Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nizami və musiqi” adlı beynəlxalq konfrans

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Mu­zeyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami və musiqi” adlı beynəlxalq konfrans keçirilib.

Onlayn formatda təşkil olunmuş konfransa Azərbaycan, Avstriya, Al­maniya və Türkiyədən 30-a yaxın tədqiqatçı qatılıb.

 

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova açaraq konfransın əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami poeziyasının təsiri ilə şairin poemaları və qəzəlləri əsasında ope­ra, balet, simfonik poema, oratoriya, romanslar bəstələnmişdir.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğunu vurğulayıb, sənətkarın parlaq irsindən danışıb. O, görkəmli mütəfəkkir şair N.Gəncəvinin çox sayda davam­çılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğunu bildirib.

Akademik R.Hüseynov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin nizamişünaslığa və ümumilikdə, azərbaycançılığa verəcəyi töhfələrdən də bəhs edib.

Konfransda “Nizami yaradıcı­lığında musiqi”, “Nizami Gəncəvi: musiqi alətləri (praktiki və nəzəri kontekstdə)”, “Erkən orta əsrlər dövrünün ünlü ortaq türk alimləri – Fərabi, İbn Sina və Nizami Gəncəvinin musiqi və musiqi tərbiyəsi haqqında fikirləri”, “Nizami Gəncəvi poeziyası Azərbaycandakı dağ yəhudilərinin yaradıcılığında”, “Nizami obrazları Şərq xalça sənətində”, “Səhnə əsərlərində Nizami Gəncəvi obrazı” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

 

4 May 2021 04:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə