Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir

Mayın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşkilatçılığı ilə Füzulidə “Zəfər yolu”nun tikinti işləri ilə tanışlıq məqsədilə media nümayəndələrinin səfəri təşkil olunub. Media nümayəndələrinə Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun inşası barədə məlumat verilib.

Bildirilib ki, bu yolun inşası Prezident İlham Əliyevin tapşırıq və Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək davam etdirilir.

Ötən il noyabr ayının 16- da, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zama­nı təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yolboyu gediş-gəliş təmin olunub.

“Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolun­dan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin baş­çısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avto­mobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstis­marı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpod­ratçı olaraq yol tikintisi sahəsində ix­tisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Az­virt” MMC birgə icra edir.

Hazırda sözügedən avtomobil yolunda torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyun­ca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 136 dairəvi boru və 14 düzbucaqlı su keçidləri, bundan başqa müxtəlif ölçülü 10 yeraltı keçid, həmçinin zəruri olan yerlərdə 4 avtomobil körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 111,4, 45, 90 və 93,4 metr olmaqla yolun 26,9, 37,2, 37,6 və 57,3-cü ki­lometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.

“Zəfər yolu” inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə 8 yerdə kəsişir və kəsişmələrdə yolötürücülərinin tikintisi nəzərdə tutulub. Tikintiyə cəlb olun­muş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin mi ­nalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürətləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

Tikinti işləri “İnşaat norma və qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

“Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20- dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiya­da həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsep­siyasının ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Pre­zident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

AZƏRTAC

7 May 2021 00:16 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə