Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Şuşaya qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm

1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-dək – düz 28 il ərzində xalqımız tərəfindən Şuşanın işğalı günü kimi xatırlanıb. Hər ilin 8 mayında Azərbaycanın incisi, Qarabağın mirvarisi olan Şuşanın Ermənistanın işğalçı və terrorçu ordusu tərəfindən zəbt olunduğunu ürək ağrısı ilə xatırlamış, təkcə Şuşada deyil, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş bütün şəhidlərimizi ehtiramla anmış, faciələrimizin unudulmamasına çalışmışıq.

 

Şuşa tarixən Azərbaycan xal­qının əziz, sevimli şəhəri, cənnət guşəsi olub. Məhz buna görədir ki, hələ 1756–1757-ci illərdə şəhər Pənahəli xan tərəfindən Qarabağ xanlığının paytaxtı kimi seçilmiş, yenidən qurulub abadlaşdırıla­raq, alınmaz qalaya çevrilmişdi. “Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası”, “Qala” və “Şuşa” adlandırılmışdı.

Qarabağın dağlıq hissəsində, o cümlədən, Şuşada erməni əhalisinin çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə, Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonraya təsadüf edir. 1804–1813-cü, 1826–1828- ci illər Rusiya–İran və 1828– 1829-cu illər Rusiya–Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başla­yıb. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir. 1828-ci ildən sonra Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən rəsmən 124 min (qeyri-rəsmi 200 min) erməni köçürülüb, proses bütün XIX əsr boyunca davam edib və bu, ərazidə demoqrafik vəziyyətə çox böyük təsir göstərib.

Sovet dönəmində şəhərin abadlaşdırlması ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ulu öndər Şuşanı abadlaşdırmaq, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görüb. Keçən əsrin 70-ci illərində ermənilər Dağ­lıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, Heydər Əliyev onların bu istəklərini gözlərində qoyub. Ümumiyyətlə, ümummilli lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxıb.

Nəhayət, 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhəri xəyanət nəticəsində Ermənistan ordusu tərəfindən ələ keçirilib. Bununla da 289 kvad­ratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kəndi olan Şuşa rayonu Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid olub, 165 nəfər yarala­nıb, 58 nəfər isə itkin düşüb.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 ki­noteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxana, Azərbaycan Xal­çası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa televizi­yası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb.

Azərbaycan 44 günlük Vətən savaşında şanlı qələbə qaza­naraq, təxminən, 30 ildən bəri Ermənistanın işğalı altında qalmış tarixi torpaqlarını azad edib. 2020-ci il noyabrın 8-də isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu qədim Şuşanı düşməndən xilas edib. Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanın­da qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşaya­caq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Hərbi-strateji əhəmiyyətə ma­lik Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu deyən Azərbaycan Prezidenti bildirib: “Şuşanı qan tökərək azad etmi­şik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca iş­ğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapan­çalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gü­cümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir”.

Şuşanın azad edilməsi müharibənin sonrakı gedişinə çox ciddi təsir göstərib və noyabrın 9-da rəşadətli Azərbaycan Ordusu 70-dən çox yaşayış məntəqəsini və bir neçə mühüm strateji əhəmiyyətli yüksəkliyi işğalçılar­dan azad edib.

2021-ci il yanvarın 14-də Şuşa­ya səfər edən Prezident İlham Əliyev bildirmişdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək, Şuşanı işğalçılardan azad edib və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılıb: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

Dövlət başçısı həmin səfəri zamanı hərbçilərlə görüşündə bəyan etmişdi ki, noyabrın 8-i – Zəfər günü xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də Azərbaycan xalqı üçün çox əziz olan qədim Şuşa şəhəri azad edilib. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh sayəsində baş tutub. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdiriblər: “Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vuru­lan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil”.

Bizim qalib xalq olduğumuzu deyən dövlət başçısı qeyd edib ki, Şuşada sonuncu dəfə 39 il bun­dan əvvəl olub və birinci dəfə yan­varın 14-də gəlib. “Bax, bu gün, yanvarın 14-də yenə də burada­yıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Or­dusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik”.

Azərbaycan lideri Şuşa istiqamətində irəliləyərkən yollar boyu dağıdılmış yaşa­yış məntəqələrimiz haqqında ictimaiyyətə məlumat verib, çəkiləcək yollar, tikiləcək körpülər, görüləcək işlər barədə danışıb. Dövlət başçısı böyük qürur hissi ilə qeyd edib ki, Füzuli–Şuşa yolunun və Füzuli Hava Limanının təməli qoyulub. Uçuş-enmə zola­ğının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standart­lara uyğun infrastrukturla təmin ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, eləcə də sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Cənab İlham Əliyev bəyan edib ki, Şuşa onun tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib və artıq şəhərin bərpası və tarixi simasının özünə qayta­rılması istiqamətində işlərə start verilib. Prezidentin dekabrın 3-də imzaladığı sərəncama əsasən, no­yabrın 8-i Zəfər Günü elan edilib və bayram günləri sırasında hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

8 May 2021 08:32 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə