Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–NATO əməkdaşlığı qarşılıqlı inam və etimada əsaslanır

Azərbaycan NATO-nun bir çox əməliyyatlarında iştirak etmişdir. İndi isə Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir. Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

Ölkəmizin hərbi-siyasi blok olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu sübut edən çoxsaylı faktlar və arqumentlər vardır. Ancaq biz bu faktların hamısından əvvəl Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin bilavasitə NATO qərargahında dilə gətirdiyi fikirləri qabartmaq istərdik.

Belə ki, dövlət başçımızın Bel­çika səfəri zamanı – 2017-ci il noyabrın 23-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə aparılan müzakirələrdən sonra tərəflər mətbuata bəyanatla çıxış etmişdilər. Azərbaycan Prezidenti həmin bəyanatda demişdi: “Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk”.

Diqqət yetirin. İlham Əliyev bu bəyanatı verəndə onun Azərbaycana rəhbərliyinin 14 ili yenicə tamam olmuşdu. Bir ölkə rəhbəri hansı­sa beynəlxalq təşkilatin mənzil-qərargahına 14 ildə altı dəfə səfər edibsə, bu fakt tərəflər arasındakı münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə olduğu barədə aydın təəssürat yaradır.

Bundan başqa, NATO-nun yüksək səviyyəli zabitləri Rusiya Federasiya­sından olan həmkarları ilə bilavasitə Brüssel və Moskvaya aid olan məsələləri müzakirə etmək üçün Av­rasiyanın hansısa başqa bir şəhərini deyil, məhz Bakını seçmələri də NATO rəhbərliyinin bizə olan inam və etima­dının göstəricisi idi. Həmin görüşdən sonra Türkiyədən olan həmkarımız Mahmud Ağ yazırdı ki, NATO və Kreml generallarının Bakıda müzakirə etdikləri məsələlərin Azərbaycana heç bir dəxli olmasa da, onların hər ikisinin bu Qafqaz ölkəsinə inam və etimad göstərməsi azərbaycanlı qardaşları­mızın necə mükəmməl xarici siyasət yürütdüklərinin göstəricisi idi.

Başqa bir faktı yada salaq. Dövlətimizin 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsindən bir neçə ay sonra Azərbaycan Prezidentinə zəng edən ABŞ Dövlət katibi Entoni Blinken Ağ evin bu gənc Qafqaz respublikası ilə gələcəkdə də hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu xatırlatmışdır. Dün­yanın ən güclü dövlətinin xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın NATO ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini də dilə gətirmişdir. Cənab Blinken rəsmi Bakı ilə enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıqdan, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsindən danışmaqla yanaşı, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını da yüksək qiymətləndirmişdir.

Xatırladaq ki, Azərbaycanın NATO ilə əməkdaşlığı BMT prinsiplərinə istinadən qurulmuşdur. Elə NATO-nun özü də BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla öz üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir.

Məlum olduğu kimi, NATO 1949-cu il aprelin 4-də ABŞ, Böyük Britani­ya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Portuqali­ya, Norveç, Danimarka və İslandiya arasında bağlanan müqavilə əsasında yaradılıb. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-ci ildə AFR, 1982-ci ildə isə İspaniya bu bloka qoşulub. 1997-ci ildə NATO keçmiş sosialist düşərgəsindən olan Macarıstan, Çexiya və Polşanın da təşkilata daxil olması haqqında qərar qəbul edib. Qərar 1999-cu ildə həyata keçirilib. Bir neçə il sonra isə – 2004-cü ildə Rumıniya, Bolqarıstan, Slovakiya, Slo­veniya və keçmiş sovet respublikaları -- Litva, Latviya və Estoniya da bloka qoşulub. Bununla da alyans üzvlərinin sayı 26-ya çatıb.

NATO-nun ali rəhbər orqanları NATO Şurasının Sessiyası, Hərbi Planlaşdırma Komitəsi və Hərbi Komitədən ibarətdir. Təşkilatın mühüm orqanlarından biri Nüvə Müqaviləsi Komitəsidir. Blok çərçivəsində Avropa ölkələri ilə münasibətləri əlaqələndirən Avropa qrupu da fəaliyyət göstərir. NATO-nun əməli orqanı baş katibin başçılıq etdiyi Beynəlxalq Katib­likdir. Hərbi-siyasi təşkilat olaraq əsas məqsədi beynəlxalq aləmdə, o cümlədən Avropada sülhün, əmin-amanlığın təmin edilməsidir.

Azərbaycan – NATO münasibətlərinə gəlincə, xatırla­daq ki, əməkdaşlığımız 1992-ci ilin martında Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv qəbul edilməsi ilə formalaşmağa başlasa da, ölkəmizin bu hərbi-siyasi qurumla yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il mayın 4-də Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” sazişini imzala­yıb.

Elə həmin imza ilə də NATO–Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşul­maq barəsində təqdimat sənədini NATO-nun baş katibi Xavyer Solanaya təqdim edib. Məhz Heydər Əliyevin uğurlu xarici siyasətinin nəticəsi idi ki, 1997-ci ilin fevralında və 1998-ci ilin sentyabrında NATO baş katibi Bakı­ya səfər etmişdir. 1997-ci il noyabrın 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkə Prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradılıb.

Ölkəmizə 2003-cü ilin payızın­dan rəhbərlik edən Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Belə ki, 2004-cü ildə Azərbaycan Prezidenti Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını NATO rəhbərliyinə təqdim edib. Əməkdaşlıq fəaliyyətləri, islahat planları və siyasi dialoq prosesləri FTƏP-də öz əksini tapıb. Silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin formalaşdırıl­ması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilati strukturu­nun yaradılması əməkdaşlığın əsas sahələridir.

Dövlət başçımızın 2004-cü ilin iyununda NATO-nun İstanbul sammitində çıxış etməsi ölkəmizin Şimali Atlantika İttifaqı ilə tərəfdaşlıq münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Azərbaycan Prezidenti Avropaya və Avroatlantik strukturlara inteqrasiya siyasətinin davam edəcəyini qeyd etməklə yanaşı, ölkəsinin üzləşdiyi aqressiv separatizmlə mübarizədə Avroatlantika alyansından dəstək gözlədiyini də nəzərə çatdırıb.

Sonrakı illərin hər birində Azərbaycan–NATO əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Nəticədə Azərbaycan Respublikası Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin ara­dan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik siste­minin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə müm­kün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. FTƏP bu baxımdan NATO ilə əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi yolunda mühüm bir vasitədir.

“Sülh naminə tərəfdaşlıq” Proq­ramının təlim və məşğələlərində mütəmadi iştirak nəticəsində Azərbaycan NATO-nun rəhbərliyi altın­da aparılan sülhməramlı əməliyyatlara qoşularaq AvroAtlantik təhlükəsizliyin təmin olunmasına fəal töhfə verməyə qadir olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin hərbi bölmələri (ta­qım şəklində) Türkiyə hərbi kontin­genti tərkibində Kosovo Qüvvələri və Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində NATO qoşunlarında xidmət ediblər.

Mütəxəssislərin fikrincə, Azərbaycanın NATO ilə əməkdaşlığı zamanı sülhməramlı, xilasetmə və humanitar əməliyyatların, o cümlədən digər sahələrdə əməliyyatların keçirilməsindən ötrü iştirakçı dövlətlərin müvafiq bilik və bacarıq­larının artırılması diqqətdə saxlanılır. Bunun üçün birgə planlaşdırma, ha­zırlıq və təlimlərin keçirilməsi məqsədi ilə NATO ilə hərbi əməkdaşlıq əlaqələrinin inkişafı, Şimali Atlantika İttifaqına üzv olan dövlətlərin hərbi hissələri ilə daha optimal qarşı­lıqlı təsirdə olacaq uzunmüddətli qüvvələrin yaradılması da proqra­ma daxildir. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində hər il keçirilən 500-ə yaxın təlim və seminarda iştirak edirlər. Fikrimizcə, belə təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri zabitlərinin bilik və vərdişlərinin artı­rılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına inteqrasi­yası üçün zəmin yaradır.

Xüsusilə vurğulanmalı faktlar­dan biri də odur ki, dövlət başçımız Azərbaycan Ordusunun maddi-texniki bazasının yaxşılaşdırılması və peşəkarlığının artırılması üçün lazım olan bütün addımları atmışdır. Nəticədə otuz ilə qədər işğal altında olan ərazilərimizin düşmən tapdağın­dan təmizlənməsini təmin etdik və işğalçıya bundan sonrakı bütün tarixi boyu unuda bilməyəcəyi kapitulyasiya rüsvayçılığını yaşatdıq.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

6 May 2021 09:31 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə