Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli dəyərə çevrilmiş böyük ziyalı

Milli mətbuatımızın fədakar tədqiqatçısı, görkəmli publisist, peşəkar jurnalist təhsilinin təşkilatçılarından biri, uzun illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, kafedra müdiri, fəxri professoru vəzifələrində işləmiş Şirməmməd Hüseynov jurnalistlərin bir neçə nəslinin sevimli müəllimi, parlaq örnəyi və qürur mənbəyi olmuşdur.
Ölkəmizdə yeni media siyasəti ilə bağlı ciddi debatların getdiyi hazırkı dönəmdə mətbuatımızın inkişafında danılmaz izlər qoymuş professor Şirməmməd Hüseynovun zəngin elmi və pedaqoji irsindən, şəxsi məziyyətlərindən söz açmağa ehtiyac hiss olunur. Böyük ustada dərin hörmət və ehtiramımızı ifadə edən bu qeydlər də məhz bu məramla yazılmışdır.
Əvvəla qeyd etmək lazımdır ki, Bakı Dövlət Universitetinin auditoriyalarında Şirməmməd müəllimin olduqca maraqlı mühazirələrini dinləmək səadəti mənə nəsib olmuşdur. Zərrə qədər mübaliğəyə yol vermədən deməliyəm ki, onun dərslərinə diqqət kəsilən zaman professorun özünəməxsus fikir və düşüncələrinə hər birimiz heyran qalardıq.
Professorun dilindən səslənən hər sözünün, arzu və diləyinin yalnız bir məramı vardı. O, nə deyirdisə, nə edirdisə, yalnız millətinin halal haqqını, şərəfini qorumaq naminə edirdi. Əqidəsi, şəxsi kredosu bəlli idi. O, Azərbaycanı layiq olduğu ucalıqda görməyi arzulayırdı!
Heç kimə sirr deyil ki, Şirməmməd müəllim tələbələrin nəzərində haqqın, ədalətin ayaqda qalması, nahaqqın qarşısında yenilməməsi üçün əlindən gələni etmişdir. Dekan işlədiyi illər ərzində onun tələbələrin yaxın dostu olması, “əzazil” müəllimlərdən zəhləsi getməsi, onları görən gözünün olmaması barədə az qala əfsanələr dolaşırdı.
Tələbə sayına görə kifayət qədər “yığcam” sayılan jurnalistika fakültəsi Şirməmməd müəllimin sayəsində o illərdə yenilikçi ruhun, halallığın, səmimi tələbə-müəllim dostluğunun nümunəsi sayılırdı və hətta universitetin digər fakültələrinin tələbələri tərəfindən qibtə ilə qarşılanırdı. Dekan fakültənin hörmətini, sanbalını daim yüksəltməyə çalışır və buna həqiqətən nail ola bilirdi. Professor Hüseynov bu fakültənin haqlı olaraq brendinə, ləyaqət rəmzinə çevrilmişdi.
Şirməmməd müəllim uzun onillər boyu milli mətbuatımızın tədqiqatı ilə məşğul olub. Hətta ömrünün ahıl yaşlarında belə bu işi böyük həvəslə davam etdirməsi ətrafdakıların dərin rəğbətinə səbəb olurdu. Bu məsələdə onu Qulam Məmmədli kimi görkəmli tədqiqatçı ilə müqayisə edirlər.
Professor Şirməmməd Hüseynov tariximizin unudulmaz illəri olan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində görkəmli publisist, yazıçı və ictimai xadimlərin zəngin həyat və yaradıcılıq irsini toplayaraq cild-cild kitablar hazırlamış və onları sonrakı nəsillərə miras qoymuşdur. Onun milli mücadilə tariximizdə xüsusi yeri olan Məhəmməd Əmin Rəsulzadə barədə tədqiqatları böyük elmi dəyərə malikdir və parlaq fədakarlıq nümunəsidir.
Fikrimcə, Şirməmməd müəllimin ən böyük stixiyası parlaq mühazirələr oxuması idi. Kaş siz onun universitet auditoriyalarında XX əsrin əvvəllərində neft Bakısında cərəyan edən kəskin sinfi, dini və milli mücadilədə millət mücahidlərindən necə qürur hissi ilə söz açdığını eşidib-görəydiniz. Bu zaman o, böyük həvəslə özəl fikir və düşüncələrini tələbələrlə bölüşür və nəsillər arasında qırılmaz “körpü” saldığının fərqinə vararaq bundan zövq alırdı.
O, böyük Mirzə Fətəli Axundovlara, Həsən bəy Zərdabilərə, Cəlil Məmmədquluzadələrə, Üzeyir bəy Hacıbəyovlara, Məhəmməd Əmin Rəsulzadələrə, Əli bəy Hüseynzadələrə, Əhməd bəy Ağayevlərə və başqa bu düha və mütəfəkkirlərə sahib olan xalqının yenidən milli istiqlalına qovuşaraq öz gələcəyini sərbəst quracağına sonsuz inam bəsləyirdi. Fikrimcə, professorun gücü, qüvvəsi, cəsarət və prinsipiallığı məhz bu inamdan qaynaqlanırdı.
1970-ci illərdə dahi siyasətçi Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanda əhali arasında milli ruh, azad düşüncə və milli təəssübkeşlik hissi digər müsəlman respublikaları ilə müqayisədə daha yüksək idi. Bu əhvali-ruhiyyə Şirməmməd müəllimin yaxın çevrəsində, bütövlükə Bakı Dövlət Universitetinin müəllim və tələbələri arasıında xüsusilə güclü idi.
Şirməmməd Hüseynov təkcə Azərbaycanda deyil, hətta keçmiş İttifaq miqyasında da jurnalistikanın dərin bilicilərindən, korifeylərindən biri sayılırdı. Bir vaxtlar aspiranturasında əyani təhsil aldığı və burada elmi işini böyük uğurla müdafiə etdiyi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində onun adını dərin hörmətlə çəkir, elmi məqalələrinə istinad etməyi özlərinə borc bilirdilər.
Yadımdadır, 1977-ci ilin fevralında tədris ilinin ikinci semestrinin yenicə başladığı günlərin birində professor Ş.Hüseynov bu dünya şöhrətli təhsil ocağının jurnalistika fakültəsinin auditoriyasında “Beynəlxalq fəhlə və kommunist mətbuatının inkişaf tendensiyaları” mövzusunda məruzə ilə çıxış edirdi. Fakültənin tələbələri ilə yanaşı, demək olar ki, bütün müəllim-professor heyəti də “bakılı professoru” dinləməyə gəlmişdi.
Həmin gün mühazirə zamanı Şirməmməd müəllimin dilindən səslənən orijinal fikir və təkliflər “əyalətlərdə pedaqoqların elmi səviyyəsinin nisbətən aşağı olması” ilə bağlı kluarlarda gəzən söz-söhbətləri sadəcə alt-üst etmişdi. Mən o zaman təhsilimi artıq MDU-da davam etdirirdim. Cəmi bir il əvvəl Bakıda mənə dərs deyən sevimli müəllimimin MDU-da necə böyük nüfuz sahibi olduğunun şahidi olanda, təbii ki, sonsuz qürur hissi keçirirdim.
1982-ci il noyabr ayının əvvəllərində Moskva Dövlət Universitetində dissertant kimi imtahan verirdim. Həmin günlərdə Leonid İliç Brejnev vəfat etmiş və Yuri Vladimiroviç Andropov yenicə Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi seçilmişdi. Siyasi Büronun yeni baş katibin sədrliyi ilə keçirilən ilk iclasında dahi siyasətçi Heydər Əliyevin bu ali qurumun həqiqi üzvü seçilməsi barədə xəbər ildırım sürəti ilə bütün ölkəyə və dünyaya yayılmışdı.
Səhərisi gün fakültəyə gələndə “Partiya mətbuatı tarixi” kafedrasının müdiri professor Dastyuk məni görüb hörmətlə yanına çağırdı, əyləşməyimi təklif edib dedi ki, dünən hörmətli Heydər Əliyevin büro üzvü seçilməsi ilə əlaqədar xəbəri eşidən kimi Bakıya zəng edərək, dostu, professor Şirməmməd Hüseynovu təbrik edib və ondan bu yüksək təyinatın bütün ölkə üçün çox faydalı olacağı barədə cavab eşidəndə çox sevinib.
Həqiqətən, cəmi bir neçə aydan sonra “ayıq-sayıq” paytaxt sakinləri Kremldə axşam saat 18-dən sonra yalnız Heydər Əliyevin kabinetində işıq yandığını açıq şəkildə söyləyir və onun ölkəni bürüməkdə olan böhrandan çıxarmaq üçün tükənməz enerji ilə çalışdığını dilə gətirirdilər. Təəssüf ki, dahi siyasətçinin parlaq şəxsiyyəti Kremlin özündə bir çoxlarında qısqanclıq hissi doğururdu.
Prezident İlham Əliyev 2013-cü il noyabrın 23-də “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimindəki çıxışında həmin tədbirdə iştirak edən professor Şirməmməd Hüseynova müraciətlə demişdir: “...Azərbaycan xalqı xüsusilə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə yüksək qiymət verir”. Dövlətimizin başçısı professorun Azərbaycan Televiziyasındakı siyasi icmalçı kimi çıxışlarını xatırladığını bildirmiş, onun bu sahədəki fəaliyyətini yüksək dəyərləndirmişdir.
Yeri gəlmişkən, hörmətli professorun dövlətimiz və xalqımız qarşısındakı böyük xidmətləri hələ sağlığında layiqincə dəyərləndirilmişdir. O, ölkəmizdəki bir çox nüfuzlu mükafatlara, o cümlədən Yusif Məmmədəliyev (1992-ci il) və Məhəmməd Əmin Rəsulzadə adına mükafatlara (1998-ci il) layiq görülmüşdür. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur.
Şirməmməd müəllim xalqının sevincinə sevinən, qəminə, kədərinə həssaslıq göstərən əsl ziyalı, vətənpərvər bir insan idi. İlk baxışda bəzən sərt, ciddi təsir bağışlasa da, əslində, çox sadə, ünsiyyətcil idi. O, hər kəsə, xüsusilə keçmiş tələbələrinə qarşı çox mehriban və əlçatan idi. Hörmətli müəllimimizin həyat və siyasət, xalqımızın gələcəyi ilə bağlı söhbətlərini, öyüd və nəsihətlərini dinləmək insana böyük zövq verirdi.
Həyatda iki böyük arzusu vardı. Birinci arzusu Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin canlı şahidi olmaq idi. Uca Tanrı bu xoşbəxtliyi sevimli müəllimimizə nəsib etdi. Professorun ikinci böyük arzusu erməni işğalı altında olan Dağlıq Qarabağı azad görmək idi. Təəssüf ki, 44 günlük Vətən savaşında xalqımızın möhtəşəm Qələbəsini görməyi ömür ona vəfa etmədi.
Burada bir məqamı da qeyd etməyi vacib sayıram. O da budur ki, Şirməmməd müəllim sivil, demokratik, eyni zamanda, böyük hərbi və “yumşaq güc”ə sahib olan Türkiyənin liderliyi ilə bütün türk xalqlarının birlikdə bəşəriyyətə yeni, daha yüksək sivilizasiya bəxş edəcəyinə bütün qəlbi ilə inanırdı və bunu çox arzulayırdı. Onun bu arzusu da çin olmaqdadır.
Professor Şirməmməd Hüseynov milli mətbuatımızın ağır və şərəfli yükünü öz çiyinlərində şərəflə çəkənlərə, özünün təbirincə desək “bu yolda can qoyan böyük kişilərə” heç bir siyasi konyukturadan çəkinmədən onların layiq olduqları dəyəri hər zaman verməyi bacaran əsl ziyalı idi. Bu gün artıq o, özü qədirbilən xalqının milli dəyərinə çevrilmişdir.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”,
Əməkdar mədəniyyət işçisi

25 Aprel 2021 05:04 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə