Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycançılıq məfkurəsinin təntənəsi

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub­dur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoru­yub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir.

Heydər ƏLIYEV

Ümummilli lider

 

Dünya təcrübəsi də təsdiqləyir ki, böyük şəxsiyyətlər təkcə tarix yaratmır, onun istiqamətini öz xalqlarının mənafeyinə uyğun­laşdırmağı da bacarırlar. İyir­minci əsrin siyasət fenomeni Heydər Əlirza oğlu Əliyev belə tarixi şəxsiyyətlərdəndir. Bəşəriyyət duyurdu, görürdü, bilirdi və inanırdı ki, bu dahi şəxsiyyət ömrünü milli-xəlqi ruhun yaşadılmasına həsr edir.

Azərbaycançılıq ideologiyasının yaradıcısı olan Heydər Əliyev sovet dönəmində də, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra da öz xalqının və milli dövlətçiliyin mənafeyi naminə misilsiz xidmətlər göstərmişdir.

Xüsusi xidmət orqanları əməkdaşının geniş dünyagörüşə, yüksək təfəkkürə, analitik təhlil qabiliyyətinə, möhkəm iradəyə, qətiyyətə, gözəl, səlis nitqə malik olması başlıca şərtlərdən he­sab edilirdi. Həm də Sovet İttifaqı kimi geniş ideoloji şəbəkəsi olan dövlətdə bu tələblər kəskin şəkildə qoyulmuşdu. Heydər Əliyev 1941-ci ildə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, Xalq Komissarları Sovetində işləyib, 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarına göndərilib. 1969-cu ilə kimi Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində işləyib. DTK sədrinin müavini və sədri olub. 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyib.

Yaşanılmış illərə nəzər salanda aydınlığı ilə görünür ki, bu cür mühüm vəzifələrdə işləyən böyük tarixi şəxsiyyət bu illəri belə bir amalla ömürləşdirib: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu kəlam böyük tarixi şəxsiyyətin özü­nün də, dövlətçiliyə söykənən ideologi­yasının da manifesti olub.

Sovetlər dönəmində müttəfiq respublikada İttifaq miqyaslı sənaye müəssisəsi yaratmaq imperiya­nın siyasətinə uyğun gəlmirdi. Belə müəssisəni yaratmaq üçün müttəfiq respublikanın rəhbərinin kifayət qədər böyük nüfuzu, eyni zamanda, dönməz iradəsi və güclü məntiqi olmalı idi. Bakı­da Elektron Hesablama Maşınları zavo­du, Radiozavod, Ozon zavodu, Məişət Kondisionerləri zavodu... yaradıldı. Bu müəssisələr gənclərin şəhərə axınında, deməli, təhsil almasında, işləyə-işləyə ali, orta ixtisas məktəblərində oxuma­sında, formalaşmasında, daha geniş dünyagörüşünə malik olmasında kifayət qədər əhəmiyyətli idi. Həm də iqtisadiy­yat, müəyyən mənada, maarifçilyi də sürətləndirdi.

Böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrü azərbaycançılıq ide­ologiyasının yaşadılmasında mü­hüm bir mərhələ adlandırmaq olar: Azərbaycanlı gənclərin İttifaqın nüfuzlu universitetlərində təhsil almasını təmin etdi. Bu, həm Azərbaycan üçün yüksək elmi qabiliyyətli kadrların hazırlanma­sına göstərilən qayğı, həm də dünya elminə, mədəniyyətinə, incəsənətinə inteqrasiya kimi dəyərləndirilməlidir. Bu məzunların sonralar Azərbaycan elm və mədəniyyətinin inkişafında böyük xidmətləri oldu.

O illərdə sovet ideologiyasının gizlin şaxələrinin hara apardığını duymaq, təxmin etmək çətin olsa da mümkünsüz deyildi. Bu gizlinlərdən incəliyə qədər halı olan böyük tarixi şəxsiyyət Heydər Əliyev doğma Azərbaycanın sabahını düşünməyə bilməzdi. Bu mənada, o, xalqımızın müstəqillik dönəmi üçün ehtiyac duyulacaq sahələr üzrə kadr hazırlığına diqqəti yönəltdi. Bunların biri də Azərbaycanda ixtisaslaşmış hərbi məktəbin yaradılması idi. SSRİ hökuməti əyalətdə (müttəfiq respub­likalar imperiya üçün əyalət idi) belə bir məktəbin yaradılmasının qarşı­sını ala bilmədi. “Naxımov, Suvorov adına ibtidai hərbi məktəblər varsa, buna ehtiyac yoxdur” məntiqi də dahi rəhbərin qətiyyət yüksəkliyini aşa bilmədi. Bu məktəbin Azərbaycanın sonrakı taleyində – müstəqilliyi bərpa olunduqdan sonra, istər hərbçi kadrların hazırlanması baxımından, istərsə də Qarabağda gedən döyüşlərdə nə kimi əhəmiyyətə malik olduğunu xatırlat­mağa ehtiyac yoxdur. Bu məktəb həm də yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətə malik olub, indi də belədir.

O vaxt Azərbaycan ədəbiyyatının, incəsənətinin istər İttifaq, istərsə də dünya mədəniyyətinə inteqrasiyası yüksək səviyyədə təmin edilirdi. Bö­yük ədiblərin, mədəniyyət, incəsənət xadimlərinin adının əbədiləşdirilməsi də azərbaycançılıq ideologiyası­nın yaşarlılığının təntənəsi idi. Bu təntənə azərbaycanlıların bəşəri xalq, Azərbaycan Respublikasının bəşəri dövlət olduğunu təsdiqləyirdi.

Ulu öndərin xalqımız qarşısın­dakı xidmətlərindən danışarkən, ilk növbədə, ötən əsrin doxsanıncı illərinin əvvəllərində – Azərbaycanın bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı zamanda Heydər Əliyevin xilas­karlıq missiyası göz önünə gəlir. Məhz belə bir zamanda dahi şəxsiyyət xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı düşdüyü ağır durumdan xilas edə bildi. Bu qayıdış Azərbaycanın müasir tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu.

Məlum olduğu kimi, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmala­rı cəmiyyətdə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasının alovlan­masına səbəb olmuşdu. Hakimiyyətin səriştəsizliyi, dövlət idarəçiliyi sistemi­nin böhranı, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, respublikada qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranma­sı, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldır­ması Azərbaycanın bir dövlət kimi varlı­ğına son qoya bilərdi. Ölkədə səriştəsiz idarəermə nəticəsində bütün sahələri böhran bürümüşdü. Bir sözlə, ölkənin taleyi, xaosdan xilası möcüzədən asılı vəziyyətdə qalmışdı.

Belə bir vaxtda – 1993-cü ilin iyu­nunda xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. Ulu öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parçalanmaq, dağılmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanı xilas etdi. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinə şanlı səhifələr yazıldı.

Dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr sax­lamağa başladı, neçə-neçə beynəlxalq kontrakt, o cümlədən “Əsrin müqaviləsi” imzalandı. Respublikada bütün sahələr üzrə dinamik inkişafın əsası qoyuldu, bununla da Azərbaycanın iqtisadi inkişa­fına əsaslı zəmin yaranmaqla ölkəmizin beynəlxalq nüfuzu da yüksəldi.

Dövlətçilik siyasətinin başlıca mahiyyəti azərbaycançılıq məfkurəsi olan ulu öndər Heydər Əliyev müxtəlif dövlət strukturlarında işləyən vəzifəli şəxslərə rəsmi çıxışlarında da, müsahibələrində də bu məfkurənin tərkib hissələri kimi, milli mədəniyyəti, incəsənəti, rəngkarlığı, ədəbiyyatı xal­qın, dövlətçiliyə ehtiramı səviyyəsində inkişaf etdirilməsini tövsiyə edirdi. Böyük tarixi şəxsiyyətin ömür yolu ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinə qayğısı bütün məmurlara, ictimaiyyətə, o cümlədən gənclərə ən gözəl örnək idi.

“Bizim bugünkü gəncliyimiz sağ­lam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” – Ümummilli liderimiz Heydər Əliyev belə deyir və ölkədə gedən demokratik islahatlara, insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sis­temli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.

Azərbaycan gənclərinin birinci forumunda bu barədə danışan ulu öndər demişdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.

Ümummilli lider müstəqillik dövründə hakimiyyətə qayıtdıqdan sonra da gənclər siyasətini diqqətdə saxladı. Bununla bağlı neçə-neçə sərəncam imzaladı.

Ulu öndərin Azərbaycanda digər sahələrdə də başladığı işlər dövlət müstəqilliyinin bərpasından sonra da davam edirdi. Azərbaycanın ədəbiyyat, incəsənət, mədəniyyət tarixində misilsiz xidmətləri olmuş tarixi şəxsiyyətlərin adının əbədiləşdirilməsi milli mentalitet səviyyəsinə yüksəldildi. Beynəlxalq ictimaiyyət “Kitabi-Dədə Qorqud” das­tanının 1300 illiyinin təntənəli şəkildə qeyd olunmasını tarixə böyük ehtiramın nəticəsi kimi dəyərləndirdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra özünümüdafiə batalyonlarının buraxılması, orduda vahid komandan­lığın təmin edilməsi nəticəsində Silahlı Qüvvələrimizin nizami ordu kimi for­malaşmasının başlanğıcı oldu. Heydər Əliyev irsinə sədaqət kimi ordu qurucu­luğu dövlət üçün prioritet məsələlərdən biri olaraq, həmişə diqqətdə saxla­nılır. Ordunun maddi-texniki bazası genişləndirilir, silah-sursat arsenalı artı­rılırdı ki, bunlar da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin edirdi.

Azərbaycan Respublikasının Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı Heydər Əliyev şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün tez-tez ön xətdə, səngərlərdə zabit və əsgərlərlə söhbət edir, onlara vacib tövsiyələrini verirdi ki, bunlar da öz təsirini göstərirdi. Ordu quruculuğunda Heydər Əliyev mərhələsi şəxsi heyətin döyüş qabiliyyətinin mənəvi-psixoloji hazırlıqla üzvi şəkildə tamamlanması kimi tarixləşdi.

Digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da qlobal islahatlara baş­lanıldı. Yerli müdafiə batalyonları buraxıl­dı, orduda vahid komandanlıq yaradıldı. Az vaxt ərzində Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başla­dı. 1994-cü ilin yanvarında ulu öndərin sərkərdəliyi ilə uğurlu Horadiz əməliyyatı keçirildi. Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi, Cəbrayıl rayonunu Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu əməliyyatla qazanılan qələbə ordumuzun döyüş əzmini artırdı, qələbə ruhunu yüksəltdi. Bunlar Azərbaycanda ordu quruculuğunda nizami ordunun formalaşması mərhələsi oldu.

Azərbaycan Respublikasının Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev ulu öndərin siyasi kursunu ordu quruculuğunda da uğurla davam etdirməklə Azərbaycan Ordusu­nu dünyanın ən güclü orduları sırasına çatdırdı. Ölkə Prezidentinin dediyi kimi, indi “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır.”

Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Bu uğurlu, qətiyyətli siyasətin nəticəsidir ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli sərkərdəliyi ilə Azərbaycan Ordusu Ermənistan qoşun­larını darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbə ulu ödərin ideyalarının, onun azərbaycançılıq məfkurəsinin təntənəsi oldu.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

7 May 2021 00:46 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə