Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uydurma erməni soyqırımı havadarlarlının yaddaş zəifliyi

Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Həmçinin dövlətçilik ənənələri olan, elm, mədəniyyət və demokra­tiya keçmişinə (irsinə) malik ölkədir. Amma Fransa uzaq olmayan keçmişdə Əlcəzairdə, ümumən, Afrika qitəsində soyqırımı aktları törədib. Rəsmi Paris Türkiyəni soyqırımı törətməkdə ittiham edib, Fransa ərazisində saxta “erməni soyqırımı”nı inkar edənlər üçün cinayət məsuliyyəti müəyyənləşdirib.

 

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öz mandat – missiyası­na uyğun gəlməyən şəkildə, birtərəfli qaydada və davamlı olaraq Ermənistanı müdafiə edib. Azərbaycan torpaqları­nın işğaldan azad edilməsini nəzərdə tutan BMT qətnamələrinin icrasına deyil, əksinə, ermənilərin Qarabağda möhkəmlənməsinə çalışıb. Özünün qo­şulduğu beynəlxalq öhdəliklərə, üzərinə düşən məsuliyyətə uyğun gəlməyən tərzdə ikili standartlar tətbiq edərək, dini, milli, irqi ayrı-seçkilik edib. Konkret olaraq, 44 günlük Vətən müharibəsi vaxtı və müharibədən sonra qondarma “DQR”i tanımaq məqsədilə qanunverici orqanda müzakirə və hökumətə tövsiyə qərarı qəbul edilib və s.

Fransız dövləti və cəmiyyəti, çox təəssüf ki, uzun müddətdir, şəri xeyirdən üstün tutmaqdadır... Fransanın bir çox yüksək vəzifəli rəsmiləri bu gün şəri təmsil, tərənnüm və təsbit etməklə, öz klassiklərinə, mədəniyyət və incəsənət ənənələrinə xəyanət edir. İşin mənəvi tərəfi öz yerində, bu dövlət üzərinə götürdüyü siyasi, hüquqi məsuliyyətə hörmətsizlik edir.

Fransa hökuməti və parlamentinin bir sıra üzvlərinin 44 günlük müharibə vaxtı nümayiş etdirdiyi ədalətsiz mövqe Fransa – Azərbaycan münasibətlərinə ağır zərbə vurub. Fransa Senatının, Fransa Milli Assambleyasının Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qəbul etdiyi qərarlar bağışlanmazdır. Paris rəhbərliyi heç olmazsa, müharibə bitdikdən sonra sülhə xidmət edən çağırış və davranış­lar etsəydi, münasibətlərimizin yaxın gələcəkdə istiləşəcəyinə müəyyən ümidlər yaranardı. Başqa sözlə, bu, bir güvən təzələməsi sayıla bilərdi. Lakin onlar öz hərəkətləri ilə həm Fransa – Azərbaycan münasibətlərinə, həm də Azərbaycan – Ermənistan arasında dayanıqlı sülh, təhlükəsizlik və sabitlik düsturunun müəyyənləşdirilməsinə dal­badal ciddi zərbələr vurmaqdadırlar.

Sual olunur: Fransanın yüksək vəzifəli şəxsləri nə üçün bir dəfə də olsun, işğaldan azad edilmiş ərazilərdəki erməni vandallıqlarını görmək, həqiqətin gözünün içinə dik baxmaq istəmirlər? Azərbaycana məxsus mədəni, tarixi, dini abidələrin məhv edilməsi mədəni Fran­sanı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən və ATƏT-in Minsk qru­punun 3 həmsədrindən biri olan dövləti niyə narahat etmir? Əksinə, heç bir fakta əsaslanmadan Dağlıq Qarabağda erməni mədəni irsinin guya dağıdıldığı iddiası ilə çıxış edir?

Fransa senatının sədri Jerar Lar­şenin bu günlərdə “Artsax”da “erməni mədəniyyəti”nin izlərinin silinməsi və mövcud olmayan qondarma rejimin tanınması ilə bağlı İrəvandakı açıqla­malarını qəbul etmək, sadəcə, müm­kün deyil. Bu, ya dövlət ciddiyyətindən xəbərsizliyin, ya da fransız dövlətinin ciddi-cəhdlə bizə ədalətsiz qərar qəbul etdirmə niyyətinin əlamətidir. Hər iki halda cavab aydındır. Əgər Fransa separatçıları, terrorçuları, işğalçıları belə çox istəyirsə, buyursun, özünün böyük ərazisindən bir hissəni ermənilərin ikinci dövləti üçün ayırsın. Tarixdəki ilk erməni dövləti 102 il öncə bizim tor­paqlarda qurulub, ikinci erməni dövləti qurulmalıdırsa, elə ən yaxşı yer Fransa əraziləri, məsələn, Marsel çevrəsi sayıla bilər. Gələcəkdə Fransa ilə ikinci erməni dövlətinin arasında hər hansı bir münaqişə çıxarsa, o zaman biz Fransa­dan fərqli olaraq ədalətli mövqe tutmağa söz veririk.

Fransadan ədalətli mövqe gözləmək Azərbaycanın haqqıdır. Jerar Larşe öz açıqlamalarında həm Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, həmsədrlərin işinə impuls verilməsinə çağırış edir, həm də açıq-aşkar anti-sülh, anti-azərbaycan, anti-türk, anti-islam mövqe nümayiş etdirir. Fransa rəsmilərinin açıqlamaları bu ölkənin Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında, davamlı sülhün təmin edilməsində maraqlı olduğuna dair çox ciddi şübhələr yaradır.

Bəlkə Fransa ötən müddətdə bir dəfə də olsa, I Qarabağ müharibəsində əsir və girov götürülmüş günahsız azərbaycanlıların taleyi ilə maraqlanıb? Bəs necə olur ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatından sonra Azərbaycan ərazisində terror törətməyə cəhd edən erməni diversantların qaytarılması ilə bağlı “tələb”lə çıxış edir? Bu tələbin hansı hüquqi, mənəvi-əxlaqi əsası var? Yoxsa, Fransa minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistandan bir tələb edib, bizim xəbərimiz olmayıb? Suallar çox­dur. Ancaq bu sualları Fransanın hansı rəsmisinə ünvanlayaq?..

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

4 May 2021 04:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə