Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Filmləri ilə qəlbləri fəth edən istedadlı rejissor

Həbib İsmayılov – 115

 

Mənə elə gəlir ki, “Böyük dayaq” filmində hadisələrin cərəyan etdiyi kənddə böyümüşəm. Bu kəndin adamlarında da, təbiətində də bir doğmalıq var. Mən də kənddə boya-başa çatmışam, kolxozun, təsərrüfatın, torpağın nə demək olduğunu yaxşı bilirəm. Bu filmə baxmaqdan doymuram. Dəfələrlə tamaşa etmişəm və hər dəfə qəlbimə, ruhuma yaxın epizodlarla rastlaşmışam. Elə indi də bu filmə baxanda ruhum təzələnir, uşaqlığımın və gəncliyimin xoş anları gözlərim qarşısında canlanır. Demək istəyirəm ki, haqqında söz açdığım kinorejissor Həbib İsmayılov filmdəki hadisələri o qədər ustalıqla canlandıra bilib ki, bu kənd hamımız üçün, kəndi sevən, onun havası ilə yaşayan bütün insanlar üçün doğmalaşıb.

Mən Həbib müəllimin özünü görməmişdim, onun adı ilə filmlərinin titrlərində rastlaşmışdım. Eşitdiyimə görə, Həbib İsmayılovu təkcə sənətinə görə yox, yüksək insani keyfiyyətlərinə görə də sevir və hörmət bəsləyirdilər.

Həbib Ələkbər oğlu İsmayılov 1906-cı ildə Naxçıvanda doğulmuşdu. Burada orta məktəbi bitirmiş, sonra isə təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunda (İndiki Mədəniyyət və İncəsənət Universiteti) davam etdirmişdi. Moskva Dövlət Teatr Sənəti İnstitutunda isə aktyorluq və rejissorluq sənətinə yiyələnmişdi. 1936-cı ildə Gəncə Teatrında əmək fəaliyyətinə başlayan rejissor bu teatrın bədii rəhbəri olmuşdu. Burada onun quruluşunda Azərbaycan klassiklərindən M.F.Axundovun “Lənkəran xanının vəziri”, C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “1905-ci ildə” pyesləri tamaşaya qoyulmuşdu. Sonralar Mahaçqala və Bakı teatrlarında bədii rəhbər, rejissor və baş rejissor vəzifələrində çalışmışdı.

Həbib İsmayılov Musiqili Komediya Teatrının bədii rəhbəri olmuş, burada Z.Hacıbəyovun “Aşıq Qərib” operasına (1939), B.Aleksandrovun “Molinovkada toy”, S.Rüstəmovun “Beş manatlıq gəlin”(1940) musiqili komediyalarına quruluş vermişdir.

Bu görkəmli rejissor bir sıra sənədli filmlər də çəkmişdi. Onun lentə aldığı sənədli filmlərdə ölkəmizin real həyat faktları öz dolğun əksini tapmışdır. “Naxçıvan”, “Pambıqçılıqda qabaqcıl metodların tətbiqi”, “Cəfər Cabbarlı”, “SSRİ-nin himni “, “Torpaq və onun münbitliyi” və digər filmlər ekran işləri həlli baxımından çox maraqlıdır. O, Dağıstan Muxtar Respublikasının 25 illik yubileyi ilə bağlı sənədli film də çəkmişdir.

İllər ötdükcə, Həbib İsmayılov bədii kinoda da özünü sınamaq qərarına gəlmişdi. Bu elə bir dövr idi ki, Azərbaycan kinosu tədricən dirçəlməyə başlamışdı. 1958-ci ildə o, Anna Yan ilə birgə yazdığı ssenari əsasında ilk bədii filmini – “Ögey ana”nı çəkdi. Ailə-məişət mövzusunda çəkilmiş bu film kino tariximizin dəyərli nümunələrindən biri olmaqla, 60 ilə yaxındır ki, ekranlarımızda sevilə-sevilə baxılır. Bu filmdə hər şey gözəldir: aktyor seçimi də, natura çəkilişləri də, musiqi də. Balaca İsmayıl rolunun ifaçısı Ceyhun Mirzəyevin oyunu isə əsl mənada şedevrdir. Həbib İsmayılovun ən böyük uğurlarından biri də məhz balaca Ceyhunu kəşf etməsi idi. Nəcibə Məlikova, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Fateh Fətullayev, Həqiqət Rzayeva kimi tanınmış aktyorlarla yanaşı, Əzizə Məmmədova, Hacı Murad kimi gənclərin də filmin uğurlu alınmasında xidmətləri olmuşdur.

Rejissor “Böyük dayaq” filminə 1962-ci ildə ekran həyatı vermişdir. Əvvəldə qeyd etdiyimiz kimi, “Böyük dayaq” hər şeydən əvvəl, yüksək səmimiyyətlə çəkilmiş filmdir. Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı romanı əsasında ekranlaşdırdığı bu filmdə Həbib İsmayılov sanki hadisələrin mərkəzindədir. O, hər şeyi müşahidə edir, amma seyirçi kimi qalmır və müəllif ideyalarından doğan həqiqətləri qəhrəmanların dili ilə tamaşaçıya çatdırır. O, ikinci dəfə idi ki, Ələsgər Ələkbərovu öz filmində çəkirdi. Rüstəm kişi böyük aktyorun ifasında olduqca maraqlı və yaddaqalan obrazdır. Filmdə Rüstəm kişi zəhmli ailə başçısı, səriştəli təsərrüfat rəhbəridir. Ancaq rejissor onu ideallaşdırmır. O, səhvlər buraxır, ətrafındakı dələduzlara inanır, nəticədə isə arxadan zərbə alır.

Yenə qayıdıram əvvəlki fikirlərimin üzərinə. Bu film kənddə yaşamış, onun gözəlliklərini dadmış, problemlərindən xəbərdar olan hər kəs üçün əziz və doğmadır.Amma kənd həyatının fonunda insan xarakterləri, münaqişələr, zəngin konfliktlər filmi daha baxımlı etmişdir.

Həbib İsmayılov Azərbaycan kinosunda məhsuldar işləməsə də, kino tariximiz üçün çox dəyərli filmlər yaratmışdır. Onun əməyi yüksək qiymətləndirilmş, “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Rejissor Həbib İsmayılov 31 dekabr 1966-cı ildə vəfat etmişdir. Onun xatirəsi xalqımızın qəlbində filmləri kimi əbədi yaşayacaqdır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

2 May 2021 05:27 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə