Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın bərpası layihəsinə qoşulan dost ölkələrin sayı artır

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə əldə edilən parlaq qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ bu zəfərin əbədiləşdirilməsi üçün doğma torpaqlarından 30 ilə yaxın bir müddətdə köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etməkdir.

 

“Böyük qayıdış” strategiya­sı vətəndaşlarımızın işğaldan azad edilən torpaqlarda daya­nıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdıracaq. Bununla yanaşı, Azərbaycanın regi­onda beynəlxalq nəqliyyat-logistika dəhlizinin respublikamızın qlobal bazarlara çıxış imkanlarının artırıl­masına, erməni faşistlərinin xaraba­lığa çevirdikləri yaşayış sahələrində həyatın canlanmasına əhəmiyyətli təkan verəcək.

Artıq bərpa-quruculuq pro­sesinin vahid mərkəzdən həyata keçirilməsinə başlanılıb. Azərbaycan Prezidenti bu torpaqlarda bütün işlərin ardıcıllıqla reallaşdırıla­cağını, birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vur­duqları ziyanın qiymətləndiriləcəyini, lazımi inventarlaşdırma, pasportlaş­dırma işlərinin aparılacağını, infrastruktur layihələrinin icra ediləcəyini xatırladıb. Bu tədbirlərin paralel şəkildə icrası ilk gündən etibarən diqqət mərkəzində saxlanılıb.

Yeri gəlmişkən, yeni reallıq­ların formalaşması bölgədə yeni beynəlxalq əməkdaşlıq formatının qurulmasını şərtləndirir. Düşməndən təmizlənən ərazilərdə sosial infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edi­lir. Böyük quruculuq layihələrinə dost ölkələrin qoşulması siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Dövlətimizin başçısı çıxışla­rında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaş­dan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağını bildirib.

Prezident İlham Əliyev Zəngilana növbəti səfəri çərçivəsində rayonun Ağalı kəndində olarkən dövlətimizin başçısına ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış yaşayış sahələrimizin ən müasir texnologiyalara əsaslanan qurucu­luq konsepsiyası əsasında bərpa ediləcəyi barədə ətraflı məlumat verilərək, burada “ağıllı kənd” pilot layihəsinin 5 komponent– yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri üzrə aparılacağı bildiri­lib. Eyni zamanda, yenidənqurma tədbirlərinin Türkiyə, Çin, İtaliya və İsrail şirkətləri mütəxəssisləri tərəfindən gerçəkləşdiriləcəyi vur­ğulanıb.

Erməni faşistlərinin yerlə yek­san etdiyi şəhər və kəndlərimizi yenidən qurmağa Azərbaycanın həm maddi vəsaiti, həm də siyasi iradəsi var. Vətən müharibəsindəki qələbəmizdən sonra Prezident dəfələrlə qeyd edib ki, düşmənin dağıtdığı evlərin və genişmiqyas­lı infrastrukturun bərpası işlərinə dost ölkələrdən də şirkətlər dəvət olunacaq. Dövlət başçısı Zəngilanda da bir daha bildirib ki, layihələrimizə Türkiyə, Çin, İsrail və İtaliyadan olan şirkətlər qoşulub. Azərbaycanın artıq azad edilmiş ərazilərin yenidən qurulması sahəsində beynəlxalq əməkdaşlığı yaranıb.

Ölkə rəhbəri Türkiyə, Çin, İsrail və İtaliyadan olan şirkətlərin nümayəndələri ilə videoformat söhbətində onların fəaliyyətləri ilə dərindən maraqlanıb, erməni təcavüzkarlar tərəfindən dağıdılmış yüzlərlə kənd və şəhərlərimizin bərpasında onların müasir stan­dartlardan bəhrələnməklə fəal iştiraklarına əminliyini ifadə edib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin digər hissəsində də işləmək üçün fürsət olacağı­nı diqqətə çatdırıb. Azərbaycan Prezidenti daha sonra Ağalıda “ağıllı kənd” konsepsiyasının düşməndən təmizlənən torpaqlarda ilk pilot layihə olduğunu vurğulayaraq deyib: “Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də, yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik”.

Göründüyü kimi, dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında işğal­dan azad edilən ərazilərin bərpası prosesində dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetirir. Prezident İlham Əliyev bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışır, bu ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini, sonrakı vaxtlarda isə bölgəmizin sabitliyini qorumaq üçün önəmli rol oynayan Rusiya-Türkiyə Monito­rinq Mərkəzində səmərəli fəaliyyət göstərdiyini xatırladır.

Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəmir. Düşməndən təmizlənən ərazilərin dirçəldilməsini nəzərdə tutan ilk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomo­bil yolunun inşasında, eyni zaman­da, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onlar digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyini əsirgəmirlər.

Xatırladaq ki, başlanğıcı Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan başla­ması və Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməsi nəzərdə tutulan bu yolun tikintisinin qısa müddət ərzində ye­kunlaşdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Qarabağın bərpasında xüsusi yer alan Macarıstan şirkətləri də kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensialın oldu­ğunu nəzərə alaraq, azad olunmuş ərazilərdə aqrar sektorun inkişafında və “ağıllı” kənd və şəhərlərin salın­masında bu dövlətin imkanlarından bəhrələnməyi nəzərdə tutur.

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən bildirib ki, “Eximbank” tərəfindən bu ölkənin 7 şirkətinə Qarabağda quruculuq işlərinin aparılmasına 100 milyon ABŞ dolları məbləğində kredit xətti açılıb.

Dost ölkə olan Macarıstan­la Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə daha da güclənib. Təkcə 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmində 9 faiz, o cümlədən, idxal­da 8 faiz, ixracda isə 60 faiz artım qeydə alınıb.

Qarşılıqlı maraq və səylər nəticəsində, həmçinin mövcud olan potensiala uyğun şəkildə əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağı proqnozlaşdırılır. Xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı, təmir-tikinti və s. sahələr üzrə Azərbaycanda hazırda 19 macar şirkəti uğurla fəaliyyət göstərir.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger də təmsil etdiyi ölkə şirkətlərinin Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında iştiraka hazır olduqlarını, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradıl­masında, rəqəmsal və innovativ tex­nologiyalar sahəsində əməkdaşlığa maraq göstərdiklərini vurğulayıb.

Vətən müharibəsi zamanı İtaliya daim Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu respublika­mıza səfər edib. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda iş­ğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər.

İtaliyanın “Maire Tecnimont Group” şirkəti ilə bərabər, digər özəl qurumları da Qarabağda aparılacaq bərpa proseslərində iştirak edəcəklər. Bir müddət bundan əvvəl dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroener­getika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “An­saldo Energia” şirkətinin rəhbəri Ma­rino Guiseppenin, həmçinin İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari­nin iştirakı ilə video-konfrans forma­tında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsinin imzalanması da bunun bariz ifadəsidir. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə nüfuzlu bir dövlət – İtaliya şirkətləri də qoşulacaq.

Xatırladaq ki, “Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzalanan müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq dörd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək.

Ermənistanın 30 il ərzində işgal altında saxladığı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında butun infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dagıdılaraq yerlə yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə isə erməni qəsbkarları bütün enerji infrastruk­turunu sıradan çıxarıblar, apara bildikləri avadanlıqları daşıyıblar, apara bilmədiklərini isə ya partladıb, ya da yandırıblar.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

6 May 2021 09:25 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə