Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş stomatoloq peyvəndlərlə bağlı əhaliyə müraciət etdi: “Hamı özünü həkim, kimyaçı kimi aparır”

Hazırda COVID – 19- a qarşı peyvəndin vurdurulub - vurdurulmamasına dair cəmiyyətdə çoxlu müzakirələr aparılır. Bəziləri “vaksinin tərkibinin bəlli olmadığını” iddia edərək, peyvəndləmədən imtina edirlər. Lakin maraqlısı odur ki, insanlar çox vaxt tərkibi bəlli olmayan dərmanları asanlıqla qəbul etsələr də, nədənsə bu təhlükəli virusdan qorunmaq istəmirlər. Bu haqda Azərbaycanın baş stomatoloqu, ATU- nun ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov açıqlamasında bildirib.

 

N.Pənahov qeyd edib ki, hər kəs dəfələrlə stomatoloji müalicə üçün həkimlərə üz tutub: “Müraciət etdiyiniz klinikada ağız boşluğunda aparılan istənilən müdaxilə (məsələn, plomb­lama, dişin pulpasının çıxarılması, yaxud dişin özünün çəkilməsi, diş əti xəstəliklərinin müalicəsi, dental implantasiya, müxtəlif protezlərin hazırlanması və s.) zamanı həkim - stomatoloqunuz çox hallarda müxtəlif tərkibli medikamentoz vasitələri ya inyeksiya şəklində ağızda selikli qişanın altına, ya məhlul şəklində birbaşa dişin pulpası çıxarılan nahiyəyə, yaxud dişin plomblan­ması zamanı onun üzərinə, dental implantasiya zamanı əng və çənə sümüyünə tətbiq edir. Təbii ki, tətbiq edilən medikamentoz preparatların kimyəvi tərkibi, onun hansı üsulla hazırlanması, niyə məhz müalicənin bu və ya digər mərhələsində sizdə istifadə olunması, inanın ki, sizi heç maraqlandırmır. Bu preparatların sizin hazırki vəziyyətinizə təsiri və gələcək həyatınızda nə kimi iz qoya biləcəyini heç düşünmürsünüz. Çünki gəldiyiniz klinikada çalışan həkimin tibbi sava­dına və peşəkarlığına inanaraq ona müraciət etmisiniz. Lakin sizin məhz bu COVID – 19 qlobal bəlasından qorunmanız üçün, dövlətin ayırdığı külli miqdarda valyutanın xərclənməsi hesabına, min bir əziyyətlə indiki vaxtda respublikamıza gətirilməsi təmin edilən bu vaksinə gəldikdə isə hamı özünü həkim, epidemioloq, əczaçı, mikrobioloq, yaxud kimyaçı kimi aparır. Əksəriyyət internetdən əldə etdiyi məhdud və tibbi əsası olmayan məlumatlara əsaslanaraq, bir - birlərinə vurdurmamaq barədə ciddi tövsiyələr verir”.

Bu cür davranışı təzadlı sayan Nazim Pənahov xatırladır ki, əksər uşaqlara həyatının elə ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq surətdə, mövcud olan sxem və təqvim üzrə, COVID – 19 - dan dəfələrlə qorxulu olan infeksiyalardan qorunmaq üçün müəyyən ardıcıllıqla peyvəndlər vuru­lur: “Bunun bəhrəsini də biz həyatımız boyunca həmin xəstəliklərə yoluxma­maqda görürük. Yaxud, peşəmizlə əlaqədar olan bəzi infeksiyalar, məsələn, B hepatitinə qarşı əhali ara­sında kütləvi surətdə peyvəndləmə aparılmasa da, əksər stomatoloqlar könüllü surətdə bu peyvəndi, belə deyək, öz vəsaiti hesabına vurdurur, sonra revaksinasiya olunurlar və artıq belə xəstələr ilə təmas zamanı özlərini və yaxın çevrəsini yoluxmaq­dan sığortalayırlar. Ancaq demək olar ki, bu pandemiya başladığı gündən bəzi saytlarda və sosial şəbəkələrdə yayılan, yoxlanılmayan və elmi dəlillərə əsaslanmayan məlumatlara istinad edərək, bəzi həmvətənlərimiz yenə də cari vaksinasiyaya inamsızlıq göstərirlər”.

Həkim – stomatoloq indiki pan­demiya dönəmində ətrafdakılardan utanıb çəkinmədən yerə tüpürən vətəndaşlara da müraciət edib. Qeyd edib ki, koronavirus bəlasından qurtulmağın yeganə yolu vaksina­siya, tibbi maska, sosial məsafə və fərdi gigiyena qaydalarına ciddi riayət etməkdən keçir: “Təəssüf ki, bəzi vətəndaşlarımızda ətraf üçün iyrənc gələn, lakin indiki zamanda çox qorxulu olan bir pis adət də vardır. Bu da öskürən zaman ağız boşlu­ğuna düşən bəlğəmi ətrafdakılardan utanmadan birbaşa yol getdiyi zaman küçəyə tüpürməsidir. Tüpürcəyin tərkibindəki külli miqdarda patogen mikroorqanizmlərin və virusların bizim küləkli şəhərimizdə hava vasitəsilə, eləcə də həmin ərazidən keçən və ayağının altına diqqət verməyən uşaq, ya böyük əhalinin ayaqqabı­larına bulaşaraq evinə və ya işlədiyi müəssisəyə gətirilməsi, infeksiyanın yayılması üçün münbit zəmin yara­dır”.

Odur ki, professor Nazim Pənahov bir daha vətəndaşlara müraciət edərək, onları elementar gigiyenik qaydalara riayət etməyə və peyvəndlənməyə çağırıb.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

6 May 2021 08:10 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə