Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan dünya birliyini öz riya və təxribatlarına ortaq etməyə çalışır

Qırx il öncə, ABŞ-ın 40- cı Prezidenti Ronald Reyqan “erməni soyqırımı” ilə bağlı araşdırma aparılmasına tapşırıq verəndən sonra ortalığa çıxan mənzərəni Prezidentin məsləhətçisi Bryus Feysn belə şərh edirdi: “Reyqanın tapşırığı­na əsasən, o zaman biz bu məsələ ilə əlaqədar araşdırma apardıq. Həmin vaxt Avropa ölkələrinin və Osmanlı imperiya­sının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq.

 

Araşdırmalar göstərdi ki, ermənilərin “soyqırım”la bağ­lı söylədikləri əsassızdır. “Erməni soyqırımı” haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin dövrdə Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlar­dan yararlanırdı. Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, suriyalılar, ərəblər və digər azlıqlar o vaxt Türkiyədə yetərincə yüksək vəzifə tuturdu. Ancaq ermənilər daha çox imtiyazdan istifadə edirdilər. I Dünya müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin - çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdü. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Əgər bu arxivləri aç­mağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalan­larına görə üzr istəməli olacaq”.

R.Reyqan o zaman işlətdiyi “erməni soyqırımı” ifadəsi ilə necə böyük yanlışlığa yol verdiyini anlamışdı. 40 il keçəndən sonra bu məsələnin yenidən gündəliyə gətirilməsi Ermənistanı xilas etmək cəhdidir. Əslində, Ermənistan yanlış siyasətdən xilas edilməli, beynəlxalq hüquqa hörmət göstərməyə, mehriban qonşuluğa, terroru, separatiz­mi dəstəkləməkdən imtinaya çağrılmalı­dır. Əsl xilas yolu budur.

Ermənistan saxta və uğursuz dövlətdir, Ermənistan siyasi - hərbi rəhbərliyi həmişə eyni vaxtda iki stulda oturmağa çalışıb. Bütün rəsmi ideologiyalar Ermənistann rəhbərliyi üçün öz erməniliklərini yeritmək, xəstə təxəyyüllərini maddi müstəvi üzərində reallaşdırmaq üçün bir vasitə olub. Erməni ictimai - siyasi fikri daşnak­sutyunçuluq – yəni, terror, separa­tizim, yalan, məkr, riya, qan - qada, ölüm üzərində bərqərar olub. Tarixi, mədəniyyəti, məişəti saxtakarlıqlar üzərində qurulmuş Ermənistanın sabaha boylanışı da yalanlarla doludur. Olmayan “erməni soyqırım”ı yalanı ilə onilliklər boyu dünya birliyini riya və təxribatlarına ortaq etməyə çalı­şan bir zehniyyət heç kəsdən dəstək görməməliydi.

Türkiyəni 106 il öncə baş verməyən “soyqırım”da suçlamaq yerinə, KTMT üzvü Ermənistanın 29 il öncə törətdiyi təkzibolunmaz Xocalı Soyqırımını tanısın. Həqiqətin bir üzü, bir adı var: I Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili çəkişmələr, aclıq və xəstəliklər üzündən çox sayda türk, erməni və digər millətlərə mənsub in­sanlar həyatını itirib. Üstəlik, ermənilər onların himayə etmiş xalqa, dövlətə xəyanət edərək, onları silahlandıran yadellilərlə birləşib, dinc əhalini qırıb, körpələri, qocaları, xəstələri işgəncə ilə öldürüb. Türkiyə öz arxivlərini açmağa hazırkən, Ermənistanın öz arxivlərini bu mövzuda qapalı tutma­sının səbəbi öyrənilməlidir. Aydındır ki, rəsmi İrəvanın dünyanın hər yerinə gedib çıxan çirkin siyasətinin arxasında olmamış “soyrım”a görə Türkiyədən təzminat almaq, necə deyərlər, ölüdən pul qazanmaqdır.

Guya üç – Ağ dəniz, Qara dəniz, Xəzər dənizinədək uzanmış xəyali “böyük Ermənistan” avantürasından ayılmamış Ermənistanın dünyanı onilliklər boyu “soyqırım” mövzusun­da zinhar etməsi, Türkiyədən torpaq qoparmaq qara niyyətinə bağlıdır. Özü tarixi Azərbaycan torpaqlarında qurul­muş Ermənistanın torpaq iddialarının necə fəlakətlər törətdiyini biz yaxşı bilirik. Ermənistanın, dünya erməniliyinin tarixi faktları saxtalaşdırması, əsassız iddialar üzərində gələcək inşası təkcə Türkiyəyə və Azərbaycana qarşı olmayıb, bütün qonşulara qarşı yönəlib. Gürcüstanda Axalkələki bölgəsinə açıq - gizli iddialar irəli sürən erməni cəmiyyətinin, orada Gürcüstan dövləti üçün siyasi - milli, etnik təxribatlar üçün hər cür zəmin hazırladığı sirr deyil. Hələ 1918 - ci ildə indiki İran ərazisində də soyqırım aktları törətmiş ermənilərin bu hərəkətləri nə üçün etdiyi aydındır: yerli əhalini didərgin salıb, yeni ərazilər əldə etmək...

Azərbaycan bədnam “24 aprel bəyanatı”nın verildiyi andan etibarən, dövlət - xalq birliyi və qardaşlıq ruhu ilə haqsızlığı qınayıb, qardaş ölkəyə birmənalı dəstək nümayiş etdirib. Azərbaycan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Belə bəyanat vermə qərarın yanlış olduğunu qeyd edən, onu tarixi səhv adlandıran Prezident İlham Əliyev, Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Dövlət başçımız haqlı olaraq məlum bəyanatın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Aprelin 24- də, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop arasında, Xarici İşlər nazirləri Ceyhun Bayramov və Mövlud Çavu­şoğlu arasında telefon danışığı olub. Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan hər iki telefon danışığında da qondarma “erməni soyqırımı” ilə əlaqədar bəzi siyasətçilərin bəyanatı qınanıb. Qardaş ölkələrin spikerləri, xarici işlər nazirləri bədnam bəyanatın qəbuledilməzliyini ifadə edərək, region dövlətləri arasında sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlərin yaran­dığı dönəmdə belə bəyanatların bu ümidlərin üstündən qara xətt çəkməyə xidmət etdiyini söyləyib.

Məmnunluqla vurğulamalıyıq ki, respublikamızda fəaliyyət göstərən 48 siyasi partiya da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirərək, xüsu­si bəyanatla çıxış edib. Bəyanatda Türkiyənin haqlı mövqeyi birmənalı müdafiə olunaraq, qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyi qətiyyətlə pislənilib: “Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı - ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir”. Eyni mövqeni Milli QHT Forumunun bəyanatında, ayrı - ayrı vətəndaş cəmiyyəti institutlarının, nüfuzlu ziyalıla­rın açıqlamalarında da görə bilərik.

Beləliklə, Azərbaycan Prezidenti başda olmaqla dövlətimiz, xalqımız, cəmiyyətimiz rəsmən və qəlbən qardaş Türkiyənin yanında olduğumuzu bir daha sübut etdi. Türk Şurası, Türk Akademiyası, TÜRKSOY, TürkPA, Türk Mədəniyyəti və İrsi Fondu rəhbərliyi də məlum bəyanatdan narahatlıq və Türkiyəyə dəstək ifadə edib.

Türkiyə belə sınaqları çox görüb və sübut edib ki onu haqsızlıqla barış­dırmaq mümkün deyil! Türk dövləti və xalqı heç şübhəsiz sonrakı dönəmdə də öz əzmkarlığı və yenilməzlik ruhu ilə seçiləcək! İtirən isə Ermənistan və havadarları olacaq.

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

7 May 2021 00:48 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə