Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun qarşısını yalnız kütləvi peyvəndləmə ilə almaq olar

“Tibb üzrə tədqiqat aparan alimlər hələ də öz fikirlərində qalırlar ki, yeni növ koronavirusa qarşı effektiv bir vasitə, antiviral preparat yoxdur. Belə situasiyada təbii ki, vaksinasiya önəmlidir. Ancaq vaksinasiya o vaxt effektiv olacaq ki, əhalinin böyük əksəriyyətini əhatə etsin. Ümumdünya Səhiyyə Təşkilatı belə bir rəqəmi açıqlamır. Sadəcə olaraq, ayrı - ayrı mütəxəssislər həmin infeksiyanın yayılma sürətini əsas götürərək, əvvəllər əhalinin 60-70 faizinin, yoluxuculuğu daha yüksək olan Britaniya ştammının peyda olmasından sonra isə əhalinin 80 faizinin peyvənd vurdurmasından və onlarda immuncavab formalaşdıqdan sonra effekt görməyin mümkünlüyünü qeyd edirlər”. Bu fikirləri Elmi – Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb üzrə elmlər doktoru Gülnaz Dadaşova bildirdi. Həmsöhbətim Azərbaycanda təxminən 16 milyon dozaya qədər peyvənd vurulmalı olduğunu diqqətə çatdırdı:
– Bir şəxsin iki dəfə peyvənd olunacağını nəzərə alsaq, əhalinin 80 faizinin vaksinlənməsi üçün məhz bu qədər peyvənd lazımdır. Ölkəmizdə indiyədək 1 milyon 400 minə yaxın doza vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı isə 900 minə yaxındır. 500 minə qədər insan hər iki dozanı qəbul etsə də, bu kifayət deyil. Proses daha sürətlə aparılır. İlk günlərlə müqayisədə peyvənd olunanların gündəlik sayında artım var. Bu, əhali arasında aparılan maarifləndirmə işinin nəticəsidir. Son günlər insanlar etibar edərək peyvəndlənməyə könüllü qoşulurlar. Peyvəndin yoluxma sürətini dayandırması və ya azaltması yalnız böyük kütlənin hər iki dozanı qəbul etməsindən sonra mümkün ola bilər. Bu göstəriciyə hələ çatmamışıq. Ona görə də pandemiyanın əvvəllərindən dönə - dönə qeyd edilən standart qorunma vasitələrinə əməl olunmalıdır.
Peyvənd olunmuş şəxs bilməlidir ki, ikinci dozanı vurdurduqdan bir müddət sonra onun qanında qoruyucu antitellər əmələ gəlir. Bu müddət fərqlidir, iki həftə də, ondan uzun vaxt da ola bilər. İkincisi, immun sistemi fərdi reaksiya verir. Yaşlılarda immun sistemi zəif olduğuna görə, immunitetin əmələ gəlməsi gecikə bilər. Onu da bilməliyik ki, peyvənd bizi 100 faiz qorumur. Elə insanlar var ki, peyvənd olunsalar belə, bu həssaslıq saxlanılır. Belə bir ehtimal var ki, mutasiya olunmuş variantlar qandakı anticisimlərdən yayına bilərlər. Ona görə də hər kəsin öz həyatını pandemiyanın əvvəllərindən deyildiyi kimi, maska geyinmək, gigiyena qaydalarına əməl etmək, məsafə saxlamaqla davam etdirməsi tövsiyə olunur. Peyvənd olunsaq da, hər ehtimala qarşı deyilənlərə əməl etməyimiz məsləhət görülür. Belə olan halda bir tərəfdən peyvəndin yaratdığı immunitet, digər yandan isə qorunma tədbirləri yoluxmanı minimallaşdırmağa səbəb ola bilər. Heç kəs arxayınlaşmamalıdır. O zaman rahat olacağıq ki, yoluxma hallarının sayı kəskin azalacaq və epidemik proses qırılacaq. Bunun üçün əhalinin böyük əksəriyyəti peyvənd olunmalıdır. Bariz nümunə kimi İsraili misal çəkmək olar.
Gülnaz Dadaşova bəzi insanların virusa yoluxduqlarından, amma bunu hiss etmədikləri hallardan da söz açdı:
– Oksford Universitetinin alimləri bildirirlər ki, hazırda virusa yoluxmayan insanların azı 20 faizi son yarım ildə özləri də bilmədən koronavirusu keçiriblər. Bunu peyvənddən öncə antitel analizi verib, qanlarında koronaya qarşı anticisim olduğunu görən insanların çoxluğu göstərir. Lakin çox insan bundan xəbərsizdir. Ona görə bəziləri antitel analizi verdikdə, onların virusu keçirdikləri üzə çıxır.
Universitetin alimləri bəzi əlamətlərə görə insanın koronavirusa yoluxduğunu bilməyin mümkün olduğunu açıqlayıblar. Belə ki, sonradan antitel analizi verib nəticəsi müsbət çıxan insanlar aşağıdakı simptomları keçirdiklərini, lakin bunun koronadan olduğunu bilmədiklərini etiraf ediblər.
Həkim virusa yoluxmamaq üçün bir sıra tövsiyələr verməyi də unutmadı:
– Peyvənd olunduqdan sonra “xəstəliyə tutulmaram” - deyib, qapalı məkanlara maskasız getməyin. Vaksin vurdurandan sonra da eyni qayda ilə qorunmaq, qapalı məkanlara tibbi maska ilə getmək lazımdır. Heç kəs unutmasın ki, peyvənd olunmaq “xəstəliyə tutulmayacağam” demək deyil. İnsan bu halda xəstəliyi yalnız yüngül və asimptomatik formada keçirir. Son zamanlar xəstəliyin daha ağır formada keçirilməsi hallarına da rast gəlinir. Ağır xəstələrin sayının çoxalmasının əsas səbəbi evdə aparılan qeyri - düzgün, kortəbii müalicədir. “Bir az soyuqlamışam” – deyərək, həkimə gec müraciət etmək, ehtiyatda olan antibiotiklərlə immun sistemini zəiflətmək və s. xəstəliyin ağır keçməsinə səbəb olur. Erkən diaqnostika tez sağalma deməkdir. Yas yerləri, qonaqlıq və digər tədbirlərə müvəqqəti getməyin. Özünüzü, ailənizi və ətrafınızı qoruyun!
 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

24 Aprel 2021 05:02 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə