Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın bərpası işləri sürətlə aparılacaq

Dövlətimizin başçısının və Birinci vitse-prezidentin mütəmadi olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getmələri, xüsusilə, Cəbrayıl və Zəngilan rayon­larına son səfərləri bir çox önəmli məsələlərlə yadda qal­dı. Prezident İlham Əliyev bir neçə layihənin təməlqoyma mərasimində iştirak edərək, Azərbaycanın artıq irimiqyaslı layihələrin icrasına başladığını nümayiş etdirdi. Bütün bu işlər Qarabağda aparılan yenidənqurma tədbirlərinin daha sürətlə aparılacağını vəd edir.

Bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev və ailə üzvləri Zəngilan rayonunun Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində həyata keçirilməyə başlanmış “Ağıllı kənd” layihəsi ilə tanış olub­lar. Qeyd etməliyik ki, bu layihə nəticəsində orada yaşayacaq insanların həyat şəraiti köklü dəyişəcək. Artıq insanların yaşayışı ən müasir standartlara cavab verməklə bərabər, bir çox elmi yenilikləri özündə əks etdirəcək. Belə ki, layihənin icrasının, əsasən, 5 komponent üzrə aparılması planlaşdırılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Burada ən mühüm məqamlardan biri ondan ibarətdir ki, cənab Prezidentin hər zaman vurğuladığı kimi Qara­bağın bərpasının dost ölkələrlə birlikdə həyata keçiriləcəyinin şahidi olduq. “Ağıllı kənd” pilot layihəsinin icrasında Türkiyə, Çin, İtaliya və İs­rail şirkətlərinin, mütəxəssislərinin iştirak etməsi və ölkə başçısının bu şirkətlərin nümayəndələri ilə videoformatda görüş keçirməsi həmin dövlətlərlə Azərbaycan arasında dostluq münasibətlərinin bir təzahürü idi.

T.Cəfərova vurğulayıb ki, Zəngilan rayo­nunda təməli qoyulan beynəlxaq hava limanı, eləcə də, Horadiz – Zəngilan avtomobil yolu regionun gələcək perspektivəri baxımından vacib əhəmiyyət daşıyır. Belə ki, Zəngilanın coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, bu rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını, Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır.

Əslində, bu, həm də o deməkdir ki, Azərbayacanın fəal iş apardığı və cənab Prezi­dentin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın tarixi torpağı olan Zəngəzurdan həyata keçiriləcək koridorun da təməli qoyulub. Bu təməl Azərbaycan xalqının böyük qayıdışının başlanğıcıdır. Əminliklə deyə bilərik ki, böyük qayıdış başlayıb. Və bu qayıdışın ilk addımları özlüyündə Azərbaycan dövlətinin gücünü və qısa zamanda nələri etməyə qadir olduğunu göstərir.

Hazırladı: Anar TURAN,

“Xalq qəzeti”

 

4 May 2021 04:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə