Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İslam irsimizi tanıyaq”

 

Mədəniyyət Nazirliyi müqəddəs Ramazan ayında “İslam irsimizi tanıyaq” layihəsinə start verib.

 

Layihə çərçivəsində İslam mədəniyyəti abidələri (İslam memarlığının nümunələri olan məscidlər, türbələr, xanəgahlar, karvansaralar və s.) barədə videoçarxların hazırlanması, nazirliyin rəsmi saytı, sosial media hesab­ları və kütləvi informasiya vasitələrində yayımlanması nəzərdə tutulur.Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, layihə çərçivəsində hazır­lanan ilk videoçarx Gəncə şəhərindəki İmamzadə ziyarətgah kompleksinə həsr olunub.

Qeyd edək ki, İmamzadə ziyarətgahı Gəncə şəhərinin təqribən 7 kilometrliyində, Gəncə Dövlət Tarix- Mədəniyyət Qoruğu ərazisində yerləşir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvan­sara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, onun ətrafına daş və kərpicdən hasar çəkilmişdir. Kompleksin içərisində xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan türbə yerləşir. Ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilən türbədə beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Müxtəlif vaxtlarda dağın­tılara məruz qalan İmamzadə ziyarətgahı 1946-cı ildən İmamzadə piri kimi fəaliyyət göstərib. Sonrakı vaxtlarda, xüsusilə, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə tarixi abidə kimi burada təmir-bərpa işləri aparılıb. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub. Dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.

Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksə də xüsusi diqqət göstərib. Dövlət başçısının müvafiq sərəncamları ilə 2010–2015-ci illərdə burada təmir-bərpa işləri aparılıb, insanların inam və inanc yeri kimi üz tutduğu məbəd gözəl görkəm alıb.

Məlumat üçün bildiri­rik ki, Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabr ayında “Xristian irsimizi tanıyaq” layihəsi təqdim edilib və layihənin birinci mərhələsi artıq başa çatıb. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

2 May 2021 05:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə