Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər milli-mənəvi dəyərlərin qorunmasında ailənin roluna xüsusi önəm verirdi

Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır.

Heydər ƏLIYEVÜmummilli lider

 

Dərin köklərə malik dövlətçilik ənənələrimizi, eləcə də, milli-mənəvi dəyərlərimizi vahid amal uğrunda birləşdirən ulu öndər Heydər Əliyevin adı ən ali milli sərvətimiz olan müstəqil dövlətimizin banisi kimi Azərbaycan tarixində əbədiləşmişdir.

Ümummilli lider hakimiyyətə gəldiyi ilk illərdən Azərbaycanın gələcəyi üçün dilimizi, mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi, ənənələrimizi qoruyub saxlamağın vacibliyini mühüm şərt kimi qarşıya qoydu. Heydər Əliyevin siyasi kursunda əsas istiqamətlərdən biri milli- mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi, ailələrin sağlam təməllər üzərində qurulması məsələsi idi.

 

Ötən əsrin 70-ci illərindən etibarən ölkəmizin ictimai-siyasi həyatının hərəkətverici qüvvəsi kimi çıxış edən Heydər Əliyev ideyaları Azərbaycan xalqının milli inkişafının məfkurə əsasları rolunu oynayırdı. Məhz bu əsasda Azərbaycan Respublikası həmin dövrdə sürətli yüksəlişi təmin edə bilmiş, gələcək müstəqilliyin, bir növ iqtisadi təməli qoyulmuşdu. Digər tərəfdən, Azərbaycan xalqının milli intibahının Heydər Əliyev ideyalarında ifadə olunan məfkurə əsasları onun əbədi müstəqillik ideyaları ilə daxili bağlılığını əks etdirir.

Müstəqil dövlət qurmaq üçün vacib olan milli iradədən tutmuş iqtisadi imkanlar və beynəlxalq dəstək də daxil olmaqla, bütün şərtlər məhz ümummilli liderin ideyaları ilə reallaşmışdır. Dövlət müstəqilliyinin əldə edilməsi ölkəmiz qarşısında geniş inkişaf perspektivləri açmış, Azərbaycan xalqı öz həyatını sərbəst və müstəqil qurmaq imkanı qazanmışdır. Nəticədə, ölkənin sərvətləri, iqtisadi, siyasi və mədəni potensialı, əlverişli geosiyasi vəziyyəti, zəngin neft-qaz yataqları və digər resursları həm müstəqil dövlət quruculuğunu, həm də Azərbaycanın regionda və dünyada özünə layiq yerini tutmasını şərtləndirmişdir.

Ulu öndər yenidən siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyətin daxili resurslarının səfərbər olunmasına xüsusi önəm verirdi. Bu resurslar içərisində ailə müstəsna əhəmiyyət kəsb edirdi. “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”–deyən Heydər Əliyev ailə institutunun möhkəmlənməsinə və zənginləşməsinə hər zaman böyük diqqət yetirirdi. Ailə institutu dahi şəxsiyyətin əməli qayğısı ilə əhatə olunmuşdu.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin rastlaşdığı problemlər çox idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizindən çox hissəsinin işğal edilməsi, bazar iqtisadiyyatı sahəsində nəzəri-praktiki təcrübənin olmaması, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində qanunvericilik bazasında boşluqların olması fonunda ailənin mövcud kompleks psixoloji problemləri və iqtisadi çətinlikləri artırdı.

Azərbaycan ailəsinin problemləri hər zaman, ulu öndəri düşündürmüşdür. Bütün məsələlərin əsas istinad nöqtəsində hər zaman məhz Azərbaycan ailəsi dayanırdı. İlk növbədə bu ailələrin sosial həyat şəraitini təmin etmək lazım idi. Ölkədə sosial institutlar iflic vəziyyətdə idi. Reallıq psixoloji, mədəni və ideoloji tələbatların ödənə biləcəyi mühitin yaradılmasını tələb edirdi. Məhz belə bir dövrdə ulu öndər öz xilaskarlıq missiyasına başlamalı oldu. Ümummilli lider Azərbaycan ailəsinin sabitliyini təmin etməklə onun milli mənlik şüurunu və milli iftixar hisslərini özünə qaytara bildi. O dövrün böhranlı, ümidsiz anlarında belə Azərbaycan xalqı öz dahi lideri ilə inamla addımlaya bildi. Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edərək, ailə institutunun möhkəmlənməsi istiqamətində məqsədyönlü addımlar atırdı.

Heydər Əliyev ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. Ötən əsrin 90-cı illərində ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi əsasında Azərbaycan Respublikası mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilmişdir.

Ulu öndər deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və Vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarır, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də layiqincə daşıyır”.

Azərbaycan dövlətinin inkişafında, beynəlxalq aləmdə nüfuzunun artma-sında qadınların müstəsna rolu vardır. Qadınların fəal siyasətə cəlb olunması ulu öndərin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Bu gün də Azərbaycan qadınlarının bütün sahələrdə uğurlu fəaliyyəti üçün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən geniş imkanlar yaradılmışdır. Həyata keçirilən bütün tədbirlər, atılan mühüm addımlar Azərbaycan ailəsinin sağlamlığının və möhkəmliyinin qorunmasına, eləcə də bütün sahələrdə gender bərabərliyinin təmin edilməsinə istiqamətlənmişdir.

Tarixi təcrübə sübut edir ki, dövlətin inkişafında ən aparıcı vasitə insan və mükəmməl kadr potensialıdır. Əslində elm siyasətinin qoyuluşu ölkənin daxili vəziyyətinin əsas göstəricisidir. Ona görə də elm siyasəti elə qurulmalı, təbii sərvətlərdən və intellektual potensialdan elə istifadə edilməlidir ki, cəmiyyət bütün gücünü gənc nəslin tərbiyəsinə, ailənin möhkəmləndirilməsinə, müxtəlif problemlərin həllinə yönəldə bilsin.

Ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu başlıca prioritet istiqamətlərdəndir. Ölkə başçımız hələ 2003-cü ildə öz seçki platformasında Azərbaycan regionlarının inkişaf proqramlarının həyata keçirilməsi ideyasını irəli sürərək hökumətin və cəmiyyətin fəaliyyətini bu istiqamətdə səfərbər etmiş oldu. Bunun ardınca mərhələli şəkildə Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf proqramlarının icra olunması ölkədə həyat səviyyəsinin yüksəldilməsinə, insan kapitalının formalaşıb möhkəmlənməsinə böyük zəmin yaratdı. Sosial institutlaşma mexanizmlərinin funksional fəaliyyəti nəticəsində ailə institutunun sosial əsaslarının möhkəmlənməsi prosesi daha da sürətləndi.

Azərbaycan öz inkişafının dünyanı bürüyən pandemiya ilə mübarizə şəraitində yeni mərhələsinə qədəm qoyur. Bu mərhələnin ən mühüm dəyərlər sistemini xalq və hakimiyyətin birliyi, xalqın sağlamlığının qorunması, ailənin sosial-iqtisadi rifahının təmin olunması təşkil edir. “Bizim üçün əsas prioritet məsələ insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır” – deyə dövlət başçımız gələcək fəaliyyət mexanizmini diqqətə çatdırır. Göründüyü kimi, pandemiya şəraitində cənab Prezidenti düşündürən ən vacib vəzifə insanların, ailələrin sağlamlığı, təhlükəsizliyi məsələsidir. İnsan sağlamlığına qayğı cəmiyyətin qorunması, bütövlüyü və dövlətin gələcəyinə xidmət deməkdir.

Ailə institutu sosial-iqtisadi və mədəni dəyişikliklərlə əlaqədar olaraq daim yeni forma almaqdadır. Ailə cəmiyyətin əsas elementi olaraq dəyərlərin, mədəniyyətin, tarixin gələcək nəsillərə ötürücüsü, stabilliyin və inkişafın faktoru olaraq qalır. Birinci vitse-prezident Mehriban Əliyeva ailə dəyərlərini cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri kimi qiymətləndirərək, ailəyə bağlılıq, uşaqlara qayğı və böyüklərə hörmətin Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biri olduğunu qeyd edir.

Ailələr dövlətin möhkəmləndirilməsinin, inkişafının əsasında durur. Bütün zamanlarda ölkənin inkişafı ailələrin cəmiyyətdə yeri və dövlətin ailələrə münasibəti ilə qiymətləndirilir. Ailə və gender problemləri müasir dünyada xüsusi yanaşma tələb edir. Qloballaşma ənənəvi cəmiyyətə individualizm, qeyri-ənənəvi ailə formalarına tolerantlıq tendensiyalarını gətirir. Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatı və milli-mənəvi missiyasını daha dolğun və tam şəkildə qoruyub saxlamaqdadır. Prezident İlham Əliyev bir çıxışında qeyd edib ki, biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilməlidir.

Bu gün dövlət tərəfindən həyata keçirilən uğurlu ailə siyasəti, ailə məsələləri, ailələrin rifahının yaxşılaşdırılması istiqamətində imzalanan fərman və sərəncamlar Azərbaycan ailələrinin inkişafına yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın strateji hədəflərində Azərbaycan ailəsini sosial-iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkələrində yaşayan ailələr səviyyəsində görmək istəkləri yer alır. Mənəvi baxımdan isə bu istəklər milli qürur və vətənpərvərlik ideallarına söykənərək möhkəmlənir.

Azərbaycan Respublikasının müstəqil və uğurlu xarici siyasəti fonunda ulu öndərin ideyaları zaman keçdikcə ardıcıl olaraq, reallığa çevrilir. Cəmiyyətin sosial, iqtisadi, milli maraqlara söykənən hərbi-siyasi kursu, hərbi strategiyası daha da möhkəmlənir. Ulu öndərin ideyalarında varislik, ənənələrə bağlılıq, strateji müttəfiqlərlə etibarlı əməkdaşlıq müstəqilliyimizin dönməzliyinə və əbədi olmasına real zəmin yaradır. Prezident-Xalq-Ordu birliyini biz 44 günlük Vətən müharibəsində bir daha gördük. Bu birlik və yüksək vətənpərvərlik qələbənin əldə olunmasına imkan verdi. Ölkə başçımızın ulu öndərin ideyalarından vüsət alan hərbi-diplomatik siyasəti, ərazilərimizin işğaldan azad edilməsini şərtləndirdi. 30 ilə yaxın dövrdə doğma el-obalarının həsrəti ilə yaşayan məcburi köçkünlərimiz, eləcə də bütün xalqımız qələbə sevincinin qürurunu yaşadı. Zəfər bayramının dəyərləri milli iftixar mənbəyinə çevrildi.

Azərbaycan ailəsi vətənpərvər, igid övladlar yetişdirən mühüm təsisat olaraq, daim cəmiyyətin sağlamlığının təminatçısı kimi dövlətimizin inkişafına və daha da güclənməsinə mühüm töhfələr verəcəkdir.

Aynur SOFIYEVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

4 May 2021 04:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə