Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Böyük Qayıdış”ın ilk ünvanı – Ağalı kəndi

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

 

Erməni vandalla­rının viran qoyduğu yurd yerlərimizin yenidən dirçəldilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlər hamı kimi, məni də çox sevindirir. Ona görə də bu qeydlərimi qələmə almağı və oxucularla bölüşməyi qərara aldım.

Bilirsinizmi, hər bir insanın həyatında xoşbəxt, sevincli günlər olur. Fikrimcə, hər bir insan, ilk növbədə, milləti, dövləti ilə birlikdə sevinəndə, daha bəxtiyar olur. Bütün qaçqın və köçkün ailələri kimi, mən də indi həyatımın ən xoşbəxt anlarını yaşayıram.

Bəli, 44 günlük şanlı Vətən savaşında bizim doğma yurd yerlərimiz, ata-baba tor­paqlarımız düşmən caynağından azad edilib. Bundan böyük səadət ola bilərmi? Əlbəttə, ola bilməz!

Bu gün Azərbaycan dövləti öz tarixinin ən şərəfli dönəmini yaşayır. Bu tarixi uğu­run əldə olunmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin misilsiz xidmətləri olmuşdur. Qədirbilən xalqımız çağdaş dünyanın ən görkəmli dövlət xadimlərindən olan cənab İlham Əliyevin əməyini heç vaxt unutmayacaq.

Biz bu tarixi zəfəri, eyni zamanda, Azərbaycan Ordusunun rəşadəti, xalqımı­zın bütün igid, qeyrətli oğullarının qeyri-adi şücaəti, şəhidlərinin müqəddəs qanı, həyatları hesabına əldə etmişik. Bu qələbəni biz göz bəbəyi kimi qorumağa borcluyuq və qoruyacağıq.

Bir daha vurğulamaq istəyirəm ki, möhtərəm Prezidentimizin işğal edilmiş bütün ərazilərə, o cümlədən Zəngilana səfəri rayon sakinlərinə böyük sevinc hissləri bəxş edib. Bizi ən çox sevindirən həm də odur ki, düşməndən azad edilən ərazilərdə hazırda cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə genişmiqyaslı bərpa və yenidənqurma işləri görülür və bu işlərin həcmi və vüsəti günbəgün artır.

İnsanlar görürlər ki, cənab İlham Əliyev ərazilərin bərpası və yenidən dirçəldilməsinə böyük diqqət göstərir və həyata keçirilən işlərə şəxsən nəzarət edir.

Möhtərəm Prezidentimizin Zəngilan rayo­nuna son səfəri bir çox əlamətdar hadisələrlə yadda qalıb. Mən onlardan yalnız biri, doğma kəndim olan Ağalıda “Ağıllı kənd” layihəsi barədə qısa da olsa söz açmağı özümə borc bilirəm.

Bəlli olduğu kimi, ölkəmizin başçısı Zəngilana səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub. Bu yeni tipli kənd mode­lidir, Azərbaycanda, ümumilikdə, regionda bir ilkdir. Bu model özündə ən yüksək texnologiyaları və innnovativ yenilikləri ehtiva edir.

Bəli, bizim Ağalı yaxın gələcəkdə ölkəmizin və bütün regionun ən gözəl kəndlərindən birinə çevriləcək. Ağalı sakinləri bu yüksək qayğıya görə cənab Prezidentə çox minnətdardırlar. Biz böyük həvəslə doğ­ma yurd yerlərinə qayıdaraq oranı laləzara çevirəcəyik.

1993-cü ildə Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan zaman, mənim cəmi səkkiz yaşım vardı. İndi bir anlığa kəndimizdə evimizi xatırlayıram. Yadımdadır, hər il aprel ayında qaranquş­lar evimizin eyvanında yuva qurardılar. Böyüklərin dediyinə görə, güney Azərbaycan tərəfdən quzeyə uçub gələn qaranquşlar Araz çayının sularından doyunca su içəndən sonra Zəngilanın, Qubadlının yaxın-uzaq kəndlərinə təşrif buyurardılar.

Artıq neçə illərdirdir ki, qaranquşlar o tərəflərə gəlmirdilər. Axı, onları yuvalarını ermənilər viran qoyduqları evlərlə bir yerdə dağıtmışdılar. Erməni xisləti, bax budur!

Ağalı kəndi yenidən qurulandan sonra qaranquşlar da yenidən ora uçub gələcəklər. Ağalı əvvəlkindən daha gözəl, daha möhtəşəm olacaq.

Mən bir daha bütün zəngilanlılar, eləcə də Ağalı camaatı adından möhtərəm Prezidentimiz İlham Əliyevə işğaldan azad edilmiş ərazilərdə gördüyü böyük işlərə, qaçqın və köçkün ailələrinə göstərdiyi sonsuz diqqət və qayğıya görə ürəkdən təşəkkür edirəm. Azərbaycan vətəndaşı olmaq, həqiqətən, çox qürurvericidir!

Ceyhun HƏSƏNOV,

Zəngilan rayonu, Ağalı kənd sakini

6 May 2021 09:36 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə