Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Akademiyası ilə Polis Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 "Xalq qəzeti" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə ətraflı məlumat verərək bildirib ki, müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, mövcud kadr potensialının günün tələblərinə uyğun gücləndirilməsi, respublikanın və ayrı-ayrı ölkələrin müvafiq təhsil ocaqları ilə əlaqələrinin inkişaf etdirilməsi Akademiyanın başlıca prioritetləridir. Akademiyada başqa elm və təhsil ocaqları ilə əməkdaşlığa, birgə elmi-tədqiqat işlərinin aparılmasına xüsusi diqqət yetirilir. İndiyədək bir sıra müvafiq tədris müəssisələri ilə yüksək səviyyəli əlaqələr qurulub, əməkdaşlıq davam etdirilir. DİN-in Polis Akademiyası ilə imzalanacaq müqavilə iki təhsil müəssisəsi arasında səmərəli əməkdaşlığa əhəmiyyətli töhfələr verəcək.

DİN Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov səmimi görüşə görə minnətdarlığını bildirib, bu əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə, hər iki ali təhsil müəssisəsinin elmi və pedaqoji potensialının daha da gücləndirilməsində əhəmiyyətli rol oynayacağına əmin olduğunu diqqətə çatdırıb.

Sonra qonaqlar FHN Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, tədris müəssisəsinin 10 illiyinə həsr olunmuş Muzey və ali təhsil ocağının maddi-texniki bazası ilə tanış olublar, fənn kabinetləri və kitabxanaya baş çəkiblər.

Sonda Akademiyanın konfrans zalında FHN Akademiyası ilə DİN Polis Akademiyası arasında elm və təhsilə dair ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə iki ali təhsil müəssisəsi arasında birgə elmi konfransların və tədbirlərin keçirilməsi, elmi seminarların təşkili, müvafiq dövri nəşrlərin və materialların mübadiləsi, elmi-texniki və metodiki layihələrin hazırlanması, mədəni və idman əlaqələrinin inkişaf etdirilməsi və digər məsələlər öz əksini tapıb.

6 May 2021 14:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə