Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müsbət tendensiyaya təbii amillər də təsir edir

 

 

Hazırda ölkəmizdə koronavirus infeksiyasına yoluxma ilə bağlı epidemioloji durum müsbət istiqamətdədir. Bir neçə gündür ki, yoluxma hallarının sayında davamlı olaraq azalma qeydə alınır. Eyni zamanda, COVID – 19- dan sağalanların sayının yeni yoluxma hallarını üstələməsi sevindiricidir. Aktiv xəstələrin sayının azalması səhiyyəyə, həmçinin bu sahədə çalışanların üstünə düşən yükün azalması deməkdir. Əgər vətəndaşlar qorunma qayda və tələblərinə düzgün əməl etsələr, bu tendensiyanın davam edəcəyini gözləmək olar.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, müsbət tendensiyanın səbəbləri hamını düşündürür. Keçən ilin mart ayı ilə indiki dövrü müqayisə etsək, görərik ki, o zaman bizim qorunma vasitələrimiz yalnız sərt karantin tədbirləri, fərdi qoruyucu vasitələrdən istifadə və gigiyena qaydalarına əməl olunması idi. Hazırda siyahıya daha başqa amillər də əlavə olunub. Bunlardan da ən önəmlisi vaksinasiya prosesidir. Yanvarın 18- dən başlayan vaksinasiya hazırda uğurla davam edir. İndiyədək 1 milyon 566 mindən çox peyvənd vurulub. İki doza alanların sayı 578 mini ötüb. Həmin şəxslər immunitet əldə etmiş və qoruyuculuğu yaranmış insanlardır. Lakin onların sayı azdır və bu, bizi qane edə bilməz.

Digər tərəfdən, xəstələnib təbii yolla immunitet qazanan insanlar da var. Rəsmi statistikaya görə, onların sayı 300 minə yaxındır. Bilirik ki, həmin statistika heç də tam mənzərəni əks etdirmir. Virusa yoluxanların sayı dəfələrlə çoxdur. Bu, bütün dünyada belədir. Xəstəliyi simptomsuz keçirənlər, qeydiyyata düşməyənlər çoxdur. Onların hamısında bu və ya digər dərəcədə təbii immunitet formalaşır. Həm vaksinasiya olunanlar, həm xəstəliyi istər hər hansı simptomla, istərsə də simptomsuz keçirənlər immunlaşmış təbəqəni əmələ gətirirlər. Gün keçdikcə, qanında virusa qarşı antitel yaranan, xəstəliyə həssas olmayan insanların sayı artır ki, bu da yoluxma hallarının azalmasında özünü göstərməlidir və göstərir.

Baş infeksionist bildirib ki, yoluxma sayının azalmasına təsir edən təbii amilləri də qeyd etmək lazımdır. Ola bilər ki, onlar birbaşa yox, dolayı yolla təsir göstərirlər. Belə ki, havaların isinməsi ilə əlaqədar insanlar daha çox açıq məkanlara üstünlük verirlər. Qapalı məkanlarda nəfəsliklər açılır, otaqların havası tez - tez dəyişdirilir. Bunlar da yoluxma hallarının tempinin müəyyən qədər azalmasına təsir edir. Ümumiyyətlə, bir neçə faktorun cəmi hazırkı mənzərənin müşahidə edilməsinə səbəb olur.

Onu da vurğulamaq lazımdır ki, ötən ilin bu vaxtı ilə müqayisədə müsbət dinamikanın əldə olun­masında əhalinin müəyyən qədər maariflənməsinın də mühüm rolu olub. Vətəndaşların əksəriyyəti öz ətrafında, yaxınlarında infeksiyaya yoluxma, hətta ağırlaşma və ölüm hallarının şahidi oldu. Həm aparı­lan maarifləndirmə işləri, həm də vətəndaşların şəxsi təcrübəsi onları koronavirusa inanmağa sövq etdi. Hazırda vətəndaşlar qorunma qayda­larına kifayət qədər əməl edirlər. Bu, istər ictimai nəqliyyatda, istər qapalı məkanlarda – ticarət şəbəkələrində, istərsə də açıq havada müşahidə edilir. Bu da müsbət dinamika əldə edilməsində mühüm rol oynayır. Lakin cəmiyyətdə belə bir tendensiya da müşahidə olunur ki, yoluxma sayı azaldıqca arxayınlaşma baş verir və vətəndaşlar bir neçə ay bundan əvvəl yaşananları unudurlar. Nəticədə həmin qaydalara laqeyd münasibət başlayır. Havalar istilənməyə doğru getdiyindən belə vaxtlarda maska istifadəsi fiziki olaraq çətinlik yaradır. Həmçinin azalma baş verdikcə, yaxın vaxtlarda yenidən qaydalara etinasız münasibət göstərən vətəndaşların sayının artdığını görəcəyik. Belə olan halda yenidən mənfi tendensiya ilə üzləşə bilərik.

Vaksinasiya prosesindən söz açanda, onun həyata keçirilməsinin hər iki tərəfini qeyd etmək lazım­dır. Prosesin birinci tərəfi dövlətin gördüyü işlərdir. Hamıya məlumdur ki, dövlət öz üzərinə düşən vəzifələri vaxtında və kifayət qədər yüksək səviyyədə həll edir. COVID – 19 infeksiyası əleyhinə vaksinlərin əldə edilməsi, ölkəyə gətirilməsi, prosesin aparılması üçün müvafiq infrastruk­turun yaradılması, tibb kadrlarının təlimləndirilməsi dövlət tərəfindən görülən böyükhəcmli tədbirlərdir. Ölkəmizdə vaksinasiyaya dair stra­tegiya qəbul olunub. Strategiyaya əsasən proses mərhələlər üzrə apa­rılır. Peyvəndləməyə dünyada olduğu kimi həssas insanlar qrupundan başlanılıb. Vaksinasiya strategiyası­na uyğun olaraq hazırda 40 yaşdan yuxarı vətəndaşların peyvəndləməsi aparılır. Peyvəndləmə prosesinin ikinci tərəfi isə insanların vaksinasiya­ya münasibətidir. Burada məsələ bir qədər çətindir. Baxmayaraq ki, ölkədə yetəri sayda peyvənd dozaları, kifayət qədər peyvənd məntəqələri fəaliyyət göstərir, əhalidə olan aktivlik bir o qədər yüksək deyil. Əhalinin cəmi 5 faizdən bir qədər çoxu hər iki dozanı qəbul edib. Hədəf isə əhalinin ən azı 70, hətta bəzi mülahizələrə görə, 80 faizinin vaksinasiya olunmasıdır. İnsanların vaksinə bir qədər laqeydliyi peyvəndləmə prosesinin müddətini uzada bilər.

Bu zaman belə sual ortaya çıxır ki, əhalini vaksinasiya prosesində aktiv iştiraka cəlb etmək üçün nə etmək lazımdır? Baş infeksionist bununla bağlı bildirib ki, birmənalı olaraq, bu zaman məcburiyyət ola bilməz. Çünki dünya təcrübəsi onu göstərir ki, istənilən xəstəlik zamanı peyvəndləmənin məcburi edilməsi neqativ hallara gətirib çıxaracaq. İnsanlar müxtəlif səbəblərlə vaksi­nasiyadan yayınacaqlar: “Təsadüfi deyil ki, belə hallar bütün dünyada, o cümlədən ölkəmizdə də qeydə alınır. Burada əhalini vaksinin təsirinə və təhlükəsizliyinə inandırmaq, şəxsi təcrübə, kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin aparılması üsulu ilə müsbət effekt əldə etməyə çalışmaq lazımdır. Gələcəkdə bəlkə də vaksinasiya­dan keçməyənlər üçün müəyyən məhdudiyyətlər ola bilər. Bununla yanaşı, onsuz da bir müddətdən sonra Avropanın iri ölkələri, ABŞ-dakı nəticələr gözə çarpacaq. Orada məhdudiyyətlərin aradan qaldırılması bir nümunə olacaq. Vətəndaşlar bunları görəndə bir qədər də aktivlik göstərəcəklər. Elə ölkələr var ki, vətəndaşlar vaksi­nasiya üçün mütəmadi müraciət edir, öz növbələrinin gəlib çatması ilə bağlı məlumat öyrənməyə ça­lışır, narahatlıqlarını ifadə edilər. Təəssüf ki, ölkəmizdə hər cür şərait yaradılsa da, biz istənilən aktivliyi görə bilmirik. Qırx yaşdan yuxarı vətəndaşların vaksinasiyaya görə müraciətetmə hallarında azalma baş verərsə, daha aşağı yaş qruplarında peyvəndləməyə start veriləcək. Artıq bir sıra ölkələrdə 16 yaşdan yuxarı insanlar peyvəndləməyə cəlb olunur­lar”.

Vətəndaşlar bilməlidirlər ki, COVID – 19 infeksiyasına qarşı mübarizədə peyvənd olunmaq, ilk növbədə, hər kəsin sağlamlığı üçün çox vacib məsələdir. Peyvənd süni immunitet yaratmaqla virusa qarşı mübarizəni bir qədər asanlaşdırır. Mütəxəssislərin fikrincə, peyvənd olunanların əksəriyyəti virusa yolux­mur, yoluxanlar isə xəstəliyi yüngül keçirirlər.

Qarşıdan gələn yay mövsümü zamanı istirahət və işgüzar görüşlərlə əlaqədar xaricə səfər edənlər olacaq. Bu halda vətəndaşların ikinci doza vaksinasiyasını həyata keçirilməsi və ya onlar səfərə getdiyi ölkədə vaksin olunmaq qaydası təbii ki, maraq do­ğuran məsələdir. TƏBİB - in infeksion xəstəliklər üzrə mütəxəssisi deyib ki, Azərbaycanda birinci peyvənd dozasını alanların getdikləri ölkədə ikinci dozanı almaq imkanları yoxdur. Məlum olduğu kimi, ikinci dozanın vurulma müddəti 28 – 35 gün arası­dır. İkinci dozanı 28 -ci gündə qəbul etməyə çalışmaq lazımdır. Obyektiv səbəblərdən bu mümkün olma­dıqda, 35 günə qədər sistem aktiv vəziyyətdə olur və ikinci dozanı həmin günlərdə qəbul etmək olar. Ona görə də səyahətə getməyi pılanlaşdı­ranlar bunu nəzərə alaraq, ya ikinci dozanı alıb gedə, ya da səhayətdən qayıdandan sonra həmin müddətdə ikinci dozanı qəbul edə bilərlər. Xaricdəki həmyerlilərimiz isə yaşadıq­ları ölkənin əcnəbilər üçün nəzərdə tutulan vaksinasiya xidmətlərindən yararlanmalıdırlar: “Onlar yaşadıqları ölkədə tətbiq edilən vaksin strategiya­sının qayda- qanunları çərçivəsində peyvənd vurdura bilərlər. Əgər həmin ölkədə bu proqram icra olunmursa və yaxud, əcnəbi vətəndaşlar vaksina­siyaya cəlb olunmurlarsa, onda soy­daşlarımız ölkəmizə gələrək peyvənd vurdurmalıdırlar”.

Onu da xüsusi olaraq diqqətə çatdırmaq lazımdır ki, peyvənd edilmiş hər kəs rahatlıqla ölkəni tərk edə bilər. Ona görə də səfəri planlı şəkildə, hər iki peyvənd dozası qəbul ediləndən sonrakı tarixlərdə həyata keçirmək daha yaxşı olar.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

7 May 2021 01:22 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə