Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi kimi 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşmiş və mahiyyətcə yeni xarakter kəsb etmişdir. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunmuş, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilmişdir. 
 

Respublika Prezidenti tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması,  elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş vermişdir. 
Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artmış, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilmişdir.  
Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə etmişdir. Nəticədə 2017-ci il və 2018-ci ilin ilk 4 ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilmiş və qeydə alınması üçün “Doing Business” komandasına təqdim olunmuşdur. 
Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunmuşdur.   
Ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən islahatlar öz növbəsində “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan vermişdir. Belə ki, 2018-ci il 31 oktyabr tarixində Dünya Bankı tərəfindən yayımlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövlətləri siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. 
Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. 
Hesabata əsasən ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edilmişdir. 
Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunmuşdur. 
Bütövlükdə, “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınmışdır. 
Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilmişdir.
“Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin etmişdir.” (“DOING BUSINESS 2019” - Training for Reform”, World Bank Group, page 13.).
Bu uğurlar Azərbaycan ­Respublikasının ­Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərməkdədir. 
Qeyd etmək lazımdır ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. 
“Doing Buisness” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad olunan əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda (“Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” 
və s.) baza rolunu oynayır.  

 

“Xalq qəzeti”

31 Oktyabr 2018 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə