Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Parlamentinin sədri Rusiyanın sanksiyaları ləğv edəcəyinə inanır

Avropa Parlamentinin (AP) sədri David Sassoli ümid etdiyini bildirib ki, Rusiya Federasiyası tərəfindən ona qarşı tətbiq edilmiş sanksiyalar ləğv ediləcək və o, yaxın gələcəkdə Moskvaya səfər edə biləcək. Bu barədə AP sədri dünən “La Stampa” qəzetində dərc edilmiş müsahibəsində bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

 

Sassolinin fikrincə, Rusiyanın ona qarşı tətbiq etdiyi ölkəyə giriş qadağası bir fərd olaraq şəxsinə deyil, Avropa Parlamentinin başçı­sına aiddir və bütün orqanı cəzalandırmaq məqsədi daşıyır: “Biz dialoqa, diploma­tiyanın gücünə, çoxqütblüyə, ticarətə inanırıq, biz heç kimin üzərinə qoşun çəkmirik və aqressiv deylik”.

AP sədri jurnalistin yaxın vaxtlarda Rusiya–Avropa İtti­faqı sammitinin keçirilməsinin mümkünlüyü barədə sualı­na cavabında deyib: “Ümid edirəm ki, Rusiya ərazisinə giriş qadağası tezliklə aradan qaldırılacaq və mən Mosk­vaya səfər edə, orada insan haqları və siyasi azadlıqlar mövzusunda müzakirələr apara biləcəyəm. Düşünürəm ki, bu böyük ölkənin xalqı bunu gözləyir və buna haqqı var”.

Xatırladaq ki, bu il aprelin 30-da Rusiya XİN-in Avropa İttifaqına üzv ölkələrin səkkiz vətəndaşına və təşkilatın rəsmi strukturlarının bir sıra nümayəndələrinə, o cümlədən, Avropa Parlamentinin sədri David Mariya Sassoliyə ölkə ərazisinə daxil olma qadağası tətbiq edildiyi barədə bəyanat yayıb. Rusiyanın qəbul etdiyi sanksiya siyahısına aşağıdakı rəsmi şəxslərin adları daxil edilib: İvars Abolinş (Latviya Respublikasının Elektron KİV üzrə Milli Şurasının sədri), Maris Baltins (Latviya Pespub­likasının Dövlət Dili Mərkəzinin direktoru), Jak Mer (Avropa Şurası Parlament Assamble­yasındakı Fransa nümayəndə heyətinin üzvü), İqor Raypax (Berlin Prokurorluğunun rəhbəri), David Mariya Sassoli (Avropa Parlamentinin sədri), Osa Skott (İsveçrə Krallığı Total Müdafiə Tədqiqat İnstitu­tunun kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi labo­ratoriyasının başçısı), İlmar Tomusk (Estoniya Dil Departa­mentinin başçısı), Vera Yurova (Avropa Komissiyası sədrinin dəyərlər və şəffaflıq məsələləri üzrə müavini).

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

4 May 2021 05:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə