Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük siyasətin Heydər Əliyev zirvəsi

Ulu öndərin titanik fəaliyyəti Azərbaycanı bütün dünyaya tanıtdı

 

“Azərbaycan tarixi bir çox dahi şəxsiyyətlər yetirib. Onların hər biri hansısa yüksək keyfiyyəti ilə tarixdə qalıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dahiliyi isə çoxcəhətliyi və mükəmməlliyi ilə seçilir. Ulu öndər Heydər Əliyev Azərbaycanda tarixi şəxsiyyətlərin təkamülü prosesinin zirvəsi sayılan ilk ümummilli lider sta­tusuna, elə bil ki, bütün dahilərimizin ən yaxşı cəhətlərini öz varlığında, fəaliyyətində üzvi surətdə qovuşdurmaqla çatmışdır. Azərbaycanın əbədi liderinin müstəsna zənginliyi ilə seçilən həyatı və misilsiz fəaliyyəti də ən mükəmməl tarixi şəxsiyyətin ömür yolu olaraq çağdaş siyasi tariximizin zirvəsini təşkil edir”.

Müsahibim – qocaman ziyalı, Prezidentin fərdi təqüdçüsü Musa Ba­ğırovla ümummilli lider Heydər Əliyevin bioqrafiyasının dünya miqyasında boy verən nadir fakt və hadisələri ilə bağlı ötən illərdə silsilə yazılar hazırlayıb çap etdirmişik. Geniş oxucu auditori­yasının böyük maraqla qarşıladığı, bir çox həmkarlarımızın dönə-dönə isti­nad etdiyi həmin materialların özəlliyi ondadır ki, Musa müəllim Heydər Əliyev şəxsiyyətinə onun böyük xidmətlərinin obyektiv təhlili prizmasından və xarici aləmdə doğurduğu xüsusi maraq sfera­sından yanaşır. O, həm də ulu öndərlə bağlı nadir fakt və sənədləri beynəlxalq aləmdə milli tariximiz üçün kəsb etdiyi önəminə görə toplayır və təqdim edir.

Bu fərqli baxış və ifadə tərzi Heydər Əliyev şəxsiyyətinin dünya miqyasında əks-sədasının genişliyi ilə yanaşı, müsa­hibimin özünün də fəaliyyət sahələrinin universallığı, maraq dairəsinin əhatəliliyi, axtarış-yaradıcılıq əlaqələrinin ölkəmizin hüdudlarını aşmasından qaynaqlanır. Azərbaycanın Əməkdar incəsənət xadimi, keçmiş sovet ittifaqı miqyasında tanınmış kinematoqrafçı və jurnalist, kino və televiziya sənəti üzrə profes­sor, hərbi-siyasi mövzular üzrə nadir tədqiqatçı, II Dünya müharibəsi veteran­ları hərəkatının fəalı olaraq Musa Bağı­rovun çoxillik fəaliyyəti təkcə respublika­mızla məhdudlaşmayıb.

Yorulmaz yaradıcı ziyalılarımızdan olan 88 yaşlı tədqiqatçı-publisist ötən əsrin 60–90-cı illərində sənədli kino ya­radıcılığı və hərbi mövzuda tədqiqatları zamanı keçmiş SSRİ-nin bir sıra rəhbər və əksər yaradıcılıq qurumları, elmi mərkəzləri, arxivləri ilə ardıcıl əlaqədə olmuş, görkəmli dövlət xadimləri və ziyalılarla sıx təmas yarada bilmişdir. Görkəmli siyasət və dövlət xadimi Nəriman Nərimanov, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və sovet milisi barədə sənədli filmlər çəkərkən o bir çox yüksək çinli dövlət xadimi və hərbçilərlə, hətta Stalin dövrü sovet rəhbərlərindən olmuş Lazar Kaqanoviçlə, SSRİ-nin sabiq müdafiə nazirləri, marşallar Georgi Jukov və Dmitri Yazovla, SSRİ daxili işlər naziri Nikolay Şelokovla müxtəlif illərdə müsahib olmuş, onlardan Azərbaycan və Heydər Əliyev barədə nadir tarixi əhəmiyyətli məlumatlar əldə etmişdir.

SSRİ-nin baş naziri olmuş Valentin Pavlovla isə Musa Bağırov o, hələ SSRİ Qiymət Komitəsinin sədri olanda ailəvi dostluq etmişdir. Pavlovun məxfi istifadə üçün Musa müəllimə bağışladığı, vaxtilə Nyu-Yorkda çap olunmuş məşhur “Kremldə mübarizə” kitabı onun zəngin arxivindəki nadir qaynaqlardan biridir. O zaman SSRİ-də tərcüməsi gizli yolla, məhdud dairədə yayılmış bu nəşrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kreml dövrü fəaliyyəti çox qiymətli fakt və mülahizələrlə əksini tapıb.

Musa müəllim bildirir ki, onun çox­saylı görüş və söhbətlərində iki mövzu həmişə üstünlük təşkil edib: ümummilli lider Heydər Əliyevin nadir xarizma­sının parlaqlığı, nadir şəxsiyyətinin Azərbaycan sərhədlərini aşan hüdud­suz məşhurluğu və bir də hər yerdə erməni millətçilərinin ulu öndərin dünya miqyaslı şöhrətinə və xalqımızın üstün dəyərlərinə xain münasibəti.

Heydər Əliyevin SSRİ miqyasında nüfuzu və şəxsiyyətinə olan xüsusi sevgi, hörmət isə bir çox bağlı qapıla­rın Musa müəllimin üzünə açılmasında təsirli rol oynayıb. O, rastlaşdığı erməni xəyanətkarlıqlarını da xalqımızın böyük oğlunun adının və nüfuzunun işığında dəf edib. Müsahibim yeri düşdükcə neçə-neçə belə hadisədən söz açıb.

Dünyada məşhur olan “Stalinqrad panoraması” xatirə kompleksinin açılı­şına Stalinqrad qəhrəmanı Həzi Asla­novun tədqiqatçısı kimi dəvət olunan Musa Bağırov təntənəli mərasimdən əvvəl müttəfiq respublikaların cəbhəyə köməyini əks etdirən pannolarla ta­nış olarkən görür ki, Ermənistana aid guşədə yazılıb: sovet hərbi texnikası ermənilərin verdiyi benzinlə vuruşub. Məlum olur ki, kompleksin təşkilində 2 məsləhətçi marşaldan biri Baqram­yandır. Musa müəllim bildirir ki, həmin lövhə dərhal götürülməsə, Azərbaycan rəhbəri Heydər Əliyevə məlumat verəcək. Beləliklə, İvan Baqramya­nın erməni xəyanətkarlığı baş tutmur. Başqa bir halda isə Musa Bağırov Hindistanda keçirilən sovet mədəniyyəti günlərində İrəvanda çəkilmiş, türkləri və azərbaycanlıları düşmən kimi təqdim edən filmin nümayişinin qarşısını o vaxt Kremldə çalışan Heydər Əliyevin adını xatırlatmaqla alıb.

Ümummilli lider Heydər Əliyevin doğum gününün növbəti ildönümü ərəfəsində Musa Bağırov dəfələrlə re­daksiyamıza gəldi, çoxsaylı materiallarla tanış olduq. Müsahibimiz beynəlxalq miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrü haqqında bəzi faktları ilk dəfə qəzetimizin oxucularına təqdim etdi. Bu materialların aparıcı xəttini beynəlxalq aləmdə hakim olmuş belə bir mülahizə təşkil edir: türk-islam mənşəli Heydər Əliyev hələ Azərbaycan rəhbəri olarkən SSRİ-nin Şərq siyasətini müəyyən edən, bəzi strateji məsələlərin həllinə cəlb edilən parlaq bir lider idi; Yuri And­ropov 1982-ci ildə sovet rəhbərliyinə gələrkən ilk addımlardan biri Azərbaycan rəhbərinin Sov. İKP MK Siyasi Bürosuna üzv seçməsi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməklə Moskvaya çox məsul işə aparılması olmuşdu.

Beləliklə, Musa Bağırov əvvəlcə bizi müəllifləri Vladimir Solovyov və Yelena Klepikova olan və sovet epo­xasının sonlarında ABŞ-da nəşr olun­muş “Kremldə mübarizə” kitabında sonuncu dövr sovet rəhbərlərindən biri kimi Heydər Əliyev barədə söylənmiş qiymətli fikirlərlə tanış etdi:

– Bu kitab sovet kommunist pi­ramidasının zirvəsi olan Kremldə hakimiyyət uğrunda gedən – Vladimir Lenindən başlayıb Mixail Qorbaçovla bitən mübarizədən bəhs edir. Kitabda ən yüksək qiymət Yuri Andropova və Heydər Əliyevə verilib. Digər sovet rəhbərlərinin hamısından mənfi planda bəhs olunub.

Bildirilir ki, çökməkdə olan sovet sistemini xilas etmək üçün Yuri Andro­pov Heydər Əliyevi əyalətdən Kremlə yüksək posta gətirdi və ona 19 ən ağır sahənin rəhbərliyini həvalə edərək böyük səlahiyyət verdi. Heydər Əliyev tezliklə bürokratiya və durğunluq girdabında çapalayan icra sahələrinin təşəbbüskarlıqla idarə edilməsini nizama saldı. Lakin nazirlər və komitə sədrləri Kremldə hökumət müşavirəsində Yuri Andropova şikayət edərək bildirirlər ki, Heydər Əliyev onları axşamlar da, şənbə günləri də işlədir. Andropov yüngülcə gülümsəyərək barmaqları ilə stolu döyəcləyib deyir ki, Əliyev onun özünü də belə işlədir. Görünür, belə də lazım­dır. Müəlliflər qeyd edirlər ki, Kremldə qoca, ölgün sovet rəhbərləri arasında yeganə enerjili, işıq saçan kadr Heydər Əliyev idi. O hökumət rəhbərinin birinci müavini olsa da, SSRİ Nazirlər Soveti­nin sədri olmağa ən layiqli namizəd idi. Bunu hökumət sədri, ayaq üstdə zorla dayanan Nikolay Tixonov da duyur və Heydər Əliyevə gizli bir həsədlə baxırdı.

Baş katib Andropov vəfat edəndən sonra Heydər Əliyevə qarşı qərəzli münasibət üzə çıxıb artmağa başladı. Sovet rəhbərlərindən xarici işlər naziri Andrey Qromıko Heydər Əliyevə dərin rəğbət bəsləyirdi. O, Yuri Andropovu əvəz edən xəstə Konstantin Çernenko­dan sonra baş katibliyə əsas namizəd Heydər Əliyevi görürdü. Sov. İKP MK katibi Mixail Qorbaçov və paytaxt metrosu ilə bağlı bir məsələdə Heydər Əliyevin prinsipial mövqeyindən incik qalan Moskva şəhərinin rəhbəri Viktor Qrişin bu rəğbətdən narahat olaraq Andrey Qromıkonu neytrallaşdırmağa çalışırdılar.

Heydər Əliyev isə bu intriqalara qoşulmadan öz işində idi və bu uğur­lu fəaliyyət partiyada, hökumətdə və cəmiyyətdə onun nüfuzunu durmadan yüksəldirdi. Kitabda qeyd edilir ki, o zaman xaricdə və ölkədə bir çox ağıllı adamlar Çernenkodan sonra baş katibin Heydər Əliyev olacağını düşünürdülər. Lakin İosif Stalindən sonra qeyri-slavyan mənşəli kadrın sovet lideri olmasına sərt qadağa qoymuş Kreml elitası Heydər Əliyevin də türk-müsəlman mənşəyini onun qarşısında maneəyə çevirdilər. Yeri gəlmişkən, xatırladım ki, Kremldəki oyunlara qoşulmayan Nəriman Nərimanovu Lenindən sonra Stalin–Orceonikidze–Mikoyan üçlüyü aradan götürə bilsə də, bu dəfə Qorbaçovun ermənipərəst dəstəsi Heydər Əliyevi siyasi olimpdən uzaqlaşdırsa da, cismən məhv edə bilmədi. Ulu öndərin sonra­dan böyük siyasətə qayıdışı isə onlarda yalnız həsəd hissləri oyatdı.

Bu yerdə Musa Bağırov Lon­don nəşrlərinə istinad edən Rusiya qəzetlərinin yazılarından söz açdı:

– Bu qəzet yazılarında isə bildirilir ki, Çernenkodan sonra baş katib olmaq istəyən Qorbaçov bir vaxtlar onun­la Moskva Dövlət Universitetində bir yerdə oxumuş və sonradan İngiltərəyə mühacirət etmiş, əlləri Londonun siyasi olimpinə çatan Zdenik Melinarj, Frid­rix Yudoviç və Aleksandr Nekriç kimi siyasətçilər vasitəsilə xanım Tetçerlə əlaqə yaradır və ondan xarici dəstək istəyir. Tezliklə Qorbaçov bu ölkəyə dəvət olunur və onun baş katibliyinə dəstək yolları gizli müzakirə edilir.

Mixail Qorbaçov geri qayıdandan sonra bütün diqqətini Heydər Əliyevin üzərində cəmləmiş Siyasi Büro ağsaq­qalı, Kremldə əsas söz sahiblərinidən biri olan Andrey Qromıkonu SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kimi hakimiyyətin ikinci adamı olma­ğa razı salmaqla, onun baş katibliyə namizədliyindən daşındırmağa nail oldu. Qorbaçov 1986-cı ilin martında Çernen­konun vəfatından sonra baş katib olan kimi əvvəlcə əsas rəqibləri Qriqori Ro­manovu və Viktor Qrişini, ilyarım sonra isə Heydər Əliyevi istefaya göndərməyə nail oldu. Beləliklə, çox keçmədən kapi­tan kayutunda daim hakimiyyət davası getmiş sovet imperiya gəmisi sulara qərq edildi.

Sonra Musa müəllim Stalinin əsas si­lahdaşlarından olmuş Lazar Kaqanoviç, sovet marşalları Georgi Jukov və Dmitri Yazovla görüşlərindən, sovet daxili işlər naziri Nikolay Şelokov və digər yüksək çinlilərin, tanınmışların Heydər Əliyev barədə yüksək fikirlərindən də söhbət açdı:

– Lazar Kaqanoviçlə bir təsadüf nəticəsində tanış oldum. Nəriman Nərimanov haqqında filmi çəkərkən bədnam 26-lardan olmuş Prokofi Caparidzenin qızları Yelena və Lyutsiya ilə onların mənzilində söhbət edərkən bacılardan biri pəncərədən baxıb dedi ki, Lazar Kaqanoviç də onlarla bir binada yaşayır və indi həyətdə nəvəsini gəzdirir. Tez aşağı düşüb onunla söhbət etmək istədim. Əvvəlcə sərt dönüşlə mənə məhəl qoymadı. Sonra nəvəsi ilə top-top oynamağa başlamağı onun qırışığını açdı. Biləndə ki, Bakıdanam həvəslə söhbətə başladı.

Kaqanoviçin söylədilkərindən ikisini oxuculara çatdırıram. O əvvəlcə dedi ki, 1941-ci ildə müharibə başlayanda Anastas Mikoyanın planı ilə Azərbaycan köçürülməyə hazırlanmışdı. Bu planı Lavrenti Beriya ilə Mircəfər Bağırovun möhkəm dostluğu pozdu. Beriya Siyasi Büroda müzakirədə dedi ki, Azərbaycan cəbhəyə neft verir, yaxşı da döyüşür. Bəs bundan sonra nefti kim çıxaracaq, Azərbaycan döyüşçüsünü də narazı salmaq olmaz.

İkincisi, Kaqanoviç o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevin yüksək rəhbər keyfiyyətlərindən şövqlə danışdı və uzaqgörənliklə dedi ki, belə kadrlar SSRİ rəhbərliyinə gətirilməlidir. Həzi Aslanov haqqında filmi çəkəndə isə Moskvada Georgi Jukovla görüşdüm. O da dedi ki, Azərbaycan nefti olmasa idi SSRİ qalib gələ bilməzdi, hətta Avropanı da Bakı nefti xilas etdi. Marşal Jukov Heydər Əliyevin Azərbaycana uğurlar qazandırmaqla onu ittifaqda və dünyada məşhurlaşdırdığını da vurğuladı.

Marşal Yazovla isə SSRİ dağılan­dan sonra görüşdük. O dedi ki, Mixail Qorbaçov Qarabağı Ermənistana vermək məqsədilə 1990-cı ilin yanva­rında Bakıda daha böyük cinayətlər törətməyi planlaşdırmışdı. Baş katib bunu mənim əlimlə etmək istəyirdi. Mən qoşunlara Bakıya girmək əmri verməklə bağlı tərəddüd edəndə bu əmri ölkə rəhbəri kimi o özü imzaladı. Qorbaçovun Bakının altını-üstünə çevirmək planını o vaxt Heydər Əliyev pozdu. Lakin Yazov Heydər Əliyevin buna necə nail olduğu­nu açıqlamadı.

Nəhayət, bir hadisəni də söyləyim. SSRİ dağılandan sonrakı illərdə Moskvada Lefortovo metrostansiyasının qarşısındakı bağda özünü Nikolay Niko­layeviç kimi təqdim edən bir nəfərlə tanış oldum. O da biləndə ki, azərbaycanlıyam dərhal Heydər Əliyevdən danışdı və dedi ki, Kremldə bilavasitə Heydər Əliyevin rəhbərliyi altında yüksək vəzifədə çalışıb. O, keçmiş rəhbəri barədə çox yüksək fikirlər söylədi. Axırda dedi ki, siz niyə onun qədrini bilmirsiniz? Eşitmişəm ki, Bakıya qayıdandan sonra yerli rəhbərliyin qısqanclığı üzündən gedib doğulduğu torpağa.

Sonda Nikolay Nikolayeviç dedi ki, Heydər Əliyev Moskvada olanda Qorbaçovun ətrafını bürümüş ermənilər səslərini çıxara bilmirdilər. O, istefaya gedən kimi gördünüz, başınıza nə oyun gətirdilər. Heydər Əliyev Kremldə olanda Azərbaycan üçün çox iş gördü. 20 Yan­vardan sonra isə o, mənimlə məxfi görü­şüb SSRİ DTK-nın rəhbərinə bir məktub göndərdi. Mən bilən, o məktubdan sonra Qorbaçov Bakıda qırğını və cəzaları dayandırdı.

Musa Bağırov bu yaxınlarda Tiflisdə ziyalı dostları ilə olan bir görüş barədə də danışdı:

– Bilirsiniz ki, Gürcüstanın ərazi bütövlüyü də 30 ildir ki, pozulub. Onlar Azərbaycanın Vətən müharibəsindəki qələbəsini Heydər Əliyev siyasətinin nəticəsi olduğunu söylədilər. Bildirdilər ki, Azərbaycan xalqı Heydər Əliyev kimi ümummilli lideri, onun oğlu, yetirməsi İlham Əliyev kimi Prezidenti və qəhrəman sərkərdəsi olduğuna görə xoşbəxtdir. Azərbaycanın bu qələbəsi Gürcüstan üçün bir nümunədir.

Sonda bir daha bildirim ki, ulu öndər Heydər Əliyev elə bir qüdrətli şəxsiyyətdir ki, onun əzəmətli fiquru dünyanın hər yerindən görünür və Azərbaycanı nişan verir. Heydər Əliyevin böyüklüyü onu yetirən xalqın böyüklüyü üzərində ucalıb. Ulu öndər öz ölkəsinə, xalqına sevgisinin böyüklüyü ilə ucalıb və Azərbaycanı da daim zirvələrə qanad­landırıb. Dünyanı dolaşan Heydər Əliyev fenomeni və ulu öndərin parlaq xarizma­sı həmişə Azərbaycanın üstünə gur işıq saçıb. Onun bu missiyasını indi ən layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.

Onu da deyim ki, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsiyyəti və Azərbaycan üçün gördüyü işlər barədə də xaricdə səslənən və yazılan xeyli mötəbər material toplamışam. Onları da yaxın vaxtlarda sizin oxuculara çatdırmaq istəyirəm. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin əfsanəvi şəxsiyyəti və onun Azərbaycana qələbələr qazandı­ran böyük siyasətinin davam etdirilməsi barədə xarici mənbələrdəki materialları xalqımıza çatdırmaq üçün hələ çox iş görülməlidir.

– Musa müəllim, maraqlı söhbətə, açıqladığınız qiymətli materiallara görə sağ olun.

Söhbəti qələmə aldı: Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

6 May 2021 08:55 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə