Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə rəsmiləri Liviyaya səfər ediblər

Yüksək vəzifəli Türkiyə rəsmiləri Liviyada səfərdə olublar. Nümayəndə heyətinə Türkiyənini xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan daxil olub. Məlumatı “Anadolu” yayıb.

Məlumata görə, Hulusi Akar Liviyanın Baş nazi­ri Əbdülhəmid Dibeybə ilə görüşüb. Liviya hökumətinin binasında baş tutmuş qa­palı görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər də iştirak edib. İkitərəfli və regional məsələlər müzakirə edilib.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə liviyalı həmkarı Nəclə Mənquşla görüşüb. Nazirlərin görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında çıxış edən Çavuşoğlu bildirib ki, ölkəsi Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunma­sını vacib hesab edir. Türkiyə Liviya xalqını və onun qanuni hökumətini ən çətin zaman­larda dəstəkləyib: “Liviya hökuməti hücumlar zamanı bir sıra ölkələri, o cümlədən Türkiyəni köməyə dəvət edib. Yalnız Türkiyə bu çağırışa müsbət cavab verib”.

Onun sözlərinə görə, Ankaranın dəstəyi Liviyada vətəndaş müharibəsinin və humanitar faciənin qarşısı­nı alıb: “Biz yaxşı və çətin günlərdə liviyalı qardaşla­rımızı dəstəkləməkdə da­vam edəcəyik, əlaqələrimizi fəallaşdıracağıq”.

Çavuşoğlu deyib ki, Liviya­nın XİN başçısı ilə iqtisadiyyat, investisiya qoyuluşu, ikitərəfli ticarət sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Liviyanın xarici işlər naziri Nəclə Mənquş isə bildirib ki, ölkəsi bütün xarici qüvvələrin və muzdluların Liviya ərazisindən çıxarılmasında da Türkiyə ilə əməkdaşlığa ümid edir. Diplomat deyib ki, Türkiyə həmişə liviyalıların yanında olub və bütün son dövr ərzində çox böyük dəstək verib: “Biz minnətdarıq ki, bütün çətinliklərə baxmaya­raq, Türkiyə səfirliyi həmişə qapılarını açıq saxladı, Liviya vətəndaşlarına konsul xidməti göstərdi. Türkiyəyə minnətdarıq ki, bütün bu dövr ərzində Liviya ilə aviasiya əlaqəsini kəsmədi”.

Nəclə Mənquş deyib ki, Türkiyə koronavirus pande­miyası ilə mübarizədə də ölkəsinə dəstək verib, Tripoliyə humanitar yardım göndərib. Onun sözlərinə görə, Liviya hər iki ölkənin qanuni maraqları kontekstində Türkiyə ilə iqti­sadi əlaqələri inkişaf etdirmək niyyətindədir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

5 May 2021 05:30 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 İyun 2021 | 00:31
Rusiyada yenə rekord yoluxma
19 İyun 2021 | 01:04
Yaltada güclü daşqın
19 İyun 2021 | 01:01
Reytinq dəyişib

Köhnə versiyamızdan xəbərləri izlə