Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mətbu sözün şərəfini qorumaq hər birimizin borcudur

Bu günlər media məkanında reket jurnalistlərlə mübarizə məsələsi geniş müzakirə olunur. Sumqayıtda nəşr olunan eyni adlı qəzetin  baş redaktoru, Əməkdar jurnalist Qüdrət Məlikov hamını narahat edən bu məsələ ilə bağlı danışarkən dedi: 


– Mən uzun illərdir mətbuatda çalışıram. İstedad, mənəvi paklıq, fədakarlıq tələb edən bu sənətdə çalışmağımı özüm üçün hər zaman şərəf bilmişəm. “Reket jurnalistika” haqqında isə fikrim birmənalıdır: onları cəmiyyət üçün bəla hesab edirəm. 
“Reket” yazarlar əslində yazı-pozu sahəsindən uzaq, istedadsız adamlardır. Onlar idarə və müəssisə rəhbərlərinə, iş adamlarına hədə-qorxu gəlməklə, tələb etdikləri məbləği verməyənləri rüsvay edəcəkləri ilə şantaj etməklə, bir sözlə, dilənməklə, həqiqi jurnalistlərin də imicinə ciddi xələl gətirirlər. 
Yəni “reket” jurnalistlər həqiqi jurnalistikadan tamamilə uzaq olan işlərlə məşğuldurlar. Mənim aləmimdə  belələri vətəndaşları mənəvi cəhətdən zədələyən, hədə yolu ilə pul qoparmağa çalışan saxtakarlardır, obrazlı şəkildə desək, alaq otlarıdır. Mənə elə gəlir ki, onlar ölkəmizdə azad söz üçün yaradılmış imkanlardan sui-istifadə edirlər. Lakin göründüyü kimi, gec-tez layiq olduqları cəzadan qaça bilmirlər.
Azərbaycan mətbuatı şərəfli yol keçib. Bu müqəddəs yolun başlanğıcını xalqımızın böyük  ziyalısı, Azərbaycan jurnalistlərinin mənəvi atası Həsən bəy Zərdabi qoyub. Buna görə də hesab edirəm ki, milli mətbuatımızın yüksək prinsiplərini, mətbu sözün şərəfini yad, cinayətkar ünsürlərdən qorumaq hər birimizin borcudur. Yəni, biz jurnalistlər də belələrinə qarşı daha qətiyyətli, cəsarətli olmalıyıq, onların bəd, cinayətkar əməllərini ifşa etməliyik. 
Bu müqəddəs peşəni ləkələməyə heç kimin haqqı yoxdur. İnanmaq istəyirəm ki, bundan sonra reketçilik fikrinə düşən “jurnalistlər” həmkarlarının aqibətindən ibrət götürəcək, yalan və böhtana son qoyacaq, jurnalistikanı alver mənbəyinə çevirməkdən əl çəkəcəklər. 
Bir məsələni də vurğulamaq istərdim. Fikrimcə, “reket” jurnalistlərlə mübarizədə Mətbuat Şurasının hüquqi statusunun artırılmasına da ehtiyac var. Yəni, belə hallara qarşı mübarizə daha da gücləndirilməlidir.

 

Söhbəti yazdı:
 M.HACIXANLI,  
“Xalq qəzeti” 

31 Oktyabr 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə