Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil ocaqlarının bərpası başlıca vəzifələrdəndir

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ərazi bütövlüyümüz təmin olundu, erməni işğalına son qoyuldu. Artıq işğaldan azad edilmiş torpaqlarımızda Prezident İlham Əliyevin dediyi kimi, yeni dövr – bərpa, quruculuq dövrü baş­layır: “ Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad edilmiş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış ərazilərdə infrastrukturun, mədəni obyektlərin, təhsil ocaqları­nın bərpası başlıca vəzifələrdən biridir”.

 

İşğal olunmuş ərazilərdə bütün infrastrukur obyektləri kimi təhsil ocaqları da bərbad günə qoyulub. Ümumtəhsil məktəbləri, uşaq bağça­ları, musiqi məktəbləri yerlə-yeksan edilib. Erməni vandalları tərəfindən 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Onlar bununla Azərbaycan təhsilinə zərbə vurmaq istəyiblər. Lakin dövlətimiz məcburi köçkünlər üçün salınan qəsəbələrdə müasir təhsil ocaqla­rı da inşa etdi. Ötən dövr ərzində məcburi köçkün uşaqları doğma torpaqlarından kənarda olsalar da, təhsillərini yüksək səviyyədə davam etdirdilər. Köçkün məktəblərini bitirən gənclərimiz respublikamızın və xarici ölkələrin müxtəlif ali məktəblərində ixtisaslarına uyğun təhsil alaraq, ölkəmizin inkişafına töhfə verirlər.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə bir sıra layihələrin icrasına başlanılıb. Ermənistandan fərqli olaraq, Azərbaycan bərpa edən, qurub- yaradan dövlətdir. Azərbaycan Ordusunun 2016-cı ilin Aprel zəfərindən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi də qısa vaxt ərzində yenidən qurulmuş, orada bü­tün infrastruktura malik yeni qəsəbə inşa edilmişdir. Burada məktəb, uşaq bağçası inşa edilmiş və bütün müasir avadanlıqlarla təmin olunmuşdur. Co­cuq Mərcanlıda olduğu kimi, işğaldan azad edilmiş bütün kənd, qəsəbə və şəhərlərimizdə təhsil müəssisələrinin bərpa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Azad edilmiş yaşayış məntəqələrində yeni tipli müasir təhsil müəssisələri inşa ediləcək. Artıq qardaş Türkiyə Respublikası Şuşada, Özbəkistan Respublikası Ağdamda müasir məktəb binaları inşa edəcəklərini bəyan etmişlər. Tezliklə işğaldan azad edilmiş şəhər və kəndlərimizdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçiriləcək. 30 ilə yaxın respublikamızın digər ərazilərində fəaliyyət göstərən təhsil ocaqlarımız da fəaliyyətlərini yenidən doğma yurdlarında davam etdirəcək.

İşğal olunmuş ərazilərimizdə çox sayda qabaqcıl məktəblərimiz olub. Məsələn, yüz ildən çox yaşı olan Cəbrayıl rayonunun Soltanlı kənd orta məktəbi də darmadağın edilib. O kəndin tarixdə qalan xeyli nümayəndəsi elə həmin məktəbdə təhsil alıblar. 1912-ci ildə ora rus-tatar məktəbi kimi fəaliyyətə başlayan bu təhsil ocağı Birinci dünya müharibəsi başlayana qədər fəaliyyət göstərib. Müharibədən sonra yenidən dərslər bərpa edilib. O məktəbin təkcə Sol­tanlıdan olan məzunlarından 1993-cü ilə qədər 40-dan çox alim yetişib. Xələfli, Veysəlli, Sarıcallı kəndlərinin uşaqları elə o məktəbin yataqxana­sında qalırdılar. Amma indi izi-tozu da yoxdur.

Qubadlı rayonunda da məktəb binaları yararsız vəziyyətə salınmış­dır. Zəngəzurda ilk dünyəvi məktəb (rus-tatar məktəbi) 1882-ci ildə Qubadlıda yaradılıb. 2007-ci ildə Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin sərəncamı ilə həmin məktəbin əsasında fəaliyyət göstərən Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbin 125 illik yubileyi Sumqayıt şəhərində qeyd olunmuşdur.

Qubadlı rayonu işğal edilməzdən əvvəl rayonda 61 ümumtəhsil məktəbi, o cümlədən 33 tam orta, 16 ümumi orta (əsas), 12 ibtidai məktəb var idi. Bunlardan əlavə, 1 texniki-peşə məktəbi, əyani-qiyabi məktəb və 5 məktəbdənkənar müəssisə də fəaliyyət göstərirdi.

Kəlbəcər rayonunda da işğaldan əvvəl mükəmməl təhsil sistemi for­malaşmışdı. Rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb var idi. Bunlardan əlavə, 1 texniki-peşə məktəbı, 8 məktəbdənkənar və 4 məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərirdi. Bu məktəblər də tezliklə bərpa ediləcək.

Ağdamın, Füzulinin, Laçının, Zəngilanın da dağıdılmış təhsil ocaq­ları yenidən qurulacaq.

Vətən müharibəsində cəbhə xəttindən xeyli uzaqda yerləşən məktəblərin də raket atəşinə tutulma­sı tədrisin davam etdirilməsini müm­künsüz etdi. 54 məktəbimiz müharibə dövründə müxtəlif dərəcədə xəsarət alıb. Onların bərpa edilməsi ilə bağlı dövlət tərəfindən lazımi işlər aparıl­mış, əksəriyyəti istifadəyə verilmişdir.

Dağıdılmış bu məktəblər mərhələli şəkildə bərpa olunacaq və öz doğma yurdlarına qayıdan məcburi köçkün uşaqlarının təhsillə bağlı problemləri həllini tapacaq.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

4 May 2021 04:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə