Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dini abidələrin bərpasına Zəngilandan başlandı

İşğalçı Ermənistan keçən əsrin 90-cı illərində Azərbaycan torpaqlarını işğal etməklə, xalqımıza həm maddi, həm də mənəvi ziyan vurmuş, 1 milyondan çox insanı ata yurdundan didərgin salmışdı. Xalqı­mıza dəyən bu ziyanın miqyası keçən illər ərzində daha da artmışdır. Ermənilər işğal etdikləri torpaqlardakı yaşayış evlərini, abidələri, təhsil və səhiyyə ocaqlarını yerlə-yeksan etmişlər. Əlbəttə, dövlətə dəyən maddi zərərlə yanaşı, xalqımıza, tariximizə, milli və mədəni irsimizə də böyük ziyan vurmuşlar.

 

Bütün bunlarla qane olmayan ermənilər bu torpaqlardan Azərbaycan–türk irsi ilə yanaşı, həm də İslam bağlarını silmək, qoparmaq istəmişlər. Onlar işğal etdikləri ərazilərdə 60-dan çox məscid və dini məbədlərimizi dağıtmış və bununla da, tək Azərbaycana deyil, ümumilikdə, İslam dünyasına və bəşəriyyətə qarşı soyqırımı törətmişlər. Bu məscidlərin dağıdılması təsadüf nəticəsində deyil, xüsusi tapşırıqla həyata keçirilmiş vandallıq aktlarıdır. Ermənilər işğal altında olan ərazilərdəki məscidlərdə donuz saxlamış, dini məbədlərdən tövlə kimi istifadə etmişlər. Planlı şəkildə Dağlıq Qarabağ və ətraf ərazilərdəki müsəlman izlərini məhv etməyə çalışan Ermənistan rəhbərliyinin çirkin əməlləri, həm də bu ölkədə islamafobiyanın pik həddə olduğunun göstəricisidir.

İşğaldan azad edilən ərazilərimizdə həyata keçirilməsi planlanan yenidənqurma işlərinin bir istiqaməti də, məhz bu sahə üçün nəzərdə tutulub. Bu mənada, yeni bərpa layihələri hazırlanır. Prezident İlham Əliyevin göstərişi ilə məscidlərin böyük əksəriyyəti işğaldan əvvəlki halına uyğun olaraq restovrasiya ediləcək. Bu, özlüyündə ölkə başçısının dini və mədəni irsimizə göstərdiyi diqqətin təzahürüdür.

Həmin abidələrin, dini məbədlərin əvvəlki hallarına qaytarılması Ermənistan üçün növbəti mesajdır. Onlar anlamalıdırlar ki, bu vaxta qədər içinə qərq olduqları “böyüklük”, “məğlubedilməzlik” röyalarından ayılmaq vaxtıdır. Biz öz torpaqlarımıza qayıtmışıq və söküb dağıtdıqları, məhv etməyə, silib atmağa çalışdıqları hər şey yenidən bərpa edilir. Əlbəttə, bərpa işlərinin aparılması ilə yanaşı, həm də bu ərazilərdə törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, hər kəsin erməni xalqının iç üzü ilə tanış olması istiqamətində də mühüm işlər görülür. Bu proses müharibədən əvvəlki dövrdə başlamış, torpaqlarımızın işğaldan azad edilməsi ilə ortaya çıxan real görüntülərlə daha da geniş vüsət almışdır. Daha sonra, xarici media və dövlət nümayəndələrinin bölgəyə səfərləri təşkil edilmiş və bununla da, erməni xislətinin əsrlər boyu kölgələrdə gizlənən mənfur üzü gün işığına çıxarılmışdır. Təbii ki, bu istiqamətdə görülən işlər davam etdirilir. Prezident İlham Əliyevin dediyi kimi, erməni işğalı zamanı dağıdılan abidələr, məscidlər ümumilikdə mədəni irsimizi təşkil edən bütün müqəddəs ocaqlarımız əvvəlki və işğal zamanındakı görüntüləri ilə dünyaya təqdim edilir...

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva aprelin 26-da Zəngilan və Cəbrayıl rayonlarına səfər etdilər. Burada yeni hərbi hissənin açılışında, Zəngilan Hava Limanının təməlqoyma mərasimində və bir sıra başqa tədbirlərdə iştirak edən ölkə başçısı, o cümlədən Zəngilan məscidini də ziyarət etdi. Burada məscidin yenidənqurma layihəsi ilə tanış olan Prezident dedi ki, bu məscid ermənilər tərəfindən bu hala salınmışdır. Hər kəs bunu görməlidir: “Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb”.

Prezident İlham Əliyev əlavə etdi ki, hazırda bu faktlar müsəlman ölkələri rəhbərlərinə təqdim olunur. Qoy, onlar da bilsinlər ki, ermənidən müsəlmana dost olmaz. Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının baş katibi burada gördüklərindən sonra etiraz səsini ucaltmışdır. ICESCO-nun baş katibi azad edilmiş torpaqlarda törədilən erməni vəhşilikləri haqqında bütün müsəlman ölkələrini məlumatlandırır. Həmçinin, ölkə başçısı dövlət qurumlarına göstəriş verdi ki, bütün beynəlxalq qurumlarda erməni vəhşiliyi haqqında məlumatlar verilsin.

Zəngilan məscidində olarkən dövlətimizin başçısı bildirdi ki, bu gün ermənilər mədəni irsləri ilə əlaqədar öz narahatlıqlarını ifadə edirlər. Onlar əvvəlcə gəlib burada olanları görməlidirlər. Görsünlər ki, Ermənistan dövləti bizə qarşı həm də mədəni soyqırımı törədib. Biz isə bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir.

Prezident İlham Əliyev ötən il noyabrın 23-də Ağdama səfəri zamanı xüsusi olaraq Ağdam cümə məscidini ziyarət etmişdi. Ölkə başçısı Ağdam məscidinə Məkkədən gətirdiyi Qurani-Kərimi bağışlamışdı. İlham Əliyev bildirmişdi ki, xoşbəxt adamdır ki, 4 dəfə Məkkə ziyarətində olub. Bu mənada, dövlət başçısı demişdir: “Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib.”

Azərbaycan xalqı öz milli, dini ənənələrinə bağlı xalqdır. Bu milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Əminliklə söyləmək olar ki, müasir Azərbaycan dövləti dərin milli-mənəvi dəyərlər üzərində qurulub. Eyni zamanda, ölkəmiz dünyaya açıqdır. Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib və bu status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu, həmçinin dünyada ilk belə təşəbbüs idi. 2016-cı ilə multikulturalizm adını vermək, dünyaya Azərbaycanı olduğu kimi təqdim etmək üçün əlamətdar addımlardan biri idi.

Bundan əlavə, 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda müsəlmanlar vəhdət namazı qılırlar. Ölkəmiz bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, müsəlman aləminin diqqəti də bu sahəyə cəlb edilib. Əfsuslar olsun ki, müsəlman aləmində bu həmrəylik mövcud deyil. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul ediləcək. Beləliklə bu, problemin aradan qaldırılmasına gətirib çıxaracaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, Azərbaycan humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edir.

Ölkə başçısı tərəfindən elan olunmuş “Multikulturalizm ili” çərçivəsində ilk dəfə olaraq Bakıda Heydər məscidində vəhdət namazı qılınıb. Vəhdət namazında məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gəliblər. Birlikdə namaz qılınıb, dualar edilib. bu mərasim birlik və bərabərlik fonunda mühüm əhəmiyyət daşıyır. Həmçinin bu təşəbbüs Azərbaycanın tolerantlıq mərkəzi kimi nüfuzunun artmasına səbəb olan amillərdən biridir.

Əsrlər boyu İslamın iki böyük məzhəbinin vəhdətinə, birliyinə nail olmaq üçün cəhdlər olsa da, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb. Müqəddəs kitab olan Qurani-Kərimdə Allah bütün müsəlmanları vəhdətə çağırır. Hazırki dövrdə dini münaqişələr geniş yayılıb və uzun müddətdir gündəmdə olan problemlərdən biridir. Azərbaycanda həyata keçirilən vəhdət namazı belə qarışıq zamanda bütün dünyaya nümunə ola biləcək növbəti addım idi.

Qeyd etmək yerinə düşər ki, Heydər məscidi Qafqazda ən böyük məsciddir. Minarələrinin hündürlüyü 95 metrdir. Demək olar ki, dünya ölkələrinin çoxunda bu hündürlükdə minarələr yoxdur. Burada dörd minarə var və hamısında lift işləyir. Bundan əlavə, ibadət salonları da böyükdür. Burada təxminən 5000–7000 nəfər eyni vaxtda ibadətlə məşğul ola bilir.

Bütün bunlar Azərbaycanın tolerant ölkə olduğunu, bu sahəyə dövlət səviyyəsində diqqət ayrıldığını göstərir.

İmran ƏLIYEV, “Xalq qəzeti”

4 May 2021 04:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə