Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev yolu Azərbaycanı yeni-yeni zəfərlərə aparacaq

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı ulu öndərin adı ilə bağlı olmasın. Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan böyük dövlət xadi­mi 1969-1982-ci illərdə milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində mühüm işlər görüb.

 

Ulu öndər Heydər Əliyev Azərbaycanın taleyinə günəş kimi parlayıb, ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirərək milli lider, qüdrətli dövlət xadimi, xilas­kar kimi bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin təməlini, bünövrəsini qoyub. Bu dahi şəxsiyyət mərdliyi, cəsarəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb. Tanrının xalqımıza bəxş etdiyi bu böyük insanın ömrünün hər anı, hər dəqiqəsi Vətənə, millətə sədaqətlə xidmətin əsl təntənəsi idi. Onun dünyaya gəlişi təkcə Əliyevlər ailəsinə sevinc gətirmişdisə, zehni, ağlı, səmərəli fəaliyyəti Azərbaycan xalqının keşməkeşli yoluna nur saçdı. Ulu öndər dünyaya gəlişi ilə Tanrının ona verdiyi xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə, böyük qətiyyətlə yerinə yetirdi, xalqın sabaha ina­mını bərpa etdi, milləti öz taleyük­lü problemlərinin həlli yönündə fədakarlığa ruhlandırdı. Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çe­virdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı. Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideya­larının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması ulu öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr əsrlər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edərkən, 1990-cı illərin əvvəllərində Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda xilaskarlıq missiyasının həyata keçirilməsi xüsusi vurğu­lanmalıdır. Məhz belə bir zamanda böyük şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı düçar olduğu ağır durumdan xilas etdi. Bu tarixi qayıdış Azərbaycanın müasir tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb olmuşdu. Hakimiyyətin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin böhranı, 1993-sü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldır­ması Azərbaycanın bir dövlət kimi varlığına son qoya bilərdi. Ölkədə səriştəsiz idarəermə nəticəsində bü­tün sahələri böhran bürümüşdü. Bir sözlə ölkənin taleyi, xaosdan xilası, nicatı möcüzədən asılı vəziyyətdə qalmışdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. Ulu öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilas­karlıq missiyasını yerinə yetirməsi parcalanmaq, dağılmaq təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanı xalqa qaytardı. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifələri yazıldı.

Ümummilli liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlam­laşdırılması prosesi başladı. Həmin qarışıq dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənliyi və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Xalq saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və həlledici dövrdə onu qur­tuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin, məhz Heydər Əliyev olduğuna bir daha əmin oldu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ölkədə ordu quruculuğu, torpaqla­rımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bir sözlə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami or­dunun təməli qoyuldu. Ulu öndərin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət qurucu­luğu yolu ilə irəliləyən müstəqil res­publikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyi­nin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.

Bu gün ulu öndərin mema­rı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Res­publikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, ölkəmizin dünya dövlətləri ara­sında nüfuzu artıb. Azərbaycanın qütblər arasında tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dia­loqunun baş tutmasını şərtləndirib.

Azərbaycanın sürətli inkişaf dövrü məhz ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişi ilə başlayıb və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib gəldi və ərazi bütövlüyümüz təmin olundu. İllərdir torpaqla­rının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan indi uca səslə dünyaya bəyan edir ki, “Qarabağ Azərbaycandır!”. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək, işğal olunmuş ərazilərimizdən yağı düşməni qovdu, işğalçı Ermənistan hakimiyyətinə layiq olduğu yeri göstərdi. Bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlı­ğının göstəricisi oldu. Eyni zaman­da, Azərbaycan xalqının qazandığı zəfər ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanla kommunikasiyaların bərpası, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.

Azərbaycanın ərazi bütöv­lüyünün bərpa olunması, işğal­çı Ermənistan hakimiyyətinin təslimçilik aktını imzalaması, Şuşanın azad edilməsi müzəffər Azərbaycan Ordusunun gü­cünün, qüdrətinin dünya hərb salnaməsində xüsusi yer tutma­sına haqq qazandırdı. Xan qızı Natəvanın, dahi Üzeyir bəyin, bənzəri olmayan, əsrarəngiz səsli Bülbülün, Xan Şuşinskinin vətəni olan Şuşanın azad olunması böyük qələbəyə gedən yol oldu.

Əlbəttə, qazanılan hər bir uğu­rumuzun, o cümlədən, möhtəşəm Qarabağ zəfərimizin kökündə, əsasında ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi si­yasi xətt dayanır. Şübhəsiz ki, Heydər Əliyev yolu bundan sonra da müstəqil ölkəmizi yeni-yeni zəfərlərə aparacaq!!!

Pərvin KƏRİMZADƏ,

Milli Məclisin deputatı

4 May 2021 04:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə