqcadan razılaşdırmadığımızdan sərt reaksiya verə biləcəyindən yaman təşviş keçirirdik. Amma gözlədiyimizin tam əksinə, Heydər Əliyev bu mükafatı böyük məmnuniyyətlə qəbul etdi. Fikrimcə, bunun özü də, ümummilli liderin müəllim adının şərəfinə verdiyi yüksək dəyərin təcəssümü idi. O, öz müəllimlərinin, taleyində xüsusi yeri olmuş alimlərin, ziyalıların heç birini unut­mamışdı. Onların həyat və fəaliyyəti daim nəzər-diqqətində idi.

Bu epizodu da heç zaman unut­maram. 1997-ci ilin yazı idi. Onda hələ BDU-nun rektoru vəzifəsində çalışır­dım. Universitet qəzetinin redaktoruna göstəriş vermişdim ki, bir il əvvəl dünya­sını dəyişmiş Sabir Xəlilovun anım günü münasibətilə qəzetə məqalə hazırlasın. Sabir Xəlilov aspirantura şöbəsinin rəhbəri idi. Vaxtilə Heydər Əliyevi dəstəkləyən məşhur "91-lər"dən olmuşdu. Məqalə qəzetdə dərc olunan gün Heydər Əliyev mənə zəng vurdu və ciddi tonda soruşdu:

– Sabir Xəlilovun vəfatını niyə mənə xəbər eləməmisən? Bu cür insanları sağlığında qiymətləndirmək, həyatdan köçəndə isə böyük ehtiramla yola salmaq lazımdır. Bildirdim ki, o, rəhmətə gedəndə mən rektor deyildim. Bu zaman Prezident dedi:

– Bu xəbəri bu gün universitet qəzetindən oxumuşam. Gec də olsa, Sabir müəllimin ailəsinə mənim başsağ­lığımı çatdır. Onun qəbri üstünə gedin və ailəsinə lazım olan köməyi göstərin.

Bu söhbətdən çox təsirləndim. Elə həmin gün Prezidentin sözlərini mərhumun ailəsinə, eləcə də universitetin Elmi Şura üzvlərinə çatdırdım. Yalnız bu tapşırığı yerinə yetirəndən sonra rahatlıq tapdım.

1996-cı ildə universitetin qocaman müəllimi, professor Tofiq Bəktaşi dünya­sını dəyişmişdi. Tofiq müəllim bir müddət Naxçıvanda işləmişdi. Sonra uzun müddət Azərbaycan Dövlət Universitetinin Nəzəri-mexanika kafedrasında çalışmış­dı. 1965-ci ildə mən tələbə olanda bizə nəzəri mexanika fənnini tədris etmişdi. Heydər Əliyev Tofiq Bəktaşinin vəfatı barədə eşidən kimi o zaman BDU-nun rektoru Murtuz Ələsgərova zəng vurmuş və mərhumun dəfnini xüsusi ehtiramla təşkil etməyi tapşırmışdı:

– Tofiq Bəktaşi vaxtilə Naxçıvanda müəllimim olub. Onu son mənzilə ehtiramla yola salmaq lazımdır.

Ümidlərin doğrulduğu an

Heydər Əliyev hər il sentyabrın 1-də məktəblərə baş çəkir, uşaqlara sevgi göstərir, onlarla söhbət edir və bu, ba­lacaları çox fərəhləndirirdi. Bu xüsusda yaddaşımda dərindən iz buraxmış bir epizodu indi internet resurslarında da izləmək mümkündür. 1999-cu ildə Heydər Əliyev Xətai rayonu ərazisində salınmış SOS Uşaq Kəndinin açılışında iştirak edirdi. Azərbaycanda belə bir mərkəzin yaradılması yeni hadisə idi. Prezident xarici qonaqlarla mərkəzin otaqlarından birinə daxil oldu. Həmişəki kimi bala­calarla söhbət etməyə başladı. Axırda uşaqlardan soruşdu ki, Azərbaycanın himnini oxuya bilərsinizmi? Onlar səs-səsə verərək himni çox gözəl oxudular. Prezidentin hətta gözləri doldu və bizə – kənarda dayanıb bu mənzərəni seyr edən bir neçə nazirə müraciət etdi:

– Baxın, siz himni belə oxuya bilərdiniz? Bu uşaqlar Azərbaycanın xoşbəxt gələcəyidirlər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə Şuşaya səfəri zamanı bu şəhərdəki tarixi çıxışını dinləyərkən o epizodu xatırladım. Azərbaycan torpaqlarını həqiqətən Ulu Öndər Heydər Əliyevin, cənab İlham Əliyevin yetişdirdiyi gənclik azad etdi. İllər əvvəl parta arxasında himnimizi səs-səsə verib oxuyarkən gözlərimiz dolan, Azərbaycana sonsuz sevgiləri ilə ulu öndərdə gələcəyə böyük inam yaradan o uşaqlar böyüyüb torpaqlarımızı düşməndən təmizlədilər. Mehriban xanım Əliyevanın bütün ölkə boyu həyata keçir­diyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində tikilmiş, abadlaş­mış məktəblərin işıqlı sinif otaqlarında Vətənə sevgi, dövlətimizin gücünə inam hissi ilə böyüyən, vətənpərvərlik ruhunda yetişdirilən gənclərimiz bizi öz tarixi haq­qımıza qovuşdurdular.

Heydər Əliyevlə hər ünsiyyətdə işğal altındakı torpaqlarımızın, məcburi köçkünlərimizin sosial qayğıları ilə bağlı məsələlərin bu böyük dövlət adamı üçün nə qədər böyük dərd olduğunu hiss edirdin. Ən xoşbəxt, sevinc dolu anların­da da bu dərdin kədəri, iztirabları onun qayğılı gözlərindən oxunurdu. 2003-cü ilin prezident seçkisi ərəfəsində “Mən ona özüm qədər inanıram” əminliyi ilə xalqa təqdim etdiyi cənab İlham Əliyevdən ulu öndərin Azərbaycan Prezidenti kimi çox böyük gözləntiləri vardı. Ölkə başçısı İlham Əliyev bu inamı, gözləntiləri doğrult­du. Ulu öndərin onun əmin əllərinə etibar etdiyi Azərbaycanı bütün göstəricilər üzrə tarixinin ən qüdrətli mərhələsinə çatdır­dı. Ən mühümü isə cənab İlham Əliyev Azərbaycan xalqını Heydər Əliyevin ən böyük arzusuna qovuşdurdu. Ordumu­zun gücü ilə torpaqlarımızı işğaldan azad etməklə Ata vəsiyyətini yerinə yetirdi. Tarixi zəfərimiz ulu öndərin Azərbaycanın bu gününə və gələcəyinə uca, aydın səmalardan baxan müqəddəs ruhunu şad etdi.

Bu zəfər, azad yurdlarımızda başlanmış quruculuq tədbirləri, azad­lığına sevinən torpaqlarımızda açan yaz çiçəkləri Heydər Əliyevin və onun şəxsində ömrünü Azərbaycana həsr etmiş bütün dahi tarixi şəxsiyyətlərimizin xatirəsinə ən qiymətli hədiyyədir.

Misir MƏRDANOV,

Yeni Azərbaycan Partiyası Veteranlar Şürasının üzvü,

 AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,

 AMEA-nın müxbir üzvü

 

8 May 2021 08:26 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə