Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya alimləri əczaçılığın müasir problemlərini Bakıda müzakirə ediblər

XX əsri Azərbaycan əczaçılığının inkişafında intibah dövrü hesab etmək olar. Çünki bu yüzillikdə Azərbaycanda əczaçılıq sahəsində ali təhsilin bünövrəsi qoyulub. Bu barədə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli “Əczaçılığın müasir problemləri” mövzusunda V Beynəlxalq Elmi Konqresin açılış mərasimindəki çıxışında bildirib.

 

Rektor xatırladıb ki, məhz 1938-ci ildə ölkəmizdə Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil olunub: İftixarla qeyd etməliyəm ki, keçmiş SSRİ - nin türkdilli respubli­kaları, həm də qonşu Türkiyə və İranla müqayisədə ali əczaçılıq təhsili üzrə ilk qurum məhz Azərbaycanda yaranıb və sonradan müharibənin başlaması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Tibb Universiteti əczaçılıq fakültəsinə çevrilib”.

Professor qeyd edib ki, respublikamızda əczaçılıqla məşğul olan mütəxəssislərin, demək olar, hamısı ATU -nun əczaçılıq fakültəsinin yetirmələridir. İndiyədək bu fakültənin 6 mindən artıq məzunu olub və onlar, əsasən, müalicə-profilaktika müəssisələrində işləyirlər. Bu fakültə respublikamızla yanaşı, digər ölkələr üçün də ali təhsilli əczaçılar və elmi pedaqoji kadrlar hazırlayıb. Fakültə ölkəmizdə bu sahədə yeganə elmi tədqiqat mərkəzinə çevrilib. Elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün Əczaçılıq kim­yası kafedrasının nəzdində müasir əczaçılıq laboratoriyası qurulub.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev son əsrdə Azərbaycanda əczaçılığın inkişa­fından danışıb və qeyd edib ki, bu inkişafda, əczaçı kadrların hazırlanmasında yubileyi qeyd olunan fakültənin böyük rolu olub. Əgər 100 il əvvəl Azərbaycanda cəmi 50 aptek var idisə, indi onların sayı 2900 -a çatıb. Topdansatış müəssisələrinin sayı 100 -dən çoxdur. Yeni əczaçılıq müəssisələri də yaradılır. Əgər 1998- ci ildə Azərbaycanda yalnız bir dərman istehsalı şirkəti var idisə, indi onların sayı dəfələrlə çoxdur. Hətta xarici ölkələrdən ölkəmizə dərman istehsalı sahəsində investisiya qoymaq istəyən şirkətlərin də sayı artır. O qeyd edib ki, bu gün Səhiyyə Nazirliyi istehsalçıdan isteh­lakçıya kimi dərman vasitələrinin keyfiyyətinə və effektivliyinə nəzarəti həyata keçirir. Bu istiqamətdə işlər daim təkmilləşdirilir. ATU -da son illər aparılan islahatlar əczaçılıq təhsilinin gələcək inkişafına müsbət təsir göstərəcək.

ATU -nun əczaçılıq kimyası kafedrasının müdiri, Azərbaycan Əczaçılar Assosiasi­yasının sədri Tahir Süleymanov ölkəmizdə bu sahənin tarixindən danışıb. Qeyd edib ki, zəngin təbii şəfaverici faktorlara və Şərq təbabəti təcrübəsinə əsaslanan Azərbaycan əczaçılığı dərin qədim köklərə malikdir. Hələ Qafqaz Albaniyası dövründə hazırlanmış məlhəmlərin və cövhərlərin Roma imperiyasına xaric edilməsinə dair saziş də bağlanmışdı. T.Süleymanov 1850 -ci ildə ölkəmizdə ilk dəfə olaraq Bankə qəsəbəsində aptek yaradıldığını xatırladıb. T.Süleymanov əczaçılığın keçdiyi inkişaf mərhələlərindən də söz açıb.

“Əczaçılığın müasir problemləri” mövzusun­da keçirilən konqresdə əczaçılıq elminin bütün sahələri, eləcə də yeni dərman vasitələrinin yaradılması istiqamətində aparılan elmi-tədqiqat işləri, həmçinin də praktik əczaçılığın maraq dairəsində olan problemli məsələlər müzakirəyə çıxarılıb. Türkiyənin Lokman Həkim Universitetinin rektoru, professor Bülent Gümüşel , AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direk­toru, akademik Dilqəm Tağıyev, Özbəkistanın S.Y. Yunusov adına Təbii Maddələrin Kimyası İnstitutunun direktoru, professor Şamansur Saqdullayev, Fransanın Marsel Universitetinin əczaçılıq fakültəsi, farmakoqnoziya və etno­farmakologiya kafedrasının müdiri, professor Evelyne Ollivier, Kiprin Yaxın Şərq Universiteti Səhiyyə Elmləri İnstitutunun müdiri, profes­sor K.Hüsnü Can Başer, Tbilisi Dövlət Tibb Universiteti, əczaçılıq fakültəsinin dekanı Ana Chincharadze, ABŞ-ın Cənubi Florida Universi­teti, əczaçılıq fakültəsi, dekan müavini, pro­fessor Yashmant Pathak, Təbriz Tibb Elmləri Universiteti kliniki farmakologiya kafedrasının müdiri, doktor Haleh Rezaee və digər iştirakçı­lar müxtəlif mövzularda məruzələr ediblər.

Konqresdə dərman vasitələrinin stan­dartlaşdırılması və keyfiyyətinə nəzarət, yeni dərman maddələrinin sintezi, əczaçılıq sənayesi məhsulları və istehsalın sertifikat­laşdırılması kimi mövzular müzakirə olunub. Tədbirdə əczaçılıq sahəsində dövlət siyasətini həyata keçirən qurumlar, özəl sektorun nümayəndələri, tədqiqatçılar, tədrislə məşğul olan professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

28 Aprel 2021 04:26 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə