Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Avropanın dostu yox, soyqırımı törədən cinayətkar dövlətdir

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli Avropa Parlamentinin “Avropa Xalq Partiyası” fraksiyasından olan bir qrup deputatın Avropa Komissiyasının sədri Ursula fon der Lyaen və Avropa Şurasının sədri Şarl Mişelə Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan iddialardan ibarət müraciəti ilə bağlı KİV-ə müsahibəsində aşağıdakıları bildirib:

 

Əvvəla qeyd edim ki, müraciəti ünvanlayan deputatlar “Avropa Xalq Partiyası” fraksiyasını təmsil edən və əsasən, Fransa, Bolqarıstan, Yuna­nıstan, Şimali Kipr və az sayda digər ölkələrdən olan deputatlardır və təbii ki, onların mövqeyi Avropa Parlamentinin mövqeyi yox, “Avropa Xalq Partiyası” fraksiyasının mövqeyidir. Digər tərəfdən, Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqı­nın Cənubi Qafqazda strategiyasına tələblər” adlı qətnaməsində Avropa Parlamenti və Avropa İttifaqının birgə mövqeyi əks olub. Bu mövqe isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanır.

Bu sənədə istinadən Avropa Parla­mentinin 2020-ci il iyunun 19-da qəbul etdiyi qətnamədə də Azərbaycanın ərazi bütövlüyünə xüsusi dəstək ifadə edən müddəa öz əksini tapıb. Təşkilatın bu qətnaməsi işğal olunmuş torpaqla­rın zor gücünə saxlanması siyasətini kəskin şəkildə pisləməklə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prinsiplərini təsdiq və təsbit edir. Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bu sənəd Azərbaycan–Avropa münasibətlərinin fundamental prinsipləri olan sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü kimi məsələləri tam şəkildə əks etdirməklə, “Şərq Tərəfdaşlığı”nda yaxın strateji tərəfdaş olan Azərbaycanla bağlı Avropa İttifaqının yekun və konkret mövqeyinin ifadəsidir.

Məhz bu baxımdan, Avropa Parla­mentinin bir qrup deputatının Avropa Komsissiyası və Avropa Şurasının sədrlərinə ünvanladıqları məktub mahiyyət etibarilə Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına və Avropa Parlamentinin müvafiq qətnamələrinin prinsiplərinə ziddir və Cənubi Qafqazda sülhün, əmin-amanlığın təmin olunma­sına deyil, separatizm və terrorizmin, əsassız ərazi iddialarının stimullaşdırı­masına xidmət edir.

Həqiqəti təhrif edən həmin müraciətdə əsas iddialar ölkəmizdə saxlanılan erməni təxribatçı və terror­çuları ilə bağlıdır. Məktubu imzalayan deputatlar Azərbaycanın guya üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, “hərbi əsirləri” azad etmədiklərini bildirir və ölkəmizin Beynəlxalq Humanitar Hüququn və onun tərkib hisəsi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının prinsiplərini pozduğunu iddia edirlər.

Azərbaycanda saxlanılan və artıq yüksək humanizm nümayiş etdirilərək 3 nəfəri Ermənistana təhvil verilən şəxslərin hərbi əsir olmadıqlarını sü­buta yetirmək üçün onların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından xeyli sonra sax­lanıldıqlarını xatırlatmaq, həmçinin Azərbaycan hərbçilərini, mülki şəxsləri qətlə yetirməklə xüsusilə ağır cinayətlər törətdiklərini vurğulamaq yetərlidir. Həmin şəxslər müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə gələrək təxribat və terror aksiyaları törətdiklərinə görə, onların əməlləri Cenevrə kon­vensiyasının yurisdiksiyasına aid edilə bilməz.

Sözügedən deputatların məktubunda müharibədə itkin düşmüş erməni hərbçilərinin Ermənistan tərəfinin iddialarına istinad olunmaqla, guya, Azərbaycanda saxlanılması barədə şübhə və ehtimalların irəli sürülməsi isə hüquqi nihilizmin, siyasi avantyura və qərəzin bariz nümunəsi sayıla bilər. Azərbaycan yalnız hərbi əməliyyatlar za­manı əsir düşən hərbçilərlə bağlı öhdəlik götürüb və öhdəliyini də yerinə yetirib. Bu qondarma humanizm tərəfdarları Azərbaycanın illər boyu Ermənistanı “hamının hamıya” prinsipi əsasında əsir və girovları azad etməyə çağıranda və rəsmi İrəvan bundan boyun qaçıranda harada idilər? Azərbaycanlı əsir və gi­rovlara qarşı Ermənistanın törətdiyi ağ­lasığmaz vəhşiliklərə hansı səbəblərdən göz yumurdular?

Müraciətin mətnində Ermənistan ombudsmanının “hesabatına” istinadən absurd iddiaların irəli sürülməsi, əslində mətnin harada hazırlandığını nümayiş etdirir. Yəni əlavə şərhə ehtiyac yoxdur.

Milli Məclisin deputatı Azər Kərimli qərəzli məktubun ermənipərəst müəlliflərinin işğalçı Ermənistanı “Av­ropanın dostu” adlandırmaları və bu ölkənin, guya, “münaqişəyə görə böyük dəyər ödədiyini” bildirmələri ilə bağlı deyib:

– Ermənistanın “ödədiyi dəyər” göz önündədir. Azərbaycanın viran edilmiş şəhər və kəndləri, dağıdılmış mədəni və tarixi abidələr, ziyarətgahlar, yüzminlərlə insanın oğurlanmış uşaqlığı, gəncliyi, ağlasığmaz insan faciələri... Ermənistan bütün bu cinayətlərə görə cavab verəcək və bu ölkə törətdiklərinin real dəyərini ödəməli olsa, onillər boyu bütün büdcəsini Azərbaycana təzminat ödəməyə sərf etməlidir.

Ermənistanın “Avropanın dostu” olduğuna gəldikdə isə “Avropa Xalq Partiyası” fraksiyasının təmsilçiləri bu ölkənin Azərbaycan torpaqlarında törətdikləri, hətta feodal dövrü insanının belə özünə rəva bilməyəcəyi əməllərə qanlı imza atan, insanlıq əleyhinə cinayətlər törədən bir ölkəni “Avropanın dostu” hesab edirlərsə, o zaman bizim tanıdığımız Avropa, çox güman ki, onların təfəkküründə inkvizisiya dövrünə qayıdıb. Bunun başqa izahı yoxdur.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

7 May 2021 00:57 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə