Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev ideyaları xoşbəxt gələcəyin təminatçısıdır

Belə bir deyim var ki, tarixi şəxsiyyətlərin nəhəngliyi zaman keçdikcə daha aydın şəkildə görünməyə başlayır. Çünki onlar uzaqgörən qərarları ilə öz millətinin gələcəyini müəyyən edərək bir növ zamanı qabaqlamaq missiyasını yerinə yetirirlər. Bütün ömrünü xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri də illər ötdükcə daha aydın şəkildə görünməkdədir. Ölkəmizin bugünkü dinamik və hərətəfli inkişafı­nı, həyatımızın bütün sahələrində yüksəliş və tərəqqini müşahidə etdikcə Heydər Əliyevin böyüklüyünü və müdrikliyini daha dərindən dərk etmiş oluruq. Xilaskarlıq missiyası ilə Azərbaycan xalqını ən ağır bəlalardan hifz edən, çox mürəkkəb geosiyasi reallıqların hökm sürdüyü bir şəraitdə Azərbaycan dövlətini parçalanmaq təhlükəsindən qoruyan və bütün çətinliklərə, təzyiq və təhdidlərə sinə gərərərək “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” – deyən ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi taxt qura bildi.

 

Müstəqilliyimizin ilk illərində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi Azərbaycanı, sözün əsl mənasında, uçuruma sürükləyirdi. Ölkəmiz dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə nəinki ölkənin inkişaf trendlərini müəyyən etmək mümkün deyildi, hətta gələcək mövcudluğumuz böyük bir sual altında idi. Yeganə nicat yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən Azərbaycan xalqı onu təkidlə Bakıya, Azərbaycan adlı gəminin sükanı arxasına keçməyə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır, mürəkkəb və faciəvi vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Beləliklə, müdrik xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı baş tutdu. Bu tarixi dönüş olmasa idi, bəlkə bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətində bütün cəhdlərinin qarşısı unikal siyasi taktikalarla alındı. Ümummilli lider öz qayıdışı ilə Azərbaycana sabitlik, təhlükəsizlik, dirçəliş və davamlı inkişaf gətirdi.

Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi. YAP Azərbaycanın müstəqillik tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ulu öndərin siyasi təcrübəsi, müdrikliyi, tarixi xidmətləri, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik nümunələri və öz xalqına olan sonsuz sevgisi Azərbaycanın mütərəqqi insanlarının onun ətrafında sıx birləşməsini təmin etdi. Ümumiyyətlə, Azərbaycanda siyasi təsisatların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş, 1990-cı ilin əvvəllərindən etibarən isə bir sıra siyasi təşkilatlar meydana gəlmişdir. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq ölkəni təhlükəli böhran vəziyyətinə çatdırdılar. Taleyüklü hadisələrin yaşandığı belə bir məqamda Azərbaycan ziyalıları ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsini tutan Heydər Əliyevə müraciət göndərildi. Həmin sənəd əslində, bütün xalqın arzu və istəklərini ifadə edirdi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyət ciddi manelər törədirdi. Hətta o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü torpaqlarımıza təcavüz edən düşmən Ermənistanla savaşmaq yerinə, xəyanətkar xislətinə uyğun olaraq, Naxçıvana hərbi desant göndərmək fikrinə düşmüşdü ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. Çoxsaylı təhdidlərə baxmayaraq, 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Əlbəttə, Heydər Əliyevə olan bu inam və etimadın əsası onun 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulmuşdu. Heydər Əliyev uzaqgörən, müdrik və dahi siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi həmin illərdə sübut etmişdi. Ulu öndər Azərbaycanda birinci dəfə hakimiyyətə gələndə ölkəmiz iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş dövrü yaşandı. Həmin vaxt ulu öndərin qətiyyətli, cəsarətli və müdrik addımları, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq ona xalqın sevgi və rəğbətini qazandırdı. Əgər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası sovet ittifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idisə, 1982-ci ildə ən qabaqcıl yerlərdə qərarlaşmışdı. Bütün bu amilləri qədirbilən xalqımız yaxşı xatırlayırdı və o təlatümlü günlərdə xilaskar kimi məhz Heydər Əliyevin ətrafında sıx birləşməklə ölkəni uçurumdan xilas etdi.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verilmişdir. O vaxta qədər vahid komandanlıqdan idarə olunmayan, müqavimət qabiliyyətini itirmiş və başıpozuq hərbi dəstələrdən təşkil olunmuş ordu Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrə çevrildi. Əlbəttə, torpaqları işğal altında olan ölkənin güclü ordusu olmalı idi. Bu reallıqdan irəli gələrək, müasir ordu quruculuğu strategiyasının reallaşmasına start verildi. Tam əminliklə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərin təməlləri, məhz ulu öndər Heydər Əliyevin hərb sahəsində apardığı islahatlarla qoyulmuşdu.

Heydər Əliyevin son dərəcə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkəmizin təbii sərvətləri və əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən milli mənafelərimizə uyğun şəkildə istifadə edilməsi təmin olunmuşdur. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq layihələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. 1994-cü ildə sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi", bu mənada, xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyinin ilk illərindən etibarən iqtisadi təlatümlər içərisində boğulan Azərbaycan bu sazişin imzalanması ilə böyük tənəzzüldən xilas olaraq sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycanın inkişafını gözü götürməyən bəzi xarici dairələr bu müqavilənin bağlanmasına açıq və gizli maneələr yaradırdılar. Heydər Əliyevin müdrik siyasəti, mətin və cəsarətli addımları ilə Azərbaycan nefti birbaşa Ceyhan limanına çıxarıldı və buradan yüksək tonnajlı tankerlərlə dünyanın istehlakçı ölkələrinə çatdırıldı. Bu, Azərbaycanın siyasi və iqtisadi qələbəsi idi. Ölkəmizin bugünkü inkişafında “Əsrin müqaviləsi”nin rolu ölçüyəgəlməzdir.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatları ilə milli maraqlara və uzaqgörən siyasi perspektivlərə söykənən münasibətlər qurmuşdur. Onun xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ulu öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamı reallıqda tam təsdiqini tapdı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu hədəflərə çatmağın yeganə qarantı isə xalq olaraq Prezidentimizin ətrafında sıx birləşmək və Heydər Əliyev ideyalarını gələcək nəsillərə ötürməkdir. Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt gələcəyimizin əsas təminatçısıdır.

Elşad Mirbəşir oğlu,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru,

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini

6 May 2021 08:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə