Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yunanıstan bəzi səyahət məhdudiyyətlərini yüngülləşdirir

Yunanıstan hökumətinin rəsmisi ölkəsinin gələn ay turizm xidmətlərini açmağa hazırlaşdığını, bu zaman ABŞ və bir sıra digər ölkələrdən gələn səyahətçilər üçün karantin məhdudiyyətlərini ləğv etdiyini bildirib. Bu barədə paytaxt Afinadakı mənbələrə istinadən “Amerikanın səsi” radiosu məlumat yayıb.

 

Lakin hökumətin bu addımı birmənalı qarşılanmayıb. Belə ki, COVID-19 pandemiyası hələ də ölkə daxilində davam edir və ABŞ-ın bəzi bölgələrində yoluxma halları daha da yüksəlir. Belə olan halda tənqidçilər Yunanıstan hökumətinin “tələskənliyindən” narahat olduqlarını dilə gətiriblər.

Xatırladaq ki, Yunanıstan yeni tədbirləri bu il aprelin 18-də elan edib. Beləliklə, ABŞ, Britaniya və Avropa İttifaqı ölkələrindən olan səyahətçilərə 2020-ci ilin martından bəri qlobal pandemiyanın gətirdiyi beynəlxalq səyahət qadağalarından sonra ilk dəfə Yunanıstanı ziyarət etməyə icazə verilir.

Bu addım Yunanıstanı yay mövsümü ərəfəsində sərhədlərini turistlərə yenidən açan ilk Avropa məkanlarından birinə çevirir. Bu, ölkənin səyahət bazarının böyük bir hissəsini təmin etmək, zərbə alan turizm sənayesini inkişaf etdirmək üçün ölkənin təşəbbüsdə bulunduğu vacib bir başlanğıcdır.

Ancaq 11 milyon əhalisinin yalnız 10 faizindən bir qədər çoxunun vaksinasiya olunduğu və ölkədə hələ də davam edən pandemiya olduğu halda mütəxəssislər və siyasi müxalifətin təmsilçiləri hökuməti ölkənin səhiyyə komissiyasının xəbərdarlıqlarına məhəl qoymamaqda günahlandırırlar. Hökumət sözçüsü Aristoteliya Peloni isə məmurların ehtiyatsız davranması ilə bağlı ittihamları rədd edib.

Hökumətin gündəlik brifinqində jurnalistlərə danışan Peloni bildirib ki, COVID-19 ilə bağlı qayda və məhdudiyyətlərin yaradılmasına ölkədəki pandemiyaya nəzarət edən sağlamlıq komissiyası deyil, Yunanıstan hökumətinin administrasiyası qərar verir. M.HACIXANLI, “Xalq qəzeti” 

22 Aprel 2021 04:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə