Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı deputat Dmitri Savelyev Ağdamda erməni vəhşiliklərinin şahidi olub

Mayın 5-də Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Ermənistan işğalından azad edilmiş Ağdam şəhərində olub. Qonağı Milli Məclisin deputatı Nizami Səfərov müşayiət edib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dmitri Savelyev əvvəlcə Ağdam Cümə məscidində ermənilərin törətdikləri barbarlıqla tanış olub. Ağdam rayon ziyalısı Zülfü Qasımov ona ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868–1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Viran qoyulmuş Ağdam şəhəri ilə tanış olan qonağa məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. İşğala qədər Ağdam rayonunda 153 min nəfər, Ağdam şəhərində isə 42 min nəfərdən çox sakin yaşayırdı. Ağdamda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb.

Dmitri Savelyev sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanına gəlib. Burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Rusiyalı deputat Ağdam şəhərinə səfər çərçivəsində Çörək Muzeyinin binasının dağıntıları ilə də tanış olub. Bildirilib ki, dünyada ikinci hesab edilən bu muzeydə nadir eksponatlar – taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərinə (oraq, xış, taxıldöyən vərdənə və s.) aid müxtəlif dəyərli nümunələr olub.

Dmitri Savelyev sonra Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəlib. Məlumat verilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. Bu ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

6 May 2021 08:52 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə