Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə koronavirus əleyhinə üç növ vaksindən istifadə edilir

Azərbaycanda yeni növ koronavirus (COVID – 19) infeksiyasına qarşı 2021- ci il yanvarın 18-dən başlayan peyvəndləmə prosesi uğurla davam edir. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 500 mini ötüb. Bu o demək deyil ki, artıq həmin sayda insan virusa yoluxmayacaq. Peyvənd olunmaq insan­larda tam arxayınlıq yaratmamalıdır, çünki vaksin qəbulundan sonra da virusa yoluxmaq riski davam edir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidovun verdiyi məlumata görə, peyvənd olunanlarda yoluxmanın səbəbi formalaş­mayan immunitetlə əlaqədar ola bilər. O deyib ki, bunun bir neçə səbəbdən baş verməsi mümkündür. Birincisi, vaksindən sonra immun sisteminin cavab reaksiyası bəzən üç həftə, əksər hallarda isə 45-58 gün ərzində formalaşır. Yəni həmin üç və ya altı həftə ərzində, əgər həmin şəxslər birinci dozadan sonra və hətta bəzən ikinci doza­dan sonra COVID – 19- a yoluxanlarla təmasda olsalar, onlar sanki peyvənd olunmamış kimi virusa yoluxub həmin xəstəliyi keçirəcəklər. Çünki hələ orqanizmdə virusa qarşı immunitet formalaşmayıb.

 

Şöbə müdirinin dediyinə görə, formalaşmayan immunitetdən xəbərsiz olanlar biməlidirlər ki, vaksin qəbulundan sonra da virusa yoluxmaq riski davam edir. Çünki, peyvəndləmə və immunlaşdırma infeksiyaya yolux­maqdan qorumur, yalnız onu demək olar ki, belə halda virusa mübtəla olanlar xəstəliyi çox yüngül keçirirlər. Peyvənd onları ağırlaşmadan, bəzən də ölümdən mümkün qədər qoruyur. Buna görə peyvənd edilən şəxslər koronavi­ruslu xəstələrlə, xüsusilə də simptomlu xəstələrlə sıx təmasda olmaqdan çəkinsinlər.

Bəzi hallarda birinci peyvənd vuru­landan sonra immunitet sistemi forma­laşmır. Onlar ikinci peyvənd dozasından sonra, hətta dördüncü dozaya qədər peyvənd oluna bilərlər. Bütün bunlar­dan sonra yenə də müsbət nəticə əldə olunmazsa, bu, artıq immun sisteminin fəaliyyətindən asılıdır. Kollektiv immu­nitet yaratmaq üçün xəstəliyi keçirən, peyvəndlənən və ya öz immunitetinə arxayın olanlar yenə də diqqətli olma­lıdırlar. Sanitar və gigiyenik qaydalara ciddi əməl edilməsi yolu ilə bu təhlükəli xəstəliyə qalib gəlmək olar.

Pandemiya başlayandan etibarən koronavirusdan qorunmağın əsas qaydalarından birinin maska taxmaq olduğu bildirilir. Maska xəstəliyə yolux­mamaq üçün ən etibarlı, ən asan və ən vacib vasitədir. Havaların isinməsi ilə əlaqədar bəzi insanlarda maska taxılan nahiyədə dəri tərləyir, qaşınır və xoşagəlməz reaksiya baş verir. Dermotoloqlar bununla bağlı bildirirlər ki, bəzən maska taxılmasının müxtəlif xəstəliklərə əlaqələndirir, məsələn, pso­riaz, yəni sulu dəmrova səbəb olduğunu deyirlər. Lakin bu, düzgün məlumat deyil. Ekzema, aknelər, ağızətrafı və atopik dermatitlər əmələ gələ bilər, lakin bunlar müalicə olunan xəstəliklərdir. Allergiyaya meyilli olanlarda ağız ətrafı nahiyədə səpki, qaşınma olarsa, həmin hissəni 3 - 5 faizli benzol - peroksid və ya deksoponolla silə bilərlər. Maska taxan zaman xanımların kremlərdən istifadə etməsi düzgün deyil, çünki həmin kremlər, xüsusilə də tünd rəngdə olan örtücülər məsamələri qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə dəridə mikrobların artması üçün şərait yaranır.

Mütəxəssislərin bildirdiyinə görə, maskadan əvvəl və sonra dəriyə qulluq vacibdir. Amma tərkibində qələvi oldu­ğuna və dəri nəmliyini artırdığına görə, üz dərisinə sabun çox vurulmamalıdır. Dərinin nəmliyi azalanda quruyur, bu isə qırışların və yaxud quruluq sebore­yasının əmələ gəlməsinə səbəb olur. Ona görə də köpük, losyon, gel və s. şəklində müxtəlif təmizləyicilərdən istifadə edilməlidir. Xüsusilə həssas və allergiyaya meyilli dərisi olanlar yalnız tibbi maskalardan istifadə etməli və tez - tez yenisi ilə dəyişməlidirlər. Rəngli maskalardan istifadə düzgün deyil. Ev şəraitində hazırlanan parça maskalar isə istifadədən dərhal sonra yuyulmalı və mütləq ütülənməlidir. Bundan başqa, onu da deyək ki, tibbi maskanı spirtləyib istifadə etmək olmaz. Bu, üzdə quruluq və digər problemlər yaradır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bildirilir ki, Azərbaycanda “COVID – 19 xəstəliyi əleyhinə 2021 – 2022- ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Mayın 3- dən etibarən ilkin olaraq 60 və daha yuxarı yaşda olan şəxslər COVID – 19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oksford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər. “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaq­lar ayrılacaq.

COVAX platforması çərçivəsində ölkəmizə gətirilən 84 min doza “Vaxzev­ria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir. Qeyd edək ki, “AstraZeneca” İngilis – İsveç şirkəti tərəfindən hazırla­nan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

Bundan başqa, mayın 2- də Rusi­yadan Azərbaycana ilkin olaraq 40 min doza “Sputnik V” vaksininin ilk partiyası gətirilib. Bununla bağlı jurnalistlərə bildi­rilib ki, koronavirus əleyhinə “Sputnik V” vaksininin ilk partiyasının Azərbaycana gətirilməsi Rusiya ilə mövcud olan dost­luq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahürüdür. Bu əməkdaşlıq nəticəsində ölkələrimiz pandemiyaya qarşı mübarizədə uğurlu nailiyyətlər qazanacaqlar. Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Bütün bunlar əhalinin rifahına, onların sağlamlığına istiqamətlənmiş tədbirlərdir.

Səfir Mixail Boçarnikov “Sputnik V” vaksininin ilk partiyasının xüsusi bir gündə – Pasxa bayramında Bakıya gətirilməsindən məmnun olduğunu ifadə edib. Deyib ki, Pasxa insanlara sülh və xeyirxahlıqla müraciət etməkdir. Peyvəndin Bakıya həmin gün gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir. Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsində öz töhfəsini verəcək. Onun sözlərinə görə, “Sputnik V” vak­sini özünü dünyada çox yaxşı göstərib və artıq dünyanın 64 ölkəsində qey­diyyatdan keçib. Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir. Aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Artıq bu danılmaz faktdır ki, koro­navirus infeksiyasına qarşı peyvənd xəstələnmə ehtimalını yüksək dərəcədə azaldır, xəstələnənlər isə onu xeyli yüngül keçirirlər. Peyvəndlə birlikdə fərdi qorunma tədbirləri koronavirus infeksiyası ilə xəstələnmə ehtimalını demək olar ki, heçə endirir. Ona görə də bəzi qrup insanların peyvəndlənməni mübahisə mövzusuna çevirməyinin heç bir elmi əsası yoxdur.

İnsan sağlamlığının qorunması üçün ən ucuz başa gələn, ən effektiv tədbir profilaktikadır. Məhz planlı profilaktika­nın əvəzolunmaz xidmətidir ki, respub­likamızda difteriya, vərəm, poliomielit, göy öskürək, tetanus kimi qorxulu xəstəliklərlə mübarizədə böyük uğurlar qazanılıb. Heç şübhəsiz ki, belə uğurlu nəticə alternativsiz mübarizə vasitəsi olan peyvəndlənmə ilə koronavirus infeksiyasına qarşı da əldə ediləcək.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

4 May 2021 04:37 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə