Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər Azərbaycan ərazisində həm də mədəni soyqırımı törədiblər

Zəngilan rayonunun tarixi-dini abidələri də ermənilərin mədəni terroruna məruz qalmışdır. Dağıdılmış bu abidələr sırası­na məscidlər və ziyarətgahlar – İmam Hüseyn məscidi (Zəngilan şəhəri), Zəngilan məscidi, Malatkeşin məscidi, Qırıq Muş­lan, Muşlan, Rəzdərə kəndlərindəki məscidlər, Yeməzli alban kilsələri, Səkkizguşəli türbə (Məmmədbəyli kəndi), Ziya Baba ocağı (Ağkənd kəndi), Xanazur türbəsi və piri, Sultan Heydər piri (Bartaz kəndi) və digərləri daxildir. Bundan başqa, rayonun tari­xi–memarlıq abidələrindən olan Şərifan abidələri (IX-XVI əsrlər), Şəhri-Şərifan yaşayış yeri (Hacallı kəndi), Ağca Aşıq yaşayış yeri , Qız qalası ( Qumlaq kəndi), Qəsr qalası (Oxçuçayın Araza tö­küldüyü yerdə), Şərikan kəndində sərdabə, Yenikənd kəndində sərdabə, Hacallı dairəvi bürcü, Hacallı qülləsi (Məmmədbəyli kəndi), Nekropol (Quyudərə Xəştab kəndi) da dağıdılmış tarixi abidələr arasındadır.

 

 

Zəngilan abidələri öz memarlıq xüsusiyyətlərinə görə fərqlənirdi. Bu ərazilərdə XIII-XIV əsrə aid qoç, at heykəlli qəbir daşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirirdi, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirirdi, Azərbaycanın mədəni həyatına dair bir sıra məsələləri işıqlandırırdı. Bütövlükdə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər Zəngilan rayonu üzrə 96 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatında idi. İndi bu abidələr, demək olar ki, məhv edilib.

Prezident İlham Əliyev Zəngilan işğaldan azad edildikdən sonra bir neçə dəfə bu rayona səfər etmiş və orada baş verənlərin şahidi olmuşdur. Dağıdılmış arxeoloji abidələr, tarixi-memarlıq nümunələri, dini abidələr bu yerlərdə ermənilərin necə vandallıq törətdiyini bir daha təsdiq edir. Bu dəfə Prezidentin Cəbrayıl və Zəngilan rayonuna səfəri zamanı bir daha həmin abidələrə baş çəkmişdir. Zəngilan məscidində olarkən cənab Prezident demişdir: "Zəngilan məscidi bərpa ediləcək. Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb”.

Prezident bildirmişdir ki, qansız düşmən təkcə mədəni abidələrimizi deyil, məscidlərimizi də yerlə-yeksan etmişlər. Erməni vandalları Zəngilan rayonunda da məscidlərdən tövlə və yaxud silah anbarı kimi istifadə etmişlər. Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının baş katibi də dini abidələrin dağıdılmasına münasibətini bildirmişdir. Elə ICESCO-nun baş katibi də azad edilmiş torpaqlarda olub, dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır. Ermənilər tərəfindən dağıdılmış bütün dini məbədlərimizin monitorinqi aparılmış, əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilib və dünya birliyinin diqqətinə çatdırılıb. Zəngilan məscidindəki çıxışında dövlət başçımız bildirmişdir ki, bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib.

Məlumat üçün bildirək ki, Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Tarixçilərin məlumatına görə Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. 1974-cü və 1979-cu illərdə burada arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsi idi. Bu abidənin böyük bir hissəsini Həkərə çayı yuyub aparmışdır. Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət nümunələri aşkar edilib. Bu gün Zəngilanın tarixi-dini abidələri demək olar ki, tam yararsız vəziyyətdədir. Erməni vandalları daşı-daş üstə qoymamışlar.

Prezident İlham Əliyev Zəngilanın dağıdılmış məscidində bərpa işlərinə başlanılması məqsədilə ilk daşı öz əlləri ilə məscidin divarına hörmüşdür. Burada çıxışı zamanı demişdir: “Biz bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir”.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

7 May 2021 01:46 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə