Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

www.science.gov.az saytı yazır ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 17 oktyabr 2018-ci il və “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli sərəncamlarından irəli gələn vəzifələrdən danışıb.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarına İ.Səfiyevin həyat və yaradıcılığı ilə bağlı elmi araşdırmaların aparılması tapşırığı verilib. O cümlədən B.N.Naxçıvaninin irsinin Türkiyədə araşdırılması üçün Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarının və Əlyazmalar Fondunun əməkdaşlarından ibarət Tədqiqat Qrupu yaradılıb. Bundan əlavə, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı ilə əlaqədar bölmədə beynəlxalq və elmi konfransların keçiriləcəyi qərarlaşdırılıb.

Daha sonra bölmənin Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimovun “Naxçıvan Muxtar Respublikasının meşə ekosistemində yayılan meyvə bitkiləri və onların istifadə perspektivləri” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzəçi məlumat verib ki, meşə ekosisteminin tərkibində 152 növ yabanı meyvə və giləmeyvə bitkiləri yayılıb ki, onların da 102 növündən qida kimi istifadə olunur.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

İclasda Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov bölmənin elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların keçirilməsi haqqında çıxış edib. O, eyni zamanda muxtar respublikanın orta ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi ilə bağlı Rəyasət Heyətinin üzvlərinə məlumat verib.

Daha sonra bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının tərkibində dəyişiklər edilib, 5 nəfərdən ibarət yeni tərkib yaradılıb. Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

1 Noyabr 2018 13:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə