Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhkəmə sistemində islahatlar davam edir

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib. Şuradan AZƏRTAC-a bildiriblər ki, çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş tərəqqi yolunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, dövlətimizin iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmləndiyini və əldə olunmuş nailiyyətlərə görə dünyada ən islahatçı ölkələrdən biri kimi xarakterizə olunduğunu vurğulayıb.

 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunmuş doğma torpaqlarımızın yenidən dirçəlməsi üzrə həyata keçirilən tədbirlər böyük fəxarət hissi ilə qeyd olunub. Bildirilib ki, “Məhkəmə-hüquq sistemində isla­hatların dərinləşdirilməsi haqqında” dövlətimizin başçısının 2019-cu il 3 ap­rel tarixli Fərmanı ədalət mühakiməsinin təkmilləşdirilməsi işinin müasir çağırış­lara uyğun yeni mərhələdə təşkilini, o cümlədən, kadr islahatlarının aparılma­sını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirib.

Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən, cəza siyasəti humanistləşdirilib, “Elektron Məhkəmə” informasiya sisteminin bütün ölkəni əhatə etməsi üçün tədbirlər görülüb, karantin şəraitində İKT-lər tətbiq olunmaqla, məhkəmə proseslərində videoformatdan geniş istifadə olunub. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin forma­laşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı güclənib. Məhkəmə infrastruk­turunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb, yeni bina və komplekslər inşa olunaraq yüksək texnoloji – “hi-tech” məhkəmələr yaradılıb. Həmçinin hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və çevik ba­xılması məqsədilə əlavə ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşü­naslar hesabına komplektləşdirilməsi məqsədilə, müsabiqələr xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla da­vamlı xarakter alıb, namizədlərin distant təlimi və məhkəmələrdə təcrübələri təşkil olunub.

Müsabiqə prosesini artıq uğurla başa vurmuş 44 nəfər namizəd dövlətimizin başçısının sərəncamı ilə cari ilin əvvəlində müxtəlif birinci ins­tansiya məhkəmələrinə təyin ediliblər. Hakimlərin seçimi prosesi davam olunaraq 221 nəfər hakimliyə namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədirlər.

İclasda, həmçinin bildirilib ki, Fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə yeni Qaydalar təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb. Həmin Qaydalara uyğun olaraq 120-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya və digər müvafiq məhkəmələrin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, sair aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanaraq Şuranın müzakirəsinə çıxarılıb.

İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yarat­maları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.

Bildirilib ki, fərmanının icrası üzrə görülən tədbirlər çərçivəsində ha­kim kadrlarından səmərəli istifadə edilməsi ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır. Ötən il dövlət başçısının sərəncamları ilə 30-dan çox rəhbər hakim vəzifələrinə təyinatların aparılması, bir sıra hakimlərin intizam qaydasında aşağı işə keçirilməsi, yüksək hazırlığa və zəruri mənəvi keyfiyyətlərə malik 20-dək yeni nəsil gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi diqqətə çatdırılıb.

Bu tədbirlərin davamı olaraq Şuranın iclasında ali və apellyasiya məhkəmələrinə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 24 hakimin təyin olunması, apellyasi­ya məhkəmələrinin rəhbərliyində dəyişikliklərın aparılması, həmçinin fəaliyyətində çatışmazlıqlara yol verən hakimlərin həmin məhkəmələrdən kənarlaşdırılmasına dair təkliflər verilib.

Dövlətimizin başçısının məhkəmə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qəti tapşırıq və tövsiyələri diqqətə çat­dırılaraq, prinsipial kadr dəyişikliklərinin ədalət mühakiməsinin səmərəliliyinə töhfə verəcəyinə əminlik vurğulanıb.

İclasda yeni məhkəmələrin yaradıl­ması və hərbi məhkəmələrin ərazi yuris­diksiyasının təkmilləşdirilməsi ilə bağlı məhkəmələrin ərazi yurisdiksiyasına dəyişikliklərin edilməsi barədə qərarlar qəbul edilib.

Həmçinin Şurada hakimlər barədə intizam icraatı üzrə işlərə baxılaraq, korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozun­tulara yol verdiklərinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevaya irad tutulub.

8 May 2021 07:57 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə