Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Gürcüstan əlaqələri dinamik inkişaf edir

 

 Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra inkişaf mərhələsinə daxil olub. Beləliklə, 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirliyi fəaliyyətə başlayıb. İki dövlət arasında birgə iqtisadi komissiyanın səmərəli işi də əməkdaşlığı getdikcə gücləndirib. Bundan başqa, hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb.

Ötən dövr ərzində Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısı olub və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirib. Burada onu da xatırlatmaq istərdik ki, 2008-ci il mart ayının 14-də BMT Baş Məclisində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin qəbulu ilə bağlı keçirilən səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib.

Əlbəttə, hər iki dövlət arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayıb. Son illərdə isə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki dövlətin parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradıb.

Gürcüstan rəsmilərinin timsalında dəfələrlə bəyan edilib ki, Azərbaycanın mövcud xarici siyasət kursu həm regional əməkdaşlıq və təhlükəsizliyə mühüm strateji töhfədir, həm də Gürcüstan–Azərbaycan münasibətlərinin əsaslarını dinamik şəkildə möhkəmləndirir.

Yeri gəlmişkən, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırılıb. Təkcə onu demək kifayətdir ki, indiyədək Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmayıb. Bütün gerçəkləşdirilən regional layihələrin əsas təşəbbüskarı qismində də məhz Azərbaycan çıxış edib.

Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar, bir-birinə dəstək olublar. Hazırda isə iki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu, Azərbaycan və Gürcüstanın indiyədək birgə fəaliyyət göstərdikləri meqalayihələrin reallaşmasında özünü aydın göstərib. Onu da qeyd edək, həmin təşəbbüslərin gerçəkləşməsi regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verib. Başqa sözlə, Cənub Qaz Dəhlizi və TAP layihələrinin həyata keçirilməsi ilə Gürcüstan və Avropanın enerji təhlükəsizliyində yeni mərhələnin əsası qoyulmaqla bərabər, tərəflər arasında əməkdaşlıq münasibətinin möhkəmlənməsinə əsaslı təsir göstərilib.

Gürcüstandan iki ixrac neft kəməri və iki ixrac qaz kəmərimiz keçir. Perspektivdə Şərqdən-Qərbə yükdaşımalarda Azərbaycanın əhəmiyyətli paya sahib olmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti də qonşu ölkədən keçir.

Hazırda koronavirus pandemiyası ilə əlaqədar olaraq, insanların səyahət imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Lakin gediş-gəliş açıq olan zamanlarda Gürcüstana gələn turistlərin arasında Azərbaycan əhəmiyyətli paya sahib olub.

Bu gün Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq nünasibətləri dinamik inkişaf edir. Azərbaycan şirkətləri qonşu dövlətə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla, həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir.

Hazırda Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi, Gəncə şəhəri ilə Kutaisi və Rustavi, Sumqayıt ilə Rustavi, Şəki ilə Telavi şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb. Bu şəhərlərin rəhbərləri və ictimaiyyət nümayəndələri arasında görüşlər keçirilir, qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunur, birgə layihələr reallaşdırılır.

Prezident İlham Əliyev mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edərkən də iki ölkə arasındakı münasibətlər haqqında ətraflı danışılıb. Dövlətimizin başçısı deyib: “Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir…”.

Azərbaycan Prezidenti söhbətində ötən illər ərzində enerji və nəqliyyat layihələrinin iki ölkə tərəfindən yüksək səviyyədə reallaşdırılmasını vurğulayaraq, bu təşəbbüslərin gerçəkləşdirilməsi nəticəsində regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsinin dəyişdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu uğurun əsasında qarşılıqlı tərəfdaşlığın mühüm rol oynadığını xüsusi vurğulayıb: “Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edirəm, bizim əməkdaşlığımız olmasaydı bu, mümkün olmazdı. Buna görə, bu vacib layihənin icrasına davamlı dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə dərindən minnətdaram. Bizim birlikdə start verdiyimiz bütün digər təşəbbüslərin də yaxşı uğur hekayəsi var. Əminəm ki, gələcəkdə də belə olacaq”.

İki ölkə arasında getdikcə genişlənən əlaqələrdən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biridir. Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında Gürcüstan hökumətinin həyata keçirdiyi islahatların bariz ifadəsidir.

Hazırda iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müəyyən layihələr həyata keçirilir. Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması buna misal ola bilər. Xatırladaq ki, bu layihə Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşdırılır.

Sözügedən layihə önəmli olmaqla bərabər, həm də innovativ ideyadır. Bu təşəbbüsdə yalnız infrastrukturun inşası nəzərdə tutulmur. Eyni zamanda, iki ölkənin informasiya sistemlərini birləşdirən rəqəmsal platformanın yaradılması planlaşdırılır. Başqa sözlə, bu layihənin reallaşması ilə sərhəddən keçid prosesi əhəmiyyətli dərəcədə asanlaşacaq, həmçinin CAREC dəhlizi üçün yaxşı model olacaq.

Bundan başqa, mədəni, humanitar sahədə də iki ölkə arasında münasibətlər tarixi baxımdan bu gün də çox sıx və inteqrativdir. Turizmdən başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi mövcuddur. İki qonşu ölkə istər beynəlxalq, istərsə də regional təşkilatlarda daim bir-birilərini dəstəkləyir. İkitərəfli və üçtərəfli diplomatik formatda yeni regional əməkdaşlıq platformasının yaradılması bunun parlaq ifadəsidir.

Burada bir məsələni də qeyd etmək istərdim. Bu, Azərbaycanın Gürcüstana xeyirxah qonşuluq münasibəti, çətin, ağır günlərdə bu dövlətin yanında olması ilə bağlı məslədir. Bu barədə BMT Baş katibinin səhiyyə məsələləri üzrə məsləhətçisi Giorgi Pxakadze mətbuata verdiyi müsahibədə bildirib ki, koronavirus pandemiyası ilə mübarizə sahəsində Azərbaycanın köməyi olmasaydı, Gürcüstanda bu xəstəliyin qurbanlarının sayı daha çox olardı.

G.Pxakadzenin sözlərinə görə, koronavirusun ikinci dalğası zamanı Azərbaycan Gürcüstanı böyük problemlərdən xilas edib: “Azərbaycan keçən ilin noyabr ayında Gürcüstana tibbi oksigenlə bağlı yardım etməsəydi, bizim ölkədə ölüm sayı daha çox olardı”.

Azərbaycan və Gürcüstan hər zaman qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyiblər. Təsadüfi deyil ki, ötən il Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları–Vətən müharibəsində ölkəmizin apardığı haqq savaşını ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olub.

Keçən il qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu da bağladı. Bu, əsl dost və qonşu mövqeyi idi. Bu, eyni zamanda, faktiki olaraq uzun illər aparılan çox səmərəli xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi də dəyərləndirilə bilər.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

7 May 2021 00:03 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə