Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dövləti Qarabağın intibahı üçün çalışır

Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevdir.

 

– Tahir müəllim, Qarabağın bərpası ilə bağlı görülən işləri necə dəyərləndirirsiniz?

– Qarabağda son dərəcə əhəmiyyətli işlərə start verilib. Azərbaycan xalqının indiki nəsillərinə bu tarixi hadisənin şahidi və iştirakçıları olmaq xoşbəxtliyi nəsib olub. Xal­qımız Qarabağda tarixi zəfər qazanıb. Biz bu böyük səadətə müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, rəşadətli Azərbaycan Ordusunun qeyri-adi şücaəti sayəsində nail olmuşuq. Bu tarixi qələbə bizim üçün qürur­verici olduğu qədər dəyərlidir.

Artlq işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə start veri­lib. Görünən budur ki, Azərbaycan dövləti Qarabağın iqtisadi və mədəni intibahı üçün səylərini əsirgəmir.

– Ərazilərdə bərpa işlərinin vüsəti və miqyası heyrət doğurur.

– Əlbəttə, belədir. Bu gün Azərbaycan dövləti mənfur düşmənin viran qoyduğu ərazilərin yenidən dirçəldilməsi üçün ardıcıl və davamlı işlər görür. Mən dünya mətbuatını yaxından izləyirəm. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə görülən işlərin miqyası bütün dünyanı heyrətə salıb. Dostlarımız uğurlarımıza sevinir, düşmənlər isə xar olurlar.

Dünya erməni vandallarının Qarabağda törətdikləri vəhşiliklərin fərqindədir. Sivil cəmiyyətlər hətta şok içindədirlər. Dünya gö­rür ki, erməni vandalları Qarabağda dəhşətli dağıntılar törədiblər, cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağdan sanki vəhşi qəbilələr keçiblər. Azərbaycan Qarabağda təkcə açıq döyüşdə qələbə qazanmayıb, biz bu gün informasiya müharibəsində də üstün mövqelərə çıxmışıq. Bu, belə də olmalıydı. Biz ədalətli müharibə aparmışıq, üstəlik, qəddar erməni şovinizminin əsl xislətini, iç üzünü açıb ifşa etmişik.

– Azərbaycan Prezidenti artıq altıncı dəfədir ki, işğaldan azad edilmiş ərazilərə səfər edib...

– Dövlətimizin başçısının ərazilərə hər bir növbəti səfəri olduqca böyük əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, bu il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, birin­ci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər və bu səfər də bir sıra əlamətdar hadisələrlə yadda qalıb.

Möhtərəm Prezidentin erməni işğalına məruz qalan hər iki rayona növbəti səfərinin gündəliyi kifayət qədər geniş idi. Ölkə baş­çısı əvvəlcə Cəbrayıl rayonunun girişində yenilənmiş “Xoş gəlmişsiniz!” lövhəsinin 30 il öncəki dizaynda bərpa edilməsinə diqqət çəkdi. Bununla da cənab İlham Əliyev doğma Qarabağın əvvəlki görkəminə qay­tarılacağının, tarixi torpaqlarımızın yenidən cənnətə çevriləcəyinin mesajını verdi. Bəli, Azərbaycan düşmənin dağıdıb viran qoydu­ğu torpaqları öz gücü ilə ən qısa zamanda cənnətə çevirməyə qadir olan bir ölkədir!

– Zəngilanda “Ağıllı kənd” layihəsinə start verilməsini ölkənin aqrar sektorunda yeni uğur­lu modellərin başlanğıcı hesab etmək olarmı?

– Bəli, olar. Hesab edirəm ki, “Ağıllı kənd” layihəsi Azərbaycanda kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoydu­ğunu sübut edir. Bu model özündə modern texnologiyaları və yüksək innovativ yenilikləri ehtiva edir. İlk baxışdan möcüzə kimi görünsə də, dünyanın cəmi bir neçə ölkəsində sınaq­dan keçirilmiş bu qəbildən olan müasir şəhər və kənd modelləri Cənubi Qafqazda ilk dəfə məhz Qarabağda tətbiq edilir.

Bu istiqamətdə ilk addım Zəngilan rayo­nunun Ağalı kəndində atıldı. Ölkə başçısı Zəngilana səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “ağıllı kənd” layihəsinin təməlini qoydu. Bununla da, fak­tiki olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin tətbiqinə start verildi.

– “Ağıllı kənd”in üstünlüklərini bir qədər geniş şərh etməyinizi rica edərdim.

– Zəngilanda təməli qoyulan “Ağıllı kənd” nəinki Azərbaycanda, ümumilikdə, region­da bir ilkdir. Qarabağda həyata keçiriləcək layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya edilmiş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.

Maraqlıdır ki, evdaxili mühəndis kommu­nikasiya, isitmə sistemləri də ağıllı texnolo­giyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Həmçinin bütün yaşayış evləri, sosial obyektlər, inzi­bati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alter­nativ enerji mənbələri ilə təmin ediləcək.

– Təəssüf ki, Azərbaycanın Qarabağda qurub-yaratdığı hazırkı dönəmdə Ermənistanda revanşist əhvali-ruhiyyə güclənməkdədir. Bunun səbəbini nə ilə izah edərdiniz?

– İşğalçı Ermənistan müharibəni udu­zub və bu reallıqla barışmaq istəmir. Bu, onların problemidir. Ermənilər gec də olsa, ağıllarını başlarına yığıb baş verənlərdən düzgün nəticə çıxarmağa çalışmalıdırlar. Əks təqdirdə, “Dəmir yumruq” öz yerində qalır. Azərbaycan xalqı azad etdiyi torpaq­ları göz bəbəyi kimi qorumaq əzmindədir. Buna heç kim zərrə qədər şübhə etməsin. Biz bu doğma torpaqlarımızı qəhrəman övladlarımızın qanı, canı bahasına qazan­mışıq. Bu ərazilərin hər bir qarışı bizim üçün müqəddəsdir.

– Sizcə, bölgədə yeni kommunikasiyaların açılması, xüsusilə, “Zəngilan nəqliyyat dəhlizi nələr vəd edir? Bunları reallaşdırmaq mümkün olacaqmı?

– Əlbəttə, olacaq. Bu mühüm layihə regiona və burada təmsil olunan xalqlara sülh və təhlükəsizlik gətirə bilər. Bundan necə imtina etmək olar?! Məlumdur ki, Zəngilan rayonundakı Mincivan qəsəbəsində işğaldan əvvəl dəmir yolu stansiyası yerləşirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Birinci Qara­bağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar. Relslərin bir hissəsini satmış, bir hissəsini isə tank əleyhinə istehkamlar qurmuşdular.

Azərbaycan dövləti həmin dəmir yolunu yenidən çəkməyi planlaşdırır. Artıq bu işlərə start verilib. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək.Cənab İlham Əliyev, həmçinin qeyd etmişdir ki, əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirir, Nax­çıvana dəmir yolu açacaq. Həmçinin avtomo­bil yolu da açılacaq.

Təəssüf hissilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan dövlətinin və qardaş Türkiyənin regionda və qlobal miqyasda parlaq uğurlarından ciddi təşvişə düşən qüvvələr var. Lakin tarixə ləkə atmaq, onu xəstə erməni təxəyyülünə uyğun olaraq yenidən yazmaq cəhdləri heç vaxt heç kəsə hörmət və şərəf gətirməyib. Qoy, bunu bir sıra Qərb dövlətlərində fırıldaqçı erməni lobbisinin təzyiqlərinə boyun əyənlər, sax­ta “erməni soyqırımı”nı ortaya atanlar da unutmasınlar. Tarix hər bir mühüm hadisənin ədalətli qiymətini vermişdir və bundan sonra da verəcək.

Tahir müəllim, işğaldan azad edilmiş ərazilərimizin gələcəyini necə görürsünüz?

– Mən bu sualı sizdən gözləyirdim. Hamı kimi, mən də həmin ərazilərin tezliklə laləzara çevriləcəyini çox arzulayıram və bunun tezliklə baş verəcəyinə tam əminəm. Bu gün işğaldan azad edilmiş ərazilərdə bütün bu vüsətli və genişmiqyaslı işlər ona görə icra olunur ki, bu bərəkətli torpaqların əsl sahibləri öz doğma yurdlarına, ata-baba ocaqlarına qayıdaraq burada öz xoşbəxt həyatlarını təmin edə bilsinlər. Bu, məhz belə də olacaq.

Biz, sadəcə olaraq, Vətən müharibəsi zamanı olduğu kimi, Qarabağın iqtisadi və mədəni intibahı üçün də bütün qüvvələrimizi yenidən birləşdirməyə borcluyuq. Çünki, necə deyərlər, güc birlikdədir.

 

Söhbəti qələmə aldı: Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

7 May 2021 01:03 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə