Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun evdə müalicəsində diqqət edilməli məqamlar

Son vaxtlar yenə virusa yoluxub ağırlaşmış halda xəstəxanalara yerləşdirilənlərin sayı artıb. Evdə müalicə alanların isə sayı-hesabı bilin­mir. Çünki onların bəziləri qeydə alınaraq yüngül simptomlarla müalicə olunur. Bir çoxları isə koronavirusun əlamətlərini hiss etdiklərinə baxma­yaraq, həm evdə müalicə alır, həm də insanlar arasına çıxıb digərlərini yoluxdururdular. Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə test nəticəsi pozitiv çıxanların hansı hallarda evdə müalicə olunmalarının mümkünlüyünə aydınlıq gətirib:

 

– Öncə onu deyək ki, PZR testi (polimeraz zəncir reaksiyası) pozitiv olan şəxslər 2 həftə müddətində ev şəraitində özlərini təcrid etməlidirlər. Bununla onlar ətrafda olan insanları virusa yoluxdurmur, eyni zamanda, xəstəlik inkişaf edərsə, onun ağırlaşmasının qarşısı alınır. Xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdır. Testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir. Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, xəstəliyin ağırlıq dərəcəsi və digər şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən və yanaşı xəstəliklərdən asılı olaraq müalicə müddəti azala və ya arta bilər. Amma, orta hesabla müalicə müddəti 2 həftədir. Ağırlaşmış xəstələrdə isə bu müddət uzana – 2 aya və daha çox çəkə bilər. Xəstəliyi yüngül keçirənlərə 10-14 gün müddətində yalnız tərkibi vitaminlər və minerallarla zəngin olan polivitaminlər təyin edilir. Xəstəliyi yüngül və orta ağır keçirən şəxslər isə gün ərzində bol maye qəbul etməli, kifayət qədər vitamin və zülalla zəngin qidalar qəbul etməlidirlər. Xəstəliyi ağır keçirən şəxslərə daimi olaraq həkim nəzarəti, laborator müayinələr və oksigenə ehtiyacı olduğu üçün stasionar müalicə zəruri hesab edilir.

Onu da qeyd etmək yerinə düşər ki, evdə müalicə prinsiplərinə elə riayət olunmalıdır ki, sonradan xəstə ağırlaşıb xəstəxanaya düşməsin. Amma evdə qalmağın da öz problemləri var. Ailə daxilində təcrid olunmaq o qədər də asan olmur. Əgər evdə COVID – 19-a yoluxmamış şəxslər varsa, onları qorumaq üçün çox diqqətli olmaq lazımdır. Belə ki, evdə digər ailə üzvlərini qorumaq məqsədilə yoluxan şəxs ayrı otaqda yerləşdirilməlidir. Ailə üzvləri hamısı maska taxmalı, yoluxmuş şəxslə kontaktda olmamalı, otaqların havası tez - tez dəyişdirilməli, ümumi istifadədə olan mətbəx və sanitar qovşağı gündəlik dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir. Xəstə olan evdə ailə üzvlərinin hamısı qeyd edilən tədbirlərlə kifayətlənməməli, bununla yanaşı, immun sistemin zəifləməsinin qarşısını almaq məqsədilə özlərini soyuqdan qorumalı, kifayət qədər vitaminli və zülalla zəngin qidalar qəbul etməlidirlər.

Təəssüf ki, test nəticəsi pozitiv çıxan kimi vətəndaşlarımız müxtəlif qruplardan olan antibiotiklərin qəbuluna başlayırlar. Bəzi hallarda isə zərurət olmadan ilkin olaraq evdə nə zamansa alınan ehtiyat antibiotiklərdən istifadə edilir. Onu bilmək lazımdır ki, hər xəstəyə antibiotik təyin edilmir. Ümumiyyətlə, xəstəyə həkim müayinəsindən sonra məsləhət olarsa, antibiotik təyin edilməlidir. Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərin antibiotik qəbul etməsi yolverilməzdir. Xəstəliyi orta ağır keçirənlərə isə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməlidir. Antibiotiklərin düzgün seçimi üçün antibiotikoqramma aparılmalıdır. Bu preparatların gündəlik dozası, təyin olunma müddəti mütləq həkim tərəfindən müəyyən edilməlidir. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda, xəstələr uzun müddət bu dərmanları qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur.

Evdə müalicədə ən çox hansı səhvlər edilir? Bəzən xəstələr ağırlaşmış halda xəstəxanaya çatdırılır. Xəstələr niyə ağırlaşır? Əvvəla, onu qeyd edək ki, test nəticəsi pozitiv çıxan şəxslər evdə özlərini özbaşına müalicə etməzdən öncə yaşadığı ərazidə yerləşən poliklinika həkimlərinə müraciət etməlidir. Xəstələrin böyük əksəriyyəti bu gün şablon reseptlərdən istifadə edir, xəstəlikdən sağalan digər şəxslərin istifadə etdikləri dərmanları qəbul edirlər. Həkimə müraciət etmədən, ev şəraitində özbaşına, ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və s. dərmanlar qəbul edirlər. Bir çox hallarda insanlar ehtiyac olmadığı halda günlərlə vena daxili infuziyalardan istifadə edirlər. Nəticədə bədən yüklənir, xəstəliyin gedişi ev şəraitində ağırlaşır, xəstəxanaya köçürülməyə ehtiyac yaranır. İnsanların əksəriyyəti çox zaman elə düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Qeyd edim ki, dərmanlar həkim tərəfindən təyin ediləndə, dərmanların göstəriş və əks-göstərişləri, əlavə təsirləri, bunlardan öncə isə xəstənin yanaşı xəstəliklərinin olması mütləq nəzərə alınır.

Bəzi hallarda xəstələr həkimlərə yox, tibb bacılarına müraciət edirlər. Tibb bacıları xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmadan müxtəlif preparatları xəstələrə vururlar ki, bu da ağırlaşmalara səbəb olur. Bir nüansa da diqqət yetirmək lazımdır ki, bu gün apteklərdə müxtəlif antiviral preparatlar satılır. İnsanlar bəzən 3-4 antiviral preparat alıb qəbul edirlər. Hətta COVID–19 infeksiyasına yoluxmayan insanlar belə bu dərmanları alıb qəbul edirlər ki, bu da sonradan müxtəlif fəsadlara yol açır.

COVID-19 infeksiyası dünyada yayılmağa başlayan gündən bir sıra antiviral preparatlar tətbiq edilməyə başladı. Amma zaman keçdikdə klinik laborator nəticələr təhlil edildikdən sonra həmin preparatlar müalicədən çıxarıldı. Buna görə də istənilən dərmanı qəbul etməzdən öncə mütəxəssislə, heç olmazsa, sahə həkimi ilə məsləhətləşmək lazımdır. Ötən il infeksiyaya təsir edən dərmanlar bu gün yeni mutasiyalara qarşı yararlı və təsirli deyil.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

25 Aprel 2021 05:09 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə