Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin Avropa İttifaqı (Aİ) ilə iqtisadi, siyasi və mədəni əlaqələri yüksələn xətt üzrə inkişaf etmişdir. Hazırda bu əlaqələr qarşılıqlı inam və etimad əsasında genişlənir.

Qeyd edək ki, 2004-cü ildə Azərbaycan Avropa qonşuluq siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı Proqramına daxil edilmişdir. Azərbaycan hər iki proqramın fəal iştirakçılarındandır. Hazırda Azərbaycan Respublikası ilə Aİ arasında yeni saziş layihəsi üzrə danışıqlar başa çatmaq üzrədir.

 

Prezident İlham Əliyev ötən il iyunun 18-də Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin videokonfrans formatında keçirilən sammitində çıxış edərək demişdir: “Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb”.

Dövlətimizin başçısı sonra bildirmişdir ki, iki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır.

Prezident İlham Əliyevin həmin sammitdə çıxışı bir neçə məqamla diqqəti çəkib. Birincisi, ona görə ki, sammit qlobal pandemiya dönəmində keçirilib və məlum olduğu kimi, respublikamız bu bəşəri problemlə bağlı qabaqcıl mövqeyə malikdir. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin sədri olduğu Qoşulmama Hərəkatının ötən il mayın 4-də COVID–19-a həsr edilmiş onlayn Zirvə görüşündə Avropa İttifaqı və Afrika İttifaqının rəsmiləri də iştirak ediblər.

Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımı göstərib və beynəlxalq qurum koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Təsadüfi deyil ki, bu məqamı öz çıxışında vurğulayan Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi Jozef Borelə videomüraciətinə görə bir daha təşəkkürünü bildirərək, bunun Aİ ilə Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacağına əminliyini ifadə edib.

Əlbəttə, burada söhbət yalnız pandemiyadan getmir, Şərq Tərəfdaşlığının özünəməxsus ənənəvi müzakirə mövzuları, xüsusilə adından da göründüyü kimi, tərəfdaşlıq üçün tələb olunan sülh və təhlükəsizlik, birgəyaşayış kimi mandat-missiyası vardır. Məhz bu mövzular Azərbaycanın sülhpərvər, multikultural mövqeyinə tam uyğundur.

Azərbaycan dövləti həm Aİ tərəfindən, həm də Aİ-nin digər təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində müxtəlif sektorlar (enerji, nəqliyyat, təhsil, mədəniyyət, kənd təsərrüfatı, regional inkişaf, iqtisadi, siyasi və institusional islahatlar və s.) üzrə çoxsaylı layihələr həyata keçirmişdir. Aİ ilə əlaqələr indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq–Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. çərçivələrdə inkişaf etdirilmişdir.

Xatırladaq ki, müstəqilliyin ilk illərində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.

Aİ üçün Azərbaycan regionda, eləcə də, Avropa qonşuluq siyasəti və Şərq tərəfdaşlığı proqramları çərçivəsində strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Birincisi, Azərbaycan Aİ və üzv ölkələrin enerji şirkətləri ilə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. İkincisi, Azərbaycan tranzit mövqeyinə görə Aİ-nin Şərq-Qərb nəqliyyat dəhlizi konsepsiyasının əsas ölkələrindən biridir. Üçüncüsü, Azərbaycan İslam ölkəsi olmasına baxmayaraq, dünyəviliyini qoruyub saxlayır və əhalisi tolerantdır. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsindən sonra regionda yeni reallıqlar yaranmışdır. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov 2020-ci il dekabrın 18-də Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında regiondakı son vəziyyət barədə ətraflı məlumat verib. Nazir bildirib ki, Ermənistan tərəfindən ötən ilin 27 sentyabr tarixində başladılan növbəti təxribata, cavab olaraq, Azərbaycan əks-hücuma keçib öz ərazi bütövlüyünü təmin etmişdir.

İclasda tərəflər Əməkdaşlıq Şurasının son iclasından etibarən Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri və bu xüsusda əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparıblar. Cari ildə pandemiyaya rəğmən ticarət əlaqələrinin inkişaf etdiyi və Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub. Tərəflərin enerji sahəsində strateji tərəfdaşlığı, Cənubi Qaz Dəhlizinin fəaliyyətə başlaması, eləcə də, nəqliyyat və bağlılıq layihələri, Azərbaycanın bu xüsusda böyük potensialı, sərmayə yatırımı və digər mövzular üzrə müzakirələr aparılıb.

Azərbaycan ilə Aİ arasında insan hüquqları və demokratiya sahəsində əlaqələr genişlənir. Bu il aprelin 26-27-də Bakıda Aİ – Azərbaycan Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclası keçirilib. Tərəflər arasında insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar, insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də, insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. Bundan başqa, ədliyyə, azadlıq və təhlükəsizlik sahələrində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən, qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq, miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd etdiyimiz kimi, Azərbaycan və Aİ arasında qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslanan yeni saziş hazırlanır. Sənəd ölkəmiz ilə Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək. Prezident İlham Əliyev bu il aprelin 30-da Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən vurğulayıb ki, Azərbaycan ilə Aİ arasında yeni saziş layihəsi üzrə danışıqlar tezliklə uğurla yekunlaşacaq. Bu sənədin imzalanması hər iki tərəfin maraqlarına uyğundur.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

4 May 2021 04:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə