Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 10 ildə dörd beynəlxalq təşkilata sədrlik etmişik, 18 qurumun üzvü seçilmişik

Siyasi və diplomatik uğurlarımız sürətlə artır

 

 

Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycanın təkcə İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsi deyil, ümumiyyətlə, dövlətimizin son on yeddi ildəki bütün nailiyyətləri Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin və müdrikliyinin nəticəsidir. Ekspertlər yazırlar ki, ildən-ilə artan uğurlarımız məhz dövlət başçımızın həmin keyfiyyətlərinin, eləcə də, onun xalqa inamının, daim ölkə vətəndaşlarının yanında olmasının göstəricisidir.

Öncə onu xatırladaq ki, Prezident İlham Əliyev son on ildə iki dəfə ölkə əhalisinin böyük əksəriyyətinin etimadını qazanmışdır. Xalqın və Yeni Azərbaycan Partiyasının vahid namizədi olan İlham Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində seçicilərin 84,5 faizinin, 2018-ci ildə keçirilmiş seçkilərdə isə 86,02 faizinin səsini qazanmışdır. Dövlət başçımızın fikrincə, o, xalqa inandığına görə xalq da ona inanır.

Bu qarşılıqlı inam son nəticədə bu­günkü Azərbaycan reallıqlarının ərsəyə gəlməsini təmin etmişdir. Ölkəmiz təkcə 2010–2020-ci illər ərzində 18 beynəlxalq təşkilata yeni üzv qəbul olunmuşdur. Onların hamısı barədə söz aça bilməsək də, bəzilərini yada salmaq istərdik.

Azərbaycan 2011-ci ildə Qoşulma­ma Hərəkatı üzvlüyünə qəbul edilib. O zaman bu nailiyyətimizə dodaq büzənlər olmuşdu. Amma 44 günlük müharibə günlərində bədxahlarımız BMT səviyyəsində Azərbaycana tələ qurmaq istəyəndə, məhz Qoşulmama Hərəkatına üzv olan ölkələr həmin təxribatın qarşısın ala bildilər.

Bu faktı dövlət başçımızın nitqindən seçdiyimiz fikirlərlə ifadə edək: “Qoşul­mama Hərəkatı üzvlərinin sayına görə ikinci təsisatdır. Bizə qarşı müharibə dövründə BMT Təhlükəsizlik Şurasın­da çirkin kampaniya aparılan zaman qətnamə hazırlanırdı. Kim onu pozdu? Qoşulmama Hərəkatına üzv ölkələr, on­lar bizi müdafiə etdilər. Bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil. Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID–19-la bağlı onlara yardım etmi­şik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər. Beləliklə, bu qətnamə qəbul edilmədi”.

Elə həmin oktyabrın 24-də ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-da­imi üzv seçilmişdir. Yüksək rəqabət şəraitində keçən 17 turdan sonra Azərbaycan beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, BMT-nin 155 üzv dövlətinin dəstəyini əldə etmiş 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş və 2012-ci ilin may ayından BMT TŞ-yə sədrlik etmişdir.

Prezident İlham Əliyevin fikrincə, gənc müstəqil dövlətimizin bu möhtəşəm uğura imza atması beynəlxalq aləmdə bizə olan inam və etimadın nəticəsi idi. Hansısa ölkəyə olan inam isə özbaşına ya­ranmır. Azərbaycanda hərtərəfli islahatların getdikcə daha da dərinləşdirilməsi, cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində atılan addımların qətiləşdirilməsi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, Avropanın enerji təminatının ödənilməsində inanılmış tərəfdaşa çevrilməyimiz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyimiz və digər bir çox məqamlar bizə həqiqi inam və etimad qazandırmışdır.

Ölkəmiz 2012-ci ildə BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv seçil­mişdir. O zaman bəzi qaragüruhçu­lar vay-şivən qaldırırdılar ki, dövlət büdcəsindən lazımsız beynəlxalq təşkilatlara üzvlük haqqı ödənilməsi yolverilməzdir. Nəticədə nə oldu? Kapi­tulyasiya aktını imzalamış Ermənistanın bir neçə generalı açıq şəkildə bəyanat verdilər ki, bizim məğlubiyyətimizin əsas səbəbi Azərbaycanın kosmik rabitə peyklərindən istifadə etməsi idi.

Azərbaycan 2012–2015-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Şurasının üzvü olmuşdur. O zaman hələ koronavirus pandemiyası söhbəti yox idi. Amma İlham Əliyev bu qəbildən olan istənilən bəlanın qarşısının alınması üçün ÜST-ün dəstəyinə çox böyük ehtiyac olacağını yaxşı bilirdi. 2020-ci ilin əvvəlindən bəri baş verən və hələ də sonu görünməyən proseslər Azərbaycanın həmin quruma üzvlü­yünün uzaqgörənlik olduğunu sübut etdi. Mətbuatın verdiyi məlumata görə hələ də vaksin almayan ölkələr var. Azərbaycandakı vəziyyət isə hamının gözü qabağındadır.

Ölkəmiz 2014–2017 və 2018–2021-ci illərdə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü olmuş, 2015-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statu­su qazanmış, 2015–2018-ci illərdə Beynəlxalq Telekommunikasiya Şurası, 2015–2019-cu illərdə UNESCO-nun Beynəlxalq İrs Komitəsinin, 2017-2019-cu illərdə BMT-nin İqtisadi və Sosial Şurasının, 2017–2019-cu illərdə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının İcraiyyə Şurası­nın, 2017-2020-ci illərdə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanının, 2018-2020-ci illərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Müdirlər Şurası­nın üzvü seçilmişdir.

Bundan başqa, hələ bu ilin payızın­da müstəqilliyinin 30 ili tamam olacaq Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurası, AŞPA Nazirlər Komitəsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatına sədrlik etməklə, mükəmməl bir nümunə forma­laşdırmışdır.

Bütün bunlar haqqında dövri olaraq söz açan Prezident İlham Əliyev xatırla­dır ki, beynəlxalq məsələlərə gəldikdə, biz köklü surətdə bölgəmizdə vəziyyəti dəyişdirə bildik: “Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb… “Şərq tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd im­zalayıb?... Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Ona görə biz bu sahədə də uğurlar əldə etdik. Ona görə bizim digər ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir”.

Yuxarıda qeyd etdiyimiz kimi. Azərbaycan istənilən beynəlxalq təşkilata üzv olanda bədxahlarımız min-bir bəhanə ilə həmin uğurumu­zun üstünə kölgə salmağa çalışırdılar. Dövlət başçımız həmin məqamı daha yaxşı ifadə edir: “ Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik… 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra apardığımız iş nəticəsində bizi qane edən qətnamə qəbul etdi. Əlbəttə, Avropa Şurası Parlament Assambleyası Qarabağ məsələsini həll edən qurum deyil, ancaq onun qətnaməsi hüquqi baza idi. O biri təşkilatlar da buna baxıb, artıq gördülər ki, bəli, orada əgər bu, qəbul olunubsa, deməli, başqa yerlərdə də qəbul oluna bilər. BMT Baş Assambleyası buna oxşar qərar, qətnamələr qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri. Bu, hüquqi bazadır. Bunun nəticəsində biz Avropa İttifaqı ilə bir neçə il bun­dan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunul­mazlığına hörmət prinsipini əks etdirən müddəa saldıra bilmişik”.

Dövlət başçımız dəfələrlə açıq şəkildə etiraf etmişdir ki, son 17 ildə həyata keçirdiyimiz xarici siyasət, beynəlxalq təşkilatlarla qurduğumuz əməkdaşlıq bilavasitə ölkəmizin ərazi bütövlüyünın bərpasına hazırlıq idi: “Mən bu barədə indi deyə bilərəm, qoy, insanlar da bilsinlər. Biz COVID-lə bağlı Qoşulmama Hərəkatının Zirvə görü­şünü, Türk Şurasının Zirvə görüşünü keçirdik və BMT-nin xüsusi sessiyasının keçirilməsi haqqında müraciət etdik. Amma bir neçə ay razılaşmalar gedir, dəqiqləşmələr gedirdi. Nəhayət, keçən ilin dekabrında bunu da keçirdik. Bu da beynəlxalq müstəvidə hazırlıq idi”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

4 May 2021 04:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə