Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib

Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

 DSX-dan "Xalq qəzeti"nə verilən məlumata görə, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.  

Hadisə ilə bağlı, Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına  müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş ediblər. 

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib. 

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnuxu kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səslən­diriblər.  

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir.

22 Aprel 2021 12:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə