Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mütəxəssis: Hər şeyi müəllim və təhsil ocaqlarının üzərinə atmaq olmaz

Hazırda günümüzün aktual problemi olan Covid-19 pandemiyasının yoluxma və ölüm sayı ilə bağlı rəqəmlər insanların narahatlığına səbəb olur və diqqətimiz məktəblərə, müəllimlərə, şagirdlərə yönəlir. Buna görə də Təhsil Nazirliyi aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda tədrisin yenidən distant formada keçirilməsi ilə bağlı qərar qəbul edib.

Yenicə əyani təhsilə alışan şagirdlər yenidən kompüter, telefon qarşısında əyləşərək təhsillərini davam etdirirlər. Bu da çox təəssüf ki, cəmiyyətdən uzaq qalmalarına səbəb olur. Məktəbə getmək əvəzinə, həmyaşıdları ilə ünsiyyətlərini, dostluqlarını artıq internet üzərindən, onlayn şəkildə həyata keçirirlər. İctimai həyatdan uzaq, yalnız ailədaxilində olduqları üçün distant təhsil üzərindən cəmiyyətdə etik qaydalara necə riayət etməli olduqları, necə davranmaları barədə də axsaqlıqlar olacaq. Bu axsaqlıqların minimuma endirilməsində isə müəllimlərlə yanaşı, sözsüz ki, valideynlərin üzərinə çox yük düşəcək. Valideynlər bu mövzularda diqqətli olmalı, günün çox hissəsini övladlarına ayırmalıdır.

 

 

Mövcud vəziyyətlə bağlı "Xalq qəzeti"nə danışan etiket üzrə mütəxəssis Günel İbrahim bildirib ki, pandemiya dünyanın hər yerində ilk olaraq insan sağlamlığına vurduğu zərbədən, həyat almaqdan sonra ikinci vurduğu zərbə təhsil və təhsil ocaqlarıdır:

 

“Bundan daha artıq əziyyət çəkən isə bir, ikinci sinif şagirdləri və məktəbəqədər qruplar oldu. Onlar ən çox zərbə alan risklər qrupuna aid olan nəsil hesab edilirlər. Çünki digər sinif şagirdləri artıq müəyyən bir fundamental biliklərə sahib, müəllimlərlə ünsiyyəti əyani formatda formalaşdırılmış şəxslərdir. İnternetə müvəqqəti keçid onlar üçün daha rahat və asandır. Amma əyani təhsilin dadını, gücünü bilmədən və müəllim-şagird münasibəti qurulmadan təhsilin həm əyani, həm də onlayn keçirilməsi təbii ki, daha çox ibtidai siniflərə zərbəsini vurur. Lakin insan həyatı hər şeydən vacibdir. Bu gün məktəb ailəyə köçürülübdür. Müəllimlərin öhdəliyinə uşaq tərbiyəsi və ailə institutu harmoniyasının tələbləri düşür. Müəllim yenə dərsinə daxil olub, 30 dəqiqəsini tamamlayır. Dərs müddətində həm müəllimlərin, həm də şagirdlərin videogörüntüsünün olması çox vacibdir. Uşaqların ailədə təhsilə ayırdığı şərait önə çıxır və bu təhsildən qane olmayan ailələrin əksəriyyəti özləri məktəb üçün müvəqqəti də olsa bu çətinliyin şəraitini düzgün qura bilmədilər. Hər şeyi müəllim və təhsil ocaqlarının üzərinə atmaq olmaz. Məktəb cəmi 1 il sağlamlıq naminə evə köçürüldü və burada ciddi problemlər oldu. Bunlar müəllimin aşılama metodları deyil; şagirdin şəraitinin olmaması, səs-küylü mühit,  gigiyenik qaydaya uyğun olmadan, saçını daramadan, ev paltarında müəllimin qarşısına çıxışını heç cür doğru izah etmək mümkün deyil. Cəmiyyət ilk olaraq ailədən formalaşır. Sabah “cəmiyyətdən geri qaldılar” anlayışını bir ilə, iki ilə sığdırmaq düzgün deyil. Çünki ən böyük cəmiyyət və cəmiyyətin formalaşma ocağı ailədir. Davranış qaydaları, salamlaşma, masa etiketi, ailə üzvləri ilə münasibətin tənzimlənməsi elə cəmiyyət institutunun tənzimlənməsi deməkdir. Bəli, sərt karantin bir müddət oldu. Amma hazırda hər kəs müəyyən saat çərçivəsində gəzintiyə çıxa, kafe və restoranlara gedə, hətta bir neçə mədəniyyət ocaqlarına belə baş çəkə bilirlər. Ona görə də ailə məsuliyyətini qətiyyən təhsil məsuliyyəti ilə qarışdırmadan, ailə və təhsil bu yolu bərabər addımlasa, uğurlu nəticə olacaq. Həqiqətən bəla gəlib. Belə bir zamanda insanların öz məsuliyyətindən qaçınması heç vaxt epidemik dövrdə düzgün hesab edilmir. Bu çətin vəziyyətdən yalnız proseslərdə əl-ələ olan ölkələr çıxacaq.

Şagirdin təhsil saatları ayrıca və sakit otaqda təşkil olunmalıdır. Əgər bir neçə şagird eyni saatda təhsil almalı və otaq sayı məhdud olarsa, bir otağı belə qulaqcıqlar hesabına ayırıb, sakitçiliyi təmin etmək olar. Sadəcə valideyn bunu etmək istəməlidir. Dərslərə əyani təhsildəki qayda ilə hazırlaşmaq lazımdır. Distant təhsildə şagirdin dərsboyu gedişatı ailə tərəfindən tənzimlənməlidir. Müəllim və valideynin bir nömrəli vəzifəsi şagirdin videogörüntüsünü təmin etməkdir. Bəzi ailə institutları harmonik yaşamır. Xüsusən də qız uşaqlarının üzərinə ola bilər, əlavə iş – ev işi düşsün. Müəllim bunu müşahidə edə bilər. Əgər videogörüntü yoxdursa, bu bir siqnaldır və müəllim bunun tələbini ortaya qoymalıdır. Düşünürəm ki, bu vəziyyət müvəqqətidir. Hər ölkə üçün təhsil önəmlidir. Lakin sağlamlıq öncə gəldiyinə görə təhsildə müəyyən qədər çətinliyə dözmək mümkündür və olmalıdır”.

Sücayət Mehtili

"Xalq qəzeti"

 

4 May 2021 18:00 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə