Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana gətirilib

Vaksinlərin ilk partiyasının gətirilməsi ölkələrarası mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahürüdür

Mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksininin ilk partiyası gətirilib. 40 min doza peyvəndi daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. AZƏRTAC xəbər verir ki, vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Xələf Xələfov jurnalistlərə açıqlamasında vurğulayıb ki, koronavirus əleyhinə “Sputnik V” vaksininin ilk partiyasının Azərbaycana gətirilməsi Rusiya ilə mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahürüdür: “Ümid edirəm ki, bu əməkdaşlıq nəticəsində ölkələrimiz pan­demiyaya qarşı mübarizədə müvəffəqiyyət qazanacaqlar. Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Bütün bunlar əhalimizin rifahına, on­ların sağlamlığına yönəlib”.

Səfir Mixail Boçarnikov “Sputnik V” vaksininin ilk partiyasının xüsusi bir gündə – Pasxa bayramında Bakıya gətirilməsindən məmnun olduğunu ifadə edib: “Pasxa insanlara sülh və xeyirxahlıqla müraciət etməkdir. Peyvəndin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir. Peyvənd Azərbaycanın koronavirus in­feksiyasına qarşı mübarizəsinə öz töhfəsini verəcək”.

Onun sözlərinə görə, “Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və artıq 64 ölkədə qeydiyyat­dan keçib: “Rəqəmlər artıq öz sözünü deyir. Rusiya pan­demiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarak­terli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.

Öz növbəsində Viktor Qasımov qeyd edib ki, pande­miyaya qarşı effektli mübarizə üsulu əhalinin peyvənd olunmasıdır: “Bildiyiniz kimi, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb. Prezident İlham Əliyevin və Birinci vitse-pre­zident Mehriban Əliyevanın siyasi dəstəyi və gündəlik nəzarəti nəticəsində artıq ölkəyə 2 milyondan çox peyvənd gətirilib. İlk olaraq Çin istehsalı olan peyvənddən istifadə olunub. Sonra “Ast­raZeneca” vaksinləri gətirilib. Bu gün burada “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq”.

Onun sözlərinə görə, “Sputnik V” yüksək effektliliyə malikdir: “Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd olunub və bu proses uğurla davam edir. Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və bu gün vaksinlərin gəlməsi də bunun bariz nümunəsidir”.

Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.

4 May 2021 04:31 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə