Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Parlamentinin ermənipərəst üzvləri Avropa dəyərlərinə zərbə vururlar

Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa Parlamentinin 119 üzvünün Avropa İttifaqı rəhbərliyinə müraciətinə cavab olaraq mediaya açıqlamasında bildirib:

– AP üzvləri Andrey Kovaçev (Bolqarıstan), Fransua Bellami (Fransa) və Lukas Furlas (Cənubi Kipr) birgə təşəbbüs göstərərək AP-nin 119 üzvünün imzası ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyaenə və Avropa Şurasının Prezidenti Şarl Mişelə məktub ünvanlayıb. Məktubun surəti həmçinin Aİ Xarici Siyasət İdarəsinin rəhbəri Jozep Borelə göndərilib.

 

 

Həmin məktubda Azərbaycan və Rusiya prezidenrlərinin və Ermənistan baş naziri­nin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Birgə Bəyanatın 8-ci bəndinə istinad edilərək, müharibə əsirlərinin və eləcə də cəsədlərin qarşılıqlı şəkildə “hamının ha­mıya prinsipi” üzrə dəyişdirilməli olduğu, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bu öhdəliklərin Ermənistan tərəfindən dərhal yerinə yetirildiyi, guya, Azərbaycan tərəfindən isə nəinki yerinə yetirilmədiyi və hətta hərbi əməliyyatların dayandırılmasından sonra da yeni əsirlərin götürüldüyü iddia olunur. AP üzvləri Azərbaycan tərəfindən, guya, 1949- cu il Cenevrə Konvensiyasının tələblərinin pozulduğunu iddia edir və Aİ rəhbərlərindən erməni hərbi əsirlərinin qeyd-şərtsiz ola­raq dərhal Ermənistana qaytarılmasını Azərbaycandan tələb etməyə çağırırlar.

Bununla əlaqədar həmin deputatlara xatır­latmağı zəruri bilirik ki, hələ keçən əsrin 80-ci illərinin sonunda Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması, 25 mindən çox insanın vəhşicəsinə qətlə yetirilməsi, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi bütün dünyanın, o cümlədən demokratiya və insan haqlarını yüksək tutduğunu iddia edən Avropanın gözü qarşısında baş verib. O zaman bütün dünya və xüsusilə, bölgənin yaxın qonşuluğunda yerləşən Avropa səlahiyyətliləri Azərbaycana və onun vətəndaşlarına qarşı törədilən bütün cinayətlərə susqunluq nümayiş etdirirdilər. Azərbaycan torpaqlarının işğalını pisləyən və erməni hərbi qüvvələrinin bütün işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılma­sını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri isə 30 il ərzində kağız üzərində yerinə yetirilməmiş qalmışdı.

Yüzlərlə yaşayış məntəqəsini viran qoymuş, minlərlə insanın həyatına son qoymuş Ermənistan ordusunun 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında sax­laması heç vaxt Avropa parlamentarilərini hərəkətə gətirə bilmədi. Azərbaycan tor­paqlarında ermənilər tərəfindən törədilmiş etnik təmizləmə, vandalizm və müharibə cinayətlərinin izləri bu gün də işğaldan azad olunmuş ərazilərdə qalmaqdadır.

Ermənistan hərbi qüvvələri tərəfindən yer üzündən silinmiş Xocalı şəhərində, Baş­lıbel, Ağdaban və onlarla digər kəndlərdə ermənilərin törətdiyi soyqırımı hadisələrinə səssiz qalmış Avropa Parlamenti üzvləri bu gün ermənilərin uydurduğu saxta ittihamlara qoşularaq həqiqətə uyğun olmayan iddialarla Azərbaycan dövlətinə, onun Ordusuna və vətəndaşlarına qarşı böhtan kampaniya­sında xüsusi fəallıq göstərirlər. AP üzvləri erməni lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirmək üçün Aİ -nın yüksək rütbəli rəhbərlərinə yalan informasiya verməkdən belə çəkinməyiblər.

Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Azərbaycanda saxlanıldığı müddət ərzində erməni hərbi əsirlərlə və digər mülki şəxslərlə Azərbaycanın qoşulduğu bütün beynəlxalq sənədlərin, o cümlədən Cenevrə Konvensiyasının tələblərinə uyğun davranıl­dığını və Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyasına mütəmadi olaraq onlarla görüşmək imkanı yaradıldığını vurğulayaraq əlavə edib:

– 10 noyabr 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan üçtərəfli bəyanatın müvafiq bəndinə uyğun olaraq müharibə dövründə əsir götürülmüş bütün hərbçiləri və digər sax­lanılmış şəxsləri Ermənistana qaytarıb və bu­nunla da Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərləri arasında imzalanmış Birgə Bəyanatdan irəli gələn bütün öhdəliklərini tam şəkildə yerinə yetirib. Bu günə qədər Azərbaycan 70-dən çox hərbi əsiri və saxlanılmış digər şəxsləri, eləcə də 1500- dən çox döyüş bölgələrində tapılmış erməni hərbçilərinin cəsədlərini Ermənistana təhvil verib. Azərbaycan Respublikasının Hərbi Pro­kurorluğu hərbi əməliyyatların gedişi zamanı qanunazidd hərəkətlərə yol vermiş hərbçilər haqqında istintaq aparıb və 4 hərbi qulluqçu haqqında cinayət işi açıb.

Torpaqlar işğaldan azad edildikdən sonra Azərbaycan təcavüzkar Ermənistanı münaqişə səhifəsini birdəfəlik qapatmağa və bölgədə sülhü və təhlükəsizliyi bərqərar etmək üçün regional əməkdaşlığa qoşulma­ğa dəvət edib. Ermənistan isə əməkdaşlıq çağırışlarına reaksiya verməyərək beynəlxalq miqyasda Azərbaycana qarşı əks təbliğat aparmağa qərar verib.

Ermənistan nə beynəlxalq qanunlara, nə də imzaladığı üçtərəfli Birgə Bəyanatın müddəalarına məhəl qoymayaraq Azərbaycan tərəfindən hələ birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın əsir gö­türülmüş və itkin düşmüş insanlar barədə hər hansı bir məlumat verməkdən, eləcə də vaxtilə işğal etdiyi torpaqlarda minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir. Bugünədək 100-dən çox dinc sakin erməni hərbçiləri tərəfindən torpaqlarımızda basdırılmış minaların part­laması nəticəsində həlak olub. Belə faktlara göz yumaraq insan haqlarından, beynəlxalq və humanitar hüquqdan danışan AP üzvləri isə Ermənistanın təcavüzkar hərəkətlərini pisləmək əvəzinə, Azərbaycana qarşı erməni lobbiçiləri tərəfindən aparılan qərəzli təbliğat kampaniyalarında həvəslə iştirak edirlər.

AP deputatlarının yanlış istiqamətə yönləndirilriyini söyləyən azərbaycanlı həmsədr əsl həqiqəti bir daha onların nəzərinə çatdırıb:

– Hərbi əməliyyatlar dayandırıldıqdan və münaqişənin başa çatması elan olunduqdan 3 həftə sonra Ermənistan tərəfindən terror və diversiya aktları törətmək üçün Azərbaycan ərazilərinə göndərilmiş Ermənistan hərbiçiləri azad olunmuş ərazilərdə çalışan dinc vətəndaşlara və habelə hərbi xidmət aparan Azərbaycan Ordusunun hərbi qulluqçularına hücum edərək 4 hərbçinin və 1 mülki şəxsin həyatına son qoymaqla cinayət törədiblər. Törədilən cinayət əməllərinin araşdırılması və qanunauyğun tədbirlərin görülməsi üçün saxlanılmış Ermənistan hərbçiləri istintaqa cəlb olunublar.

Baş vermiş bu hadisələrlə bağlı bütün maraqlı tərəflərə, o cümlədən ictimaiyyətə, ərazidə yerləşmiş Rusiya sülhməramlı qüvvələrinə və Ermənistan siyasi-hərbi rəhbərliyinə məlumat verilib. Bütün bunlara baxmayaraq, Avropada şəbəkələnmiş erməni lobbi təşkilatları və onların maraqlarına xidmət edən bəzi Avropa siyasətçiləri erməni hərbçilərinin törətdiyi cinayət hadisəsini Avro­pa rəsmi qurumları və beynəlxalq təşkilatlar qarşısında “humanitar məsələ” kimi təqdim etməyə və bununla da Azərbaycana təzyiq göstərilməsinə nail olmağa cəhd edirlər.

Cavanşir Feyziyev açıqlamasının so­nunda qeyd edib ki, beləliklə, Azərbaycana qarşı irəli sürülən beynəlxalq konvensiyaların pozulması haqqında iddialar həqiqətə uyğun deyil: “AP üzvlərinin bilərəkdən belə saxta məlumatlara əsaslanaraq Aİ rəhbərliyinə müraciət etməsi təəssüf doğurur. Avropa­da erməni maliyyə qaynaqlarından yarar­lanmaq istəyən AP üzvlərinin bu cəhdləri mənəviyyatdan və siyasi əxlaqdan uzaqdır və bütün sivil dünyanın, o cümlədən Aİ rəhbərliyinin diqqətinə yox, qınağına la­yiqdir. Yalnız erməni yalanlarını rədd edən qınaq bəyanatlarını səsləndirəcəkləri hal­da beynəlxalq təşkilatlar və Aİ institutları özlərinin elan etdiyi “Avropa dəyərlərinə” sadiqliyini nümayiş etdirmiş olacaqlar”.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

7 May 2021 00:55 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə