Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çiçəklənən Abşeron” layihəsi Pirşağıda

 

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsindən bu dəfə Pirşağı sakinləri yararlanıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Əli Qasımovun iştirakı ilə Pirşağıda yaşayan ailələrə bibəriyyə bitkiləri təqdim edilib. Artıq 40 ailəyə hər birinə 250 olmaqla 10 mindən çox bibəriyyə bitkisi verilib. Növbəti aylarda ailələrin və hər ailəyə verilən bitkilərin sayı artırılacaq, hər bir ailəyə verilən bitkilərin sayı 500-ə çatdırılacaq.

Qeyd edək ki, hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edəcək. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürüləcək və onların istəyinə uyğun olaraq yeniləri ilə əvəz edilə bilər.

“Çiçəklənən Abşeron” layihəsinin məqsədi özünüməşğulluğun inkişa­fına, aztəminatlı ailələrin əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların artırılmasına, bitkiçiliyin və kənd təsərrüfatı sahəsində emalın inkişafına töhfə verməkdir.

Koronavirus (COVID-19) pan­demiyası ilə bağlı mövcud şəraitdə “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, ailələr yaşadıqları evləri tərk etmədən, bitkiləri öz həyətyanı sahələrində yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar.

Layihə çərçivəsində becərilən bitkilər hazırda Bakı şəhərinin və ətraf rayonların abadlaşdırılması işlərində istifadə olunur, həmçinin emal oluna­raq müxtəlif kosmetik məhsullar və yağlar alınır. Ümumilikdə, 2019-cu ildən həyata keçirilən “Çiçəklənən Ab­şeron” layihəsi çərçivəsində Balaxanı, Zirə, Novxanı, Əmircan, Ramana və Pirşağıda yaşayan 600-dən çox aztəminatlı ailəyə 270 minə yaxın müxtəlif bitkilər (lavanda, bibəriyyə və s.) verilib.

Qeyd edək ki, “Çiçəklənən Abşe­ron” layihəsi KOBİA-nın təsis etdiyi “Birgə İnvest" MMC və “Bakı Abadlıq Xidməti” MMC-nin nəzdində fəaliyyət göstərən “Balaxanı Green Garden” arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.

“Xalq qəzeti”

6 May 2021 08:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə